RU

Məktəblərdə zorakılıq halları artmaqdadır AKTUAL

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şagird hüquqları tapdalanır, direktorlar “məktəbin sahibi” kimi davranır

Problemin kökü direktorların, müavinlərin və yerli təhsil strukturlarının məsuliyyətsizliyindədir

Məktəblərdə şagirdlərin təhlükəsizliyi və onların psixoloji rifahı hər zaman ən həssas mövzulardan biridir. Təhsil müəssisələri təkcə bilik verən deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, özünü rahat və güvəndə hiss etdiyi məkan olmalıdır. Təəssüf ki, bəzi hallarda müəllim və ya işçilərin məsuliyyətsiz davranışları bu prinsiplərə zidd hallar yaradır. Lənkəran rayonunun Zövlə kənd tam orta ümumtəhsil məktəbində baş verən son hadisə də bunun bariz nümunəsidir. Burada məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısının şagirdə və məktəbin xadiməsinə qarşı fiziki zorakılıq tətbiq etməsi barədə iddialar ictimaiyyətin diqqətinə səbəb olub. Hadisə ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi araşdırma apararaq müvafiq qərar qəbul edib: 

"Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, 17 aprel 2025-ci il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib. Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür". 

Mövzunu şərh edən təhsil eksperti Kamran Əsədov Sherg.az-a bildirib ki, məktəb cəmiyyətin ən həssas sahəsidir və burada baş verən hər bir neqativ hal bütövlükdə təhsil sisteminə kölgə salır: 

"Təhlil göstərir ki, direktor və direktor müavinlərinin, eləcə də regional və rayon təhsil strukturlarının nəzarətsizliyi və məsuliyyətsizliyi məktəb mühitini korlayır, şagirdlərin və valideynlərin təhsilə olan inamını sarsıdır. Məktəbdə zorakılıq, təzyiq və qeyri-peşəkar idarəetmə hallarının davam etməsi bir tərəfdən hüquqi-normativ bazanın zəif tətbiqi ilə, digər tərəfdən isə nəzarət mexanizmlərinin formal xarakter daşıması ilə bağlıdır.

Statistikaya görə, Azərbaycanda 4500-dən çox ümumi təhsil məktəbi fəaliyyət göstərir və burada 1,6 milyon şagird oxuyur. Elm və Təhsil Nazirliyinin 2024-cü ilə dair məlumatında qeyd olunur ki, direktor və müavinlər daxil olmaqla 200-dən çox rəhbər heyət üzvü müxtəlif pozuntulara görə işdən azad edilib. Lakin bu, real vəziyyəti tam əks etdirmir, çünki çox vaxt araşdırmalar yalnız ictimailəşən hallardan sonra aparılır. Bu isə onu göstərir ki, rayon və regional təhsil idarələri gündəlik nəzarət mexanizmlərini lazımi səviyyədə işə sala bilmir. Əksinə, bəzi hallarda onların biganəliyi və ya şəxsi maraqları məktəb mühitini daha da korlayır. Qanunvericiliyə əsasən, “Təhsil haqqında” Qanunun 19-cu maddəsində təhsilalanların fiziki və psixoloji sağlamlığının qorunması dövlətin əsas vəzifəsi kimi təsdiqlənib. “Uşaq hüquqları haqqında” Qanunun 9-cu maddəsində uşaqların zorakılıqdan müdafiəsi dövlətin vəzifəsi kimi müəyyən olunub. “Əmək Məcəlləsi”nin 70-ci maddəsi isə əmək funksiyalarını kobud şəkildə pozan şəxslə müqaviləyə xitam verilməsini nəzərdə tutur. Lakin bu müddəalar praktikada çox vaxt ya gec, ya da qismən tətbiq olunur. Regional və rayon təhsil strukturlarının məsuliyyətsizliyi nəticəsində qanunun icrası zəifləyir və nəticədə zorakılıq hallarının qarşısı vaxtında alınmır. Müsbət tərəfi ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi son illərdə şəffaflıq xəttini gücləndirib. Nazirlik ictimaiyyətə açıq hesabatlar verir, zorakılıq faktları aşkarlananda dərhal intizam tədbirləri görür və işdən azadetmələr həyata keçirir. Bu, beynəlxalq təcrübə ilə müqayisədə mühüm addımdır, çünki bir çox ölkələrdə bu hallar yalnız daxili araşdırmalardan sonra üzə çıxır. Nazirliyin sərt və prinsipial mövqeyi tərifəlayiqdir və göstərir ki, mərkəzi qurum problemin aradan qaldırılmasına çalışır. Mənfi tərəfi isə odur ki, məktəblərin gündəlik həyatında əsas məsuliyyət daşıyan direktor və müavinlər özlərini çox zaman “məktəbin sahibi” kimi aparır, şagirdlərlə münasibətdə zorakılıq və təzyiqi vasitə kimi görürlər. Regional təhsil idarələri isə bu halları ya görməzdən gəlir, ya da formal şəkildə araşdırır. Rayon təhsil sektorlarında isə hələ də köhnəlmiş idarəetmə ənənələri qalmaqdadır və onlar çox vaxt müəllim və şagirdlərin hüquqlarını müdafiə etmək əvəzinə, öz mövqelərini qorumağa çalışırlar. Bu yanaşma məktəb mühitini zəhərləyir, müəllimlərdə qorxu, şagirdlərdə isə inamsızlıq yaradır".

Dünya təcrübəsinə istinad edən K.Əsədov bildirib ki, Finlandiyada məktəblərdə rəhbər şəxslərin fəaliyyətinə müstəqil nəzarət mexanizmləri mövcuddur, ABŞ-də isə uşaqlara qarşı zorakılıq halları baş verən andan pedaqoqun lisenziyası dayandırılır və o, “qara siyahı”ya salınır: 

"Azərbaycanda belə vahid “etibar reyestri” olmadığından, zorakılıq edən bəzi şəxslər müxtəlif yollarla yenidən işlərinə qaytarılır. Bu, cəmiyyətin təhsil sisteminə etimadını zəiflədir və qanunların real tətbiqinə mane olur. Dəyişəcək əsas məqam ondan ibarət olmalıdır ki, direktor və direktor müavinlərinin peşəkar fəaliyyəti yalnız tədris nəticələri ilə deyil, həm də etik davranış və idarəetmə bacarıqları ilə qiymətləndirilsin. Regional və rayon təhsil idarələrinin məsuliyyəti artırılmalı, onların fəaliyyəti ictimai hesabatlılığa açıq olmalı və məktəblərdə baş verən hər bir zorakılıq faktına görə şəxsən cavab verməlidirlər. Məktəb mühitinin sağlam qalması üçün psixoloji xidmətlər gücləndirilməli, müəllim və şagirdlərin hüquqlarını qoruyan mexanizmlər real işləməlidir. Hesab edirəm ki, problemin kökü direktorların, müavinlərin və yerli təhsil strukturlarının məsuliyyətsizliyindədir. Elm və Təhsil Nazirliyinin mərkəzi səviyyədə atdığı müsbət addımlar təqdirəlayiqdir, lakin onların real nəticə verməsi üçün aşağı pillələrdə çalışan rəhbərlərin məsuliyyətə cəlb olunması zəruridir. Əks halda, məktəb mühiti korlanmağa davam edəcək və zorakılıq halları təkrar-təkrar gündəmə gələcək. Elm və Təhsil Nazirliyinin prinsipial mövqeyi bu boşluqları aradan qaldırmaq üçün ən böyük təminatdır və bu siyasət daha da gücləndirilməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
sherg.az

2Источники