RU

Millinin baş məşqçisi: “Dünya çempionu olan idmançılarımız xarakter göstərdilər”

Yunanıstanın Katerini şəhərində keçirilmiş çimərlik güləşi üzrə U-17 dünya çempionatında qızıl medal qazanan Azərbaycan təmsilçiləri əzmkarlıq və xarakter göstəriblər.

Bu barədə “Report”a millinin baş məşqçisi Oyan Nəzəriani açıqlama verib.

Mütəxəssis yarışın çox önəmli olduğunu bildirib: “Növbəti il Seneqalda yeniyetmələrin Yay Olimpiya Oyunları keçiriləcək. Bu, həmin turnirdən əvvəl bir sınaq idi. Yunanıstanda 26 ölkədən 170-dən çox idmançı mübarizə aparırdı. Azərbaycanın ilk dəfə qız təmsilçiləri də çimərlik güləşində çıxış etdilər. Turnir üçün elə yaş qrupları seçmişdik ki, onlar yeniyetmələrin olimpiadasına da qatıla bilsinlər. Builki dünya çempionatındakı yaş qrupundan bir yaş aşağı idmançıları aparmışdıq. Bu turnir onlar üçün bir sınaq oldu”.

Baş məşqçi idmançıların çıxışı ilə bağlı da danışıb: “Qızıl medal qazanan güləşçilərimiz əzmkarlıq və xarakter göstərdilər. Çimərlik güləşində dörd çəkidə oğlanlar, dörd çəkidə qızlar mübarizə aparır. Səkkiz qızıl mükafatdan ikisinin Azərbaycana gəlməsi yaxşı nəticədir. Amma həmişə daha yaxşı nailiyyətlər istəyirik. Ümid edirik ki, növbəti il keçiriləcək yeniyetmələrin olimpiadasında ölkəmizi layiqincə təmsil edəcəyik. Bu dəfə yer tuta bilməyən digər idmançılarımız da medalın bir addımlığında idilər. Cüzi səhvlər ucbatından mükafatçılar sırasına düşə bilmədilər”.

Qeyd edək ki, U-17 dünya çempionatında Ülviyyə Musayeva (55 kq) ilə Nihad Süleymanlı (80 kq) qızıl medal qazanıblar. Elgün Kərimli (90 kq) bürünc mükafatla kifayətlənib.

İdman.biz

Избранный
26
1
idman.biz

2Источники