RU

"Avropada yeni eskalasiya: NATO sınaq qarşısındadır" - "Deutsche Welle"

"Hava limanlarına dron hücumları və rus hərbi təyyarələrinin təhlükəli manevrləri Alyansın sabitliyini sınayır..."
 
Son günlər Skandinaviya və Baltik regionunda təhlükəsizlik vəziyyəti daha da kəskinləşib. Dronlar səbəbindən ard-arda bağlanan hava limanları, Rusiya hərbi təyyarəsinin NATO gəmisinin üzərindən təhlükəli şəkildə uçması və hava məkanının pozulması halları Avropada yeni eskalasiya dalğası yaradıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Danimarkada dron təhlükəsi
 
24 sentyabr gecəsi Danimarkanın şimalındakı ölkənin Hərbi Hava Qüvvələrinin istifadə etdiyi bazalardan biri olan Olborq hava limanı dronların aşkar olunması səbəbindən bağlanıb. Ardınca eyni vəziyyət Esbyerq, Sonderborq və Skridstrup aviabazalarında da qeydə alınıb. Burada həm F-16 qırıcılarının texniki xidmət işləri aparılır, həm də ABŞ-dan gətirilən hərbi texnikanın daşınması üçün yaradılmış müvəqqəti şəhərcik mövcuddur.
 
Polis bildirir ki, bir neçə dron müşahidə olunub, lakin onların mənşəyi və məqsədi hələlik məlum deyil. Dronlar işıqlarını yandırılmış halda uçduqları üçün yer səthindən aydın görünüb. Hadisə nəticəsində SAS, Norwegian və KLM şirkətlərinə məxsus bir neçə reys ləğv edilib, bəzi təyyarələr Kopenhagenə və Karupa yönləndirilib.
 
Baş nazir Mette Frederiksen bu hücumları Danimarkanın kritik infrastrukturuna "indiyədək ən ciddi zərbə" adlandırıb və ehtimal olunan Rusiyanın izinə işarə edib: "Bu, hansı dövrdə yaşadığımızı və cəmiyyət olaraq nəyə hazır olmalı olduğumuzu göstərir. Mən Rusiyanın bu məsələdən kənarda olduğunu deyə bilmərəm".
 
NATO-nun sərt mövqeyi
 
Hadisələr yalnız Danimarka ilə məhdudlaşmayıb. Həftə ərzində Norveçin Oslo şəhərində də oxşar dron həyəcanı yaşanıb. NATO-nun açıqlamasında qeyd olunub ki, Finlandiya, Latviya, Litva və Rumıniya da yaxın vaxtlarda hava məkanının Rusiya tərəfindən pozulması ilə üzləşib. Alyans açıq mesaj verib: "Rusiya bu hərəkətlərinə görə tam məsuliyyət daşıyır. NATO bütün lazımi hərbi və qeyri-hərbi vasitələrdən istifadə etməyə hazırdır".
 
Baltik dənizində təhlükəli uçuş
 
Gərginliyi artıran digər hadisə isə Baltik dənizində qeydə alınıb. Almaniya müdafiə naziri Boris Pistorius bəyan edib ki, Rusiya hərbi təyyarəsi Almaniya donanmasına məxsus freqatın üzərindən təhlükəli dərəcədə alçaqdan uçub. Nazir bunu Polşa və Estoniyanın hava məkanının pozulması ilə müqayisə edib: 
 
"Putin NATO-nu təhrik etmək, onun zəif nöqtələrini üzə çıxarmaq və bundan istifadə etmək istəyir. Amma o, səhv hesablayır". Pistoriusun sözlərinə görə, bu hadisələr Avropanın öz müdafiəsinə daha çox məsuliyyətlə yanaşmasını tələb edir. Almaniya ordusunun sayı 460 minə çatdırılmalı, lazım gəldikdə könüllü xidmətlə yanaşı məcburi çağırış da tətbiq oluna bilər.
 
Rusiyanın məqsədi və Alyansın dilemması
 
Son həftələrdə 19 rus dronunun Polşanın hava məkanına daxil olması, rus qırıcılarının isə Estoniya üzərində 12 dəqiqə qalması NATO daxilində ciddi narahatlıq yaradıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş admiralı Ceyms Stavridisin sözlərinə görə, Moskva Alyansın reaksiyasını ölçmək və gələcək təzyiqlər üçün zəif nöqtələri müəyyənləşdirmək istəyir.
 
Hazırkı vəziyyət göstərir ki, Avropa ölkələri hava məkanı və dənizdə təxribatlarla üz-üzədir. Bu isə NATO üçün sınaq olmaqla yanaşı, qitənin təhlükəsizlik arxitekturasının davamlılığını da sorğulayan əsas çağırışa çevrilir.
 
Избранный
11
moderator.az

1Источники