RU

Azərbaycan MDB Oyunlarına hazırdır

İdman paytaxtına çevrilən Bakıda ən nüfuzlu beynəlxalq yarışların təşkili Azərbaycana böyük imic qazandırıb.  "Bakı-2015" ilk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, XV Avropa Gənclər Olimpiya Festivalının, "Formula-1" yarışlarının, futbol üzrə Avropa Çempionatının final mərhələsinin 4 qarşılaşmasının, UEFA Avropa Liqasının finalının və müxtəlif idman növləri üzrə təşkil olunan dünya və qitə birinciliklərinin Azərbaycana həvalə edilməsi son illər ölkəmizdə bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir.

Azərbaycan beynəlxalq miqyasda dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna da sahiblənib. Hazırda isə idman ölkəsi daha bir nüfuzlu yarışı III MDB Oyunlarını keçirməyə hazırlaşır.  

Xatırladaq ki, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Ötən il iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyev "III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Sərəncam imzalayıb.

Sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti 6, Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.

Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə keçiriləcək. Yarışlarda ümumilikdə 1694 medal (505 qızıl, 505 gümüş, 684 bürünc) uğrunda mübarizə gedəcək. Bundan əlavə, qalib komandaların uğuruna ən çox töhfə verən idmançıların da xüsusi mükafatlarla təltif edilməsi nəzərdə tutulub. Yarışlar Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.

Sevindirici haldır ki, bu gün Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Hər il müxtəlif nüfuzlu beynəlxalq yarışların Azərbaycanda keçirilməsi və atletlərimizin turnirlərdə qazandığı yüksək nəticələr ölkəmizə dünyada böyük imic qazandırıb.  Son 10 ilə nəzər yetirdikdə isə ən böyük idman hadisələrindən biri, sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi idi. Ölkəmiz 2 il davam etdirilən yüksəksəviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, "köhnə qitə"nin idman tarixinə möhürünü vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi.

Nümunəvi və qüsursuz təşkilatçılığı, möhtəşəm açılış və bağlanış mərasimləri ilə yadda qalan I Avropa Oyunları keçirildiyi günlərdə (12-28 iyun) dünyanın əsas idman hadisəsinə çevrildi. 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandığı 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu.

2017-ci il mayın 12-22-də isə Azərbaycan daha bir nüfuzlu tədbirə - sayca IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdi. Həmin ərəfədə milyonlarla insanın qəlbi Azərbaycanda döyündü. İslamiadanın ölkəmizdə keçirilməsi haqqında qərarın qəbul edilməsi bir daha göstərdi ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. Eyni zamanda bu hadisə Azərbaycanda həyata keçirilən idman siyasətinin uğurlarından xəbər verirdi. Yarış günlərində paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. 54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla 162 medal qazanaraq 1-ci yeri tutdular.

Göründüyü kimi, Azərbaycan idmançıları qazandıqları nəticələri təkrar etmək, tutduqları mövqeyi qoruyub saxlamaq və yaxşılaşdırmaq uğrunda gərgin mübarizə aparırlar. Müxtəlif irimiqyaslı yarışlarda idmançılarımızın qələbələri və yeni gənc idmançılar nəslinin aşkar olunan potensial imkanları ölkəmizin qarşıdakı nüfuzlu yarışlarda yüksək nəticələr göstərərək, əvvəlki mövqelərini daha da yaxşılaşdıracağına inam yaradır.

Elçin CƏFƏROV,

"Azərbaycan"

Избранный
12
azerbaijan-news.az

1Источники