RU

İspaniyanın İsrailə silah embarqosu qərarı soyqırımı dayandırmaq üçün mühüm addımdır - HƏMAS

BAKI, TurkicWorld, Nailə Babazadə

HƏMAS, İspaniya hökumətinin İsrailə silah tədarükünü tamamilə qadağan etməsini, Tel-Əvivə soyqırımı və etnik təmizləmə cinayətlərini dayandırmaq üçün təzyiq göstərmək baxımından mühüm addım kimi qiymətləndirib.

TurkicWorld xəbər verir ki, HƏMAS bu barədə, İspaniyada azlıqda olan sol koalisiya hökumətinin İsrailə qarşı tam silah embarqosu tətbiq edən Kral fərmanını təsdiqləməsinə dair verdiyi açıqlamada bildirib.

“İspaniya hökumətinin İsrailə tam silah embarqosu gətirən fərmanı təsdiqləməsi, İspaniyanın Qəzza zolağında xalqımızın üzləşdiyi vəhşilik və müharibə cinayətlərinə qarşı mübarizədə mənəvi və siyasi öhdəliyini əks etdirir və müharibə cinayətkarı Netanyahuya soyqırımı və etnik təmizləmə siyasətini dayandırmaq üçün təzyiq göstərməkdə mühüm bir addımdır.” - deyə açıqlamada qeyd edilir.

HƏMAS, açıqlamasında bütün dünya ictimaiyyətini İsrailə qarşı genişmiqyaslı boykota çağırıb.

“Soyqırım və etnik təmizləmə cinayətlərinin davam etməsinin qarşısını almaq, haqq işimizi dəstəkləmək və xalqımızın öz müqəddəratını təyin etmək hüququndan istifadə edərək paytaxtı Qüds olan müstəqil Fələstin dövləti qurmasını təmin etmək üçün İsrail hüquqi, siyasi və iqtisadi cəhətdən təcrid edilməli və bütün sahələrdə boykot olunmalıdır.” - deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, İspaniya hökuməti dünən İsrailə qarşı tam silah embarqosu tətbiq edən fərmanı təsdiqləyib.

İspaniya hökuməti daha əvvəl, 9 sentyabr tarixində qəbul etdiyi qərarla İsrailə qarşı 9 maddəlik sanksiya planını elan etmiş, lakin bu plan çərçivəsində tam silah embarqosu və digər hərbi məsələlərlə bağlı maddələrin təsdiqini “texniki və hüquqi səbəblərdən” bu vaxta qədər təxirə salmışdı.

Избранный
92
turkic.world

1Источники