Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində ilk dəfə robot-assistentli laparoskopik əməliyyat uğurla gerçəkləşdirildi. Bununla ölkə səhiyyəsində böyük gələcəyi olan tibbi mərhələnin əsası qoyuldu.
Çin Xalq Respublikasının “Kangduo” şirkətində hazırlanmış robotik cihaz Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində quraşdırılıb. Əməliyyatdan əvvəl “Kangduo” şirkətinin Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssisləri tibbi personala, o cümlədən həkimlərə xüsusi təlim keçiblər.
İlk olaraq seçilmiş robot-assistentli histerektomiya əməliyyatının ilkin mərhələlərini Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, davamını isə Milli Onkologiya Mərkəzinin ixtisaslı həkimləri uğurla icra ediblər.
Ölkə onkoloqlarının mənimsədikləri yeniliklə tanışlıqdan sonra səhiyyə naziri Teymur Musayev bildirdi:
– Milli Onkologiya Mərkəzində səhiyyəmizdə növbəti ilkə imza atılıb. Müasir cərrahiyyənin zirvəsi olan robotik cərrahiyyə üsulunun artıq Azərbaycanda tətbiq edilməsi çox əlamətdar hadisədir. Bu gün yüksək standartlara cavab verən əməliyyatxanada ən müasir avadanlıqla icra olunan bir əməliyyat prosesinin şahidi olduq. Robotik cərrahiyyə müasir tibbin ən yüksək texnologiya tətbiq edilən bir sahəsidir. Təbii ki, bu sahədə milli kadrların hazırlanması böyük əhəmiyyət kəsb edir. Biz əminik ki, Milli Onkologiya Mərkəzi artıq bu sahədə mütəxəssis hazırlığı ocağına çevriləcək. Bu üsulun mərhələli şəkildə digər tibb müəssisələrində də tətbiqi nəzərdə tutulur.
Nazir əlavə etdi ki, bu gün pasiyent üzərində icra edilən əməliyyatı izləmək onun üçün xüsusi əhəmiyyət kəsb edir:
– Mən özüm də ixtisasca uroloqam. Robotik cərrahiyyə baxımından müxtəlif təkmilləşdirmə kurslarında da iştirak etmişəm. Bu gün pasiyent üzərində icra olunan əməliyyat radikal prostatektomiyadır. Bu metodun tətbiqi ilə belə bir əməliyyatın həyata keçirilməsi ən az travmatik və orqan qoruyucu üsul hesab olunur. Pasiyentlər bu əməliyyatdan sonra normal həyata çox tez qayıda bilirlər. Bu, səhiyyəmiz üçün çox qürurverici hadisə və fərəh hissi yaradan məsələdir. Çox yaxşı haldır ki, radikal prostatektomiya əməliyyatlarında da robotik cərrahiyyə üsulunun tətbiqinə başlanılıb. Əməliyyatı icra edən bütün komanda yüksək ixtisaslı mütəxəssislərdir və onlar müvafiq hazırlıq kursu keçiblər.
Qeyd edək ki, hazırda müasir robotik cərrahiyyə texnologiyaları sahəsində dünyanın müxtəlif ölkələrindən aparıcı mütəxəssislər vahid komandada birləşərək onlayn rejimdə real əməliyyatlar həyata keçirirlər. Bu, xəstəyə minlərlə kilometr uzaqdan belə anında və yüksək dəqiqliklə təcili yardım göstərmək imkanı yaradır.
Kritik vəziyyətdə olan pasiyent indi yaşadığı şəhərin və ya ölkənin imkanlarından asılı deyil, o, beynəlxalq səviyyəli həkimlərin bilik və təcrübəsinə robotlar vasitəsilə dərhal çıxış əldə edə bilər. Bu, tibbin gələcəyi deyil, bu günün reallığıdır. Milli Onkologiya Mərkəzində robot-assistentli cərrahiyyənin inkişafı istiqamətində əlavə təlimlərin keçirilməsi və ginekologiya, urologiya, abdominal cərrahiyyə və koloproktologiya şöbələrində yeni əməliyyatların həyata keçirilməsi planlaşdırılır.
Ləman TƏHMƏZ
XQ