RU

Azərbaycan–İran: qonşuluqdan güc alan əməkdaşlıq

İki ölkə arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbərlərinin qarşılıqlı siyasi iradəsi nəticəsində əməkdaşlıq təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, eyni zamanda, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün strateji əməkdaşlıq modelinə çevrilir. Xüsusilə nəqliyyat, logistika, energetika və ticarət sahələrində həyata keçirilən birgə layihələr bu əlaqələrin praktik və real nəticələr doğurduğunu sübut edir.

İkitərəfli əməkdaşlığın nəticələrindən biri Araz çayı üzərində inşa edilən Ağbənd–Kəlalə körpüsüdür. İranın Azərbaycandakı səfiri Möctəba Dəmirçilunun bildirdiyinə görə, tikinti işlərinin 63 faizi tamamlanıb və körpünün cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Dəmir yolu sektorunda 52 kilometrlik marşrutun İran ərazisində yerləşməsi ilə bağlı məsləhətləşmələr isə davam edir.

Bu, Naxçıvanla Azərbaycanın materik hissəsi arasında birbaşa və təhlükəsiz quru əlaqəsinin qurulmasına imkan verəcək. Həm də o, Avropa, Şərqi və Orta Asiya, eləcə də Qara dəniz istiqamətlərində ən təhlükəsiz və qısa tranzit yollarından birinə çevriləcək. Nəticədə, Naxçıvanın uzun illər davam edən blokadadan çıxışı asanlaşacaq, yük və sərnişin daşımalarının həcmi artacaq və regionda iqtisadi fəallığı ciddi şəkildə stimullaşacaq. İran tərəfi bu təşəbbüsə paralel olaraq Culfaya doğru avtomobil yolunun genişləndirilməsi istiqamətində işlər aparır. Sözügedən yolun inşası, o cümlədən planlaşdırılan bir neçə tunelin tikintisi İranın daxili vəsaiti hesabına həyata keçirilir. Bu da regionun inkişafına göstərilən diqqətin və Azərbaycana olan etimadın göstəricisidir. Körpü və yol infrastrukturu layihələri yalnız texniki əhəmiyyət kəsb etmir, eyni zamanda, Azərbaycan–İran dostluğunun, qarşılıqlı etimad və strateji tərəfdaşlığın simvolu hesab olunur.

Əlaqələrin genişlənməsi kontekstində sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası və nəqliyyat axınının yenidən təşkili də önəmli addımlardandır. Qeyd edək ki, 2025-ci il sentyabrın 18-də səfir Möctəba Dəmirçilunun Ərdəbilə səfəri çərçivəsində bu mövzular əsas müzakirə predmeti olub. Ərdəbil əyalətinin rəsmiləri ilə aparılan danışıqlarda sərhədlərin yenidən açılması, sərhəd bazarlarının yaradılması, dəmiryolu xətlərinin inkişafı və müştərək iqtisadi zonaların təsisi məsələləri ön plana çıxıb. Səfirin açıqlamasına görə, bu təşəbbüslər prezidentlər səviyyəsində əldə olunmuş razılaşmalara əsaslanır və Ərdəbilin bu əməkdaşlıqda daha fəal rol alması gözlənilir.

Onu da qeyd edək ki, sərhəd daşımalarının bərpası və sərhəddən keçid üçün əlverişli şəraitin yaradılması təkcə texniki məsələ deyil, həm də siyasi, iqtisadi və humanitar sahələrə birbaşa təsir göstərən amildir. Bu istiqamətdə atılan addımlar iki ölkə vətəndaşlarının rifahına xidmət edir və münasibətlərin normallaşmasına şərait yaradır. Göründüyü kimi, körpünün və yolun tikintisi ilə birlikdə sərhəd bazarlarının yaradılması da müzakirə mövzusudur. Belə bazarlar sərhədyanı bölgələrdə yaşayan əhali üçün yeni ticarət imkanları yaradacaq, kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək və məşğulluğun artmasına səbəb olacaq. Həmçinin yerli istehsalçılar öz məhsullarını qonşu ölkənin bazarına çıxarmaqla kənd təsərrüfatı və sənətkarlıq sahələrinin inkişafını stimullaşdıracaqlar. Eyni zamanda, sərhəd bazarlarının fəaliyyəti və sərhəd keçidlərinin yenidən açılması xalqlar arasında qarşılıqlı etimadın və birbaşa təmasların sayının artmasına səbəb olacaq, regionda uzunmüddətli sabitliyə və humanitar əlaqələrin inkişafına zəmin yaradacaq. Bu mənada sərhəd əməkdaşlığının canlandırılması yalnız Azərbaycan və İran üçün deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi və rifahı baxımından strateji əhəmiyyət kəsb edir.

***

Ümumiyyətlə, İran və Azərbaycanın sərhədyanı bölgələrində həyata keçirilən infrastruktur layihələri Cənubi Qafqazda davamlı əməkdaşlığın formalaşmasına xidmət edir. Bu təşəbbüslər çərçivəsində İran öz tranzit imkanlarını genişləndirərək Azərbaycan vasitəsilə beynəlxalq bazarlara daha asan çıxış əldə edir, Azərbaycan isə regionda nəqliyyat-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir. Bu məqsədlə tərəflər ticarət dövriyyəsinin artırılması üçün konkret niyyət ortaya qoyublar və hazırda iki əsas nəqliyyat xətti – Zəngəzur dəhlizi və Şimal–Cənub marşrutu üzrə əməkdaşlıq həyata keçirilir. Ticarət, sənaye, kənd təsərrüfatı, energetika və digər sahələrdə icra olunan birgə layihələr diplomatik münasibətləri daha da gücləndirir. Bu marşrutlar həm yük daşımalarının təşkilində, həm də tranzit imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Eyni zamanda, əməkdaşlıq nəqliyyat koridorlarının effektivliyini artırmaqla yanaşı, bölgədə daha geniş iqtisadi inteqrasiyaya şərait yaradır.

Səfir Möctəba Dəmirçilu, həmçinin bildirib ki, İran–Azərbaycan münasibətləri təkcə nəqliyyat və infrastruktur sahələri ilə məhdudlaşmır. Bu əlaqələr daha geniş spektri əhatə edir və iqtisadi əməkdaşlıq istiqamətində yeni imkanlar yaradır. Xüsusilə körpünün tikildiyi həmin ərazinin yaxınlığında yerləşən “Qız Qalası” və “Xudafərin” su elektrik stansiyalarının hər iki ölkə üçün strateji əhəmiyyəti var. Onların istismara verilməsi kənd təsərrüfatı və sənaye üçün xüsusilə vacibdir. Bundan başqa, hər iki layihə Bakı və Tehran arasında enerji əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımdır. Bu layihələr təkcə su ehtiyatı deyil, həm də enerji istehsalı baxımından strateji xarakter daşıyır. İran və Azərbaycan ənənəvi olaraq elektrik enerjisi mübadiləsində əməkdaşlıq edirlər ki, bu da mövsümi tələbat dalğalanmalarını effektiv idarə etməyə imkan verir. Belə mübadilələr enerji şəbəkələrinin sabit işləməsini, xüsusən də pik istehlak dövrlərində fasiləsiz elektrik təchizatını təmin edir. Məsələn, 2024-cü ilin ilk doqquz ayında İran Azərbaycanın Naxçıvan Muxtar Respublikasına 26,8 milyon, Azərbaycan isə İrana 27,9 milyon kVt-saat elektrik enerjisi ötürüb. Səfirin sözlərinə görə, hər iki ölkə qarşılıqlı ticarət əlaqələrini genişləndirmək, mövcud potensialdan tam istifadə etmək niyyətindədir. Bu barədə baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, mövcud razılaşmalar nəticəsində ticarət dövriyyəsinin illik həcmi 650 milyon dollardan 1 milyard dollara çatdırıla bilər. Bank sektorundakı məhdudiyyətlərin aradan qaldırılması, Bakı–Tehran və Bakı–Təbriz aviareyslərinin artırılması, həmçinin neft-qaz, neft-kimya və ticarət sahələrində əməkdaşlıq uğurlu perspektivdən xəbər verir.

Mövzu ilə bağlı XQ-yə danışan politoloq İlqar Hüseynli bildirdi ki, İran–Azərbaycan əlaqələrinin bugünkü inkişaf mərhələsi konkret layihələr və real nəticələr əsasında formalaşan çoxşaxəli əməkdaşlıq modelinə çevrilib: “Sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası, nəqliyyat dəhlizlərinin yaradılması, sərhəd bazarlarının açılması və ticarət dövriyyəsinin artırılması bu münasibətlərin strateji gələcəyini müəyyənləşdirən əsas istiqamətlərdəndir. Xüsusilə Naxçıvanla Azərbaycanın materik hissəsinin birləşdirilməsi istiqamətində atılan addımlar bölgədə yaşayan əhalinin sosial rifahına, iqtisadi fəallığın artmasına və ümumilikdə regionun dayanıqlı inkişafına əhəmiyyətli töhfə verir. Bu əməkdaşlıq formatı, gələcəkdə daha geniş regional inteqrasiya və çoxtərəfli əməkdaşlıq təşəbbüsləri üçün etibarlı zəmin yaradır.

Bütün bu faktlar bir daha göstərir ki, Azərbaycan və İran arasında həyata keçirilən layihələr və aparılan danışıqlar təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Cənubi Qafqazda davamlı əməkdaşlıq, təhlükəsizlik və rifahın təmin olunmasına yönəlib. Konkret iqtisadi və sosial nəticələr doğuran əməkdaşlıq modelinə çevrilib”.

Pünhan ƏFƏNDİYEV
XQ

Избранный
14
1
xalqqazeti.az

2Источники