Türkiyənin Rəqabət Şurası İsveç musiqi xidməti "Spotify" haqqında yerli "Rəqabətin Qorunması haqqında" 4054 saylı qanunun pozulması şübhəsi ilə bağlı araşdırmaya başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə tənzimləyici qurumun saytında məlumat dərc edilib.
Qeyd olunub ki, "Spotify"ın mahnıların pleylistlərə əlavə edilməsi, reytinq və tövsiyələr alqoritmlərində müəllif hüquqları sahiblərinə qarşı ayrı-seçkilik edib-etmədiyi araşdırılacaq.
"Təhqiqat həmçinin "Spotify"ın Türkiyədəki abunə qiymətlərinin rəqiblərin və ya musiqi hüquqları sahiblərinin bazarda fəaliyyətini çətinləşdirəcək dərəcədə aşağı olub-olmadığını müəyyən edəcək", - deyə bəyanatda əlavə edilib.