RU

Zelenski Trampı 180 dərəcə dəyişdi - “Ukrayna qalib gələ, ərazilərini tam qaytara bilər”...


Üzeyir Şəfiyev: “ABŞ prezidenti anladı ki, Putin sülhdə maraqlı deyil”

Volodimir Zelenski ilə görüş zamanı verdiyi açıqlamalar və görüşdən sonrakı sosial media paylaşımı ABŞ prezidenti Donald Trampın Ukrayna məsələsində mövqeyinin əsaslı şəkildə dəyişdiyini göstərir:

“Ukraynanın Avropa İttifaqının və NATO-nun dəstəyi ilə öz ərazi bütövlüyünü bərpa etməsi mümkündür. Ukrayna və Rusiya arasında olan hərbi və iqtisadi vəziyyəti tam başa düşdükdən və bu müharibənin Rusiyaya yaratdığı iqtisadi çətinlikləri gördükdən sonra, düşünürəm ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə öz ərazi bütövlüyünü bərpa edərək mübarizəni qazana bilər. Vaxt, səbr və xüsusilə NATO və Avropanın maliyyə dəstəyi ilə müharibənin başlandığı sərhədlərə qayıtmaq tamamilə mümkündür. Niyə də olmasın? Rusiya bu müharibəni artıq üç ildən çoxdur ki, nəticəsiz və məqsədsiz şəkildə davam etdirir. Bu vəziyyət Rusiyanı heç də güclü göstərmir, əksinə, “kağız pələng” kimi göstərir. Putin və Rusiya ciddi iqtisadi böhran içindədir və bu, Ukraynanın hərəkətə keçməsi üçün uyğun zamandır”.

Görünən odur ki, Putinlə aparılan danışıqlar nəticə verməyəndən sonra Tramp müharibə ilə bağlı mövqeyini əhəmiyyətli dərəcədə Ukraynanın xeyrinə dəyişir.

“Bu o deməkdir ki, Tramp Avropa ilə konsolidasiya şəraitində sahədəki reallığı Ukraynanın xeyrinə dəyişmək qərarına gəlib”

Sözügedən məsələni şərh edən ekspert Üzeyir Şəfiyev hesab edir ki, Tramp Rusiya liderilə bağlı ritorikanı dəyişib: “Bütün bunlar artıq Trampın Putinə inanmadığının göstəricisidir. ABŞ prezidenti anladı ki, Putin sülhdə maraqlı deyil, müharibənin davam etməsini istəyir. O baxımdan da Tramp Rusiya liderilə bağlı ritorikanı dəyişib. BMT sessiyası çərçivəsində Tramp açıq şəkildə bildirdi ki, Rusiya gücsüzdür, bu ölkə müharibəni imitasiya edir, əslində isə onu aparmaq iqtidarında deyil. Tramp, hətta Avropanın birləşmiş dəstəyilə Ukraynanın əvvəlki sərhədlərinə qayıtmasının mümkünlüyünü də bəyan etdi. Bununla Tramp birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyü və suverenliyinin bərpasına inandığını ortaya qoydu. Həmçinin o, vəd etdi ki, NATO vasitəsilə Ukraynanı istədiyi hər cür silahlarla təmin edəcək. Bu o deməkdir ki, Tramp Avropa ilə konsolidasiya şəraitində sahədəki reallığı Ukraynanın xeyrinə dəyişmək qərarına gəlib. ABŞ prezidenti həm də onun fərqindədir ki, Putinə etibar etmək, onunla sövdələşməyə getmək olmaz. Yəni Tramp artıq Putinlə sövdələşməyə getsə, heç bir qazanc əldə etməyəcəyinin fərqindədir”.

Vidadi ORDAHALLI

Избранный
31
baki-xeber.com

1Источники