RU

Paşinyan keçmişi hədəf aldı: Qütbləşmə artır - ÖZƏL

"Nikol Paşinyanın sabiq prezidentlərə ünvanladığı ittihamlar Ermənistanın siyasi gündəmini silkələyəcək addım kimi qiymətləndirilə bilər. O, təkcə şəxsləri deyil, bütövlükdə keçmiş siyasi sistemi legitimlikdən məhrum etməyə çalışır". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib: 

"Paşinyanın debat çağırışı cəmiyyət qarşısında özünə inam nümayişi kimi görünür. Bu, həm də onun populist ritorikasının davamıdır və seçicilərə "keçmişlə mənim aramda seçim edin" mesajıdır. Sabiq prezidentlər isə belə bir debat meydanına çıxmaqdan çəkinə bilərlər, çünki onlar üçün bu, imic riskləri yaradır. Əgər qarşılıqlı müzakirə baş tutarsa, Ermənistan siyasətində çox sərt toqquşmalar müşahidə olunacaq. Bu, daxili siyasi qütbləşməni daha da dərinləşdirə bilər. Paşinyan üçün əsas hədəf odur ki, keçmiş elita ilə özünü kəskin şəkildə fərqləndirsin. Regional siyasət baxımından bu ritorika çox ciddi mesajlar daşıyır. Çünki o, Qarabağ məsələsindəki məğlubiyyətin məsuliyyətini əvvəlkilərin üzərinə atır. Beləliklə, öz mövqeyini "mən günahkar deyiləm" yanaşması üzərində qurur. Ermənistan cəmiyyətində müharibə sonrası travma hələ də canlıdır. Bu travmadan siyasi üstünlük qazanmaq üçün Paşinyan keçmişi hədəfə alır. Regional aktorlar üçün bu, Ermənistanda uzunmüddətli sabitliyin çətin olacağını göstərir. Xüsusən də, Qarabağ məsələsinin artıq faktiki olaraq gündəmdən çıxarılmasına çalışsa da, o, daxildə məsuliyyəti başqalarının üzərinə yükləməklə mövqeyini möhkəmləndirmək istəyir. Keçmiş elitanın cavabı sərt olarsa, bu, yeni siyasi qarşıdurma mərhələsinə yol aça bilər. Qarabağla bağlı isə əsas təsir budur ki, Paşinyan bu mövzunu daxili hesablaşmalar üçün vasitəyə çevirib. Nəticədə, Ermənistanın regional siyasətində davamlı və ardıcıl xəttin formalaşması getdikcə daha da çətinləşir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
olaylar.az

1Источники