RU

Qriqorçuk və Abasov narazı qaldı, yenidən Qurban Qurbanova pənah gətirdi

Ramil Şeydayevin "Qarabağ"a keçidi tamamlandı.

Hələ günlər öncədən bu barədə məlumat vermişik.

İndi haqlı olaraq suallar yaranır - 29 yaşlı hücumçu "Qarabağ"a nə verə bilər?

Bəli, millimizin üzvü heç də yaxşı günlərini yaşamır.

Ötən mövsümün əvvəli böyük ümidlərlə "ağ qaralar"ın heyətinə cəlb olunmuşdu.

Nə Roman Qriqorçuk, nə də Samir Abasov onun performansından razı qalmadı.

İş o yerə çatdı ki, Şeydayev bu mövsümün əvvəlində hətta əvəzedici komandaya göndərildi.

Bu qədər enişdə olan futbolçudan nəsə ummaq məntiqli deyil.

Amma bir qədər yaxın keçmişə qayıdanda, fərqli düşünməyə bilmirsən.

Məsələ ondadır ki, Ramil "Qarabağ"a ikinci dönüşündə də oxşar hadisələrlə üz-üzə qalmışdı.

Sadəcə bu dəfə "Neftçi" onu əvəzedici komandaya göndəribsə, 2019-2020 mövsümünün gedişində "Sabah"da oxşar taleyi yaşamışdı.

Hətta "tələblər"in ikinci komandasında meydana çıxdığı matçda qırmızı vərəqə ilə yadda qalmışdı.

Müqayisədə "Sabah"dakı vəziyyəti indikindən də pis idi.

Amma Qurban Qurbanov təcrübəli oyunçunu yanına apardı.

Qısa müddətdə "Qarabağ"ın əsas simalarından birinə çevirdi. Azərbaycan Premyer Liqasının bombardiri olacaq qədər böyütdü.

Eyni şeyi indi niyə olmasın?

Qısası, Ramilin indiki gəlişi 4 il öncəkindən fərqlənmir. Qalır sonrasındakı bənzərliyi yaratmaq. Bunu isə təbii ki, zaman göstərəcək.

XANOĞLAN İMANOV

Избранный
26
sportinfo.az

1Источники