RU

Prezident BMT-də yüksək səviyyəli görüşlər keçirdi

Dövlət başçısı ilə ABŞ lideri arasında səmimi dialoq oldu, dünyaya sülh mesajları verildi 

Məlum olduğu kimi, sentyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yollanıblar.  

Prezidentin BMT sessiyası çərçivəsində keçirdiyi görüşlər həm regional sülh gündəliyinə, həm də qlobal maliyyə və enerji əməkdaşlığına dair müzakirələri əhatə edib.  

Səfərin diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla səmimi söhbəti olub. Bu dialoq Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ üçün mühüm siqnal hesab oluna bilər. Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə həmin görüşün qısa videosunu paylaşaraq iki liderin açıq və qarşılıqlı hörmət şəraitində fikir mübadiləsi apardığını nümayiş etdirib. 

Prezident

Prezident İlham Əliyev Nyu-Yorkda Finlandiya Prezidenti Aleksandr Stubbla da görüşüb. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi və Vaşinqtonda əldə olunan nəticələr ön plana çəkilib. Finlandiya Prezidenti Azərbaycanın sülh istiqamətində atdığı addımları təqdir edərək ölkəsinin regionda sabitliyi dəstəklədiyini vurğulayıb. İlham Əliyev isə xatırladıb ki, məhz Finlandiyanın ATƏT-ə sədrliyi dövründə Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilmişdi. Bu fakt regionda yeni reallıqların formalaşmasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Həmçinin Azərbaycan və Avropa İttifaqı münasibətləri barədə fikir mübadiləsi aparılıb. 

İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə də görüşərək ikitərəfli münasibətlər və enerji əməkdaşlığı perspektivlərini müzakirə edib. 

Ölkə başçısı həmçinin Keniya Prezidenti Uilyam Samoei Ruto ilə də görüşüb. Söhbət zamanı dövlət başçıları Azərbaycanla Keniya arasında münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər. Azərbaycanın Keniyada səfirliyinin açılmasının əlaqələrimizin inkişafına təkan verdiyi qeyd olunub. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün hökumət rəsmilərindən ibarət nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələsinə toxunulub. Bu xüsusda enerji, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. 

Prezident İlham Əliyevin Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü də diqqət çəkib. Burada əsas müzakirə mövzusu Ermənistanla Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinin əhəmiyyəti idi. Hər iki tərəf bu sənədin davamlı sülhün təmin olunmasına xidmət etdiyini qeyd edib. Alen Berse Avropa Şurasının da regional sülh təşəbbüslərini dəstəklədiyini bəyan edib. 

Azərbaycan Prezidenti BMT Baş katibi Antonio Quterreş tərəfindən də isti qarşılanıb. Bu görüş BMT Baş Assambleyasının yüksək səviyyəli müzakirələri çərçivəsində baş tutub. Azərbaycan lideri təşkilatın qlobal sülh və təhlükəsizlik məsələlərində oynadığı rolu vurğulayıb, regional proseslər barədə məlumat verib. 

Səfərin bir hissəsini dünyanın aparıcı maliyyə şirkətləri ilə keçirilən görüşlər təşkil edib. Prezident İlham Əliyev "Brookfield Asset Management"in baş icraçı direktoru Brüs Flətt, "Neuberger Berman" şirkətinin rəhbəri Corc Volker və "Blackstone" şirkətinin prezidenti Conatan Qreylə ayrı-ayrılıqda danışıqlar aparıb. Qeyd eədk ki, "Brookfield Asset Management" - daşınmaz əmlak, infrastruktur və bərpaolunan enerji sahəsində dünyanın ən iri idarəedici şirkətlərindən biridir. İdarəetməsindəki kapitalın həcmi 549 milyard ABŞ dollarına çatır. Azərbaycanın alternativ enerji zonalarının inkişafında bu şirkətlə əməkdaşlıq xüsusi əhəmiyyət daşıya bilər. 

"Neuberger Berman" isə kapital bazarları və alternativ investisiyalar üzrə ixtisaslaşmış qlobal şirkətdir. İdarəetməsindəki aktivlərin həcmi 538 milyard ABŞ dollarıdır. Şirkət Azərbaycanın maliyyə bazarlarının şaxələndirilməsinə dəstək vermək potensialına malikdir. 

"Blackstone" xüsusi kapital və alternativ aktivlərin idarə olunması sahəsində dünyanın ən böyük şirkətlərindən biridir. Onların diqqət mərkəzi infrastruktur, enerji və texnologiya sektorlarıdır. Azərbaycanın azad edilmiş ərazilərinin bərpası baxımından bu şirkətlə əməkdaşlıq yeni imkanlar aça bilər. 

Beləliklə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsindəki səfəri həm siyasi, həm iqtisadi, həm də diplomatik baxımdan əhəmiyyətli olub. Bir tərəfdən regional sülh gündəliyi və Ermənistanla münasibətlərin normallaşması beynəlxalq müzakirələrin mərkəzində yer alıb, digər tərəfdən isə aparıcı qlobal maliyyə qurumları ilə əməkdaşlıq imkanları genişləndirilib. 

Bu səfər Azərbaycanın beynəlxalq gündəmdə artan rolunun, regionda formalaşan yeni reallıqların və ölkənin iqtisadi cəlbediciliyinin təsdiqi kimi qiymətləndirilə bilər. 

Azər

Azər Niftiyev 

Siyasi şərhçi Azər Niftiyev qeyd edib ki, Azərbaycan artıq özünü təkcə enerji resursları ilə deyil, həm də dayanıqlı iqtisadi inkişaf modeli, regional və qlobal sabitlikdə oynadığı aparıcı rol, beynəlxalq siyasi nüfuz və təşəbbüskar mövqeyi ilə təqdim edir: "Dünyanın ən iri maliyyə nəhəngləri ilə keçirilən görüşlər ölkəmizin iqtisadi sabitliyinin, artan nüfuzunun və maliyyə mərkəzləri üçün etibarlı tərəfdaş qismində qəbul edilməsinin parlaq təzahürüdür. BMT Baş Assambleyası çərçivəsində keçirilən digər görüşlərin də məhz qarşı tərəfin müraciəti ilə baş tutması Azərbaycan Prezidentinin beynəlxalq miqyasda nüfuzunun hansı həddə yüksəldiyini bir daha təsdiq edir. Dünənədək BMT tribunasında ədalət axtaran Azərbaycan bu gün həmin tribunadan sülh və əməkdaşlıq çağırışları edən, öz mövqeyini dünyaya diktə edən dövlət statusunu qazanıb. Bu, həm tarixi ədalətin bərpası, həm də Azərbaycanın siyasi iradəsinin və milli gücünün nümayişkaranə şəkildə təntənəsidir".   (musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
33
1
olaylar.az

10Источники