RU

"Səmərqənddəki uğur gələcək nailiyyətlər üçün yeni imkanlar açacaq" – Ülviyyə Fətəliyevanın İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Bu yaxınlarda Səmərqənddə (Özbəkistan) keçirilən nüfuzlu “Grand Swiss” turnirində mübarizə aparan Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni Ülviyyə Fətəliyeva (2385) göstərib. Yarışın yekunlarına əsasən, kişi və qadın kateqoriyalarında ilk iki yeri tutan şahmatçılar Namizədlər Turnirində mübarizə aparmaq hüququ qazanıblar.

Mariya Muzıçuk və Aleksandra Kosteniuk kimi tanınmış rəqiblərinə qalib gələrək 7 xalla 6-cı pillədə qərarlaşan Ülviyyə Fətəliyeva İdman.biz-ə müsahibəsində təəssüratlarını bölüşüb, gələcək planlarından danışıb.

— Səmərqənddəki turniri necə qiymətləndirirsiniz?

— Çıxışımdan məmnun qaldım. Turnir gərgin keçdi. Çox güclü rəqiblərə, o cümlədən reytinqi 2500+ olan qrossmeysterlərə və keçmiş dünya çempionlarına qarşı oynadım. Ümumilikdə, düşünürəm ki, sabit oyun nümayiş etdirdim və turniri 7 xal toplayaraq 6-cı yerdə başa vurdum. Bu, reytinqim üçün yaxşı nəticədir və inanıram ki, belə bir çıxış gələcək yarışlarda mənə daha da inam yaradacaq. Əlbəttə ki, hər zaman təkmilləşdirilməli olan sahələr var, lakin ümumilikdə, oyunların keyfiyyətindən və rəqabət səviyyəsindən razıyam.

— Hansı məqamda yaxşı nəticə əldə edə biləcəyinizə inandınız?

— Maraqlı sualdır. İlk turda Şuvalova üzərində qazandığım qələbədən sonra yaxşı nəticə göstərə biləcəyimə inandım. Oyun keyfiyyəti yüksək idi və bu məndə bütün turnir boyu özünəinam yaratdı.

— Fikrimcə, sizin üçün həlledici məqam 15-ci dünya çempionu Mariya Muzıçuk və 12-ci dünya çempionu Aleksandra Kostenyuk üzərində qələbələr oldu…

— Bəli, bu partiyalar mənim üçün çox önəmli idi. Muzyçuk və Kostenyukla oyunlardan əvvəl bir az narahat idim, amma oyun zamanı tam diqqətimi öz oyunumun keyfiyyətinə yönəltdim. Xüsusilə Kostenyukla oyunda bir səhvə yol verdim, amma tezliklə fokusumu bərpa etdim və hər şey yaxşı alındı.

— Amma sonra siz ardıcıl iki oyunu uduzdunuz. Nə baş verdi?

— Əsas səbəb yorğunluq idi. Vaişali ilə oyun öncəsi rəqiblərim demək olar ki, hamısı çox güclü idi. Hazırlıq 3-4 saat çəkirdi. Beş turu belə gərgin rejimdə keçirmək təbii olaraq yorğunluğa səbəb oldu. Mən konsentrasiyanı qorumağa çalışdım, amma təəssüf ki, alınmadı.

— Belə zərbədən sonra necə bərpa oldunuz?

— Bu vəziyyətdə məşqçilərin dəstəyi çox vacib olur. Onların motivasiyaedici sözləri və hazırlıqda köməyi mənə məğlubiyyətlərdən sonra oyuna qayıtmağa imkan verdi.

— Avropa fərdi çempionatında tarixi qələbədən sonra karyeranızda eniş oldu. Bunun səbəbi nə idi?

— Bəli, Avropa çempionatında qələbədən sonra böyük məsuliyyət hiss edirdim. Bu, təbii olaraq oyunuma və nəticələrimə təsir edirdi. İndi bunun öhdəsindən gəldiyimi düşünürəm. Səmərqənddəki uğur bunu təsdiqləyir və inanıram ki, bu, gələcək nailiyyətlər üçün yeni imkanlar açacaq.

— Hazırda kimlə işləyirsiniz?

— Hazırda Qadir Hüseynovla çalışıram. Turnir zamanı komandamızın məşqçisi Nicat Abbasov da mənə kömək edirdi. Zaman keçdikcə insan dəyişir və bu dəyişikliklər təbii ki, oyunda əks olunur. Mən öz inkişafımı hiss edirəm və bu, oyunumun sabitliyində özünü göstərir.

— — Gələcək planlarınızdan danışardınız...

— Əsas diqqətimi işimə yönəltmək və prosesdən zövq almaqdır. İnanıram ki, prosesi sevərək və məqsədyönlü işləyərək yaxşı nəticələr əldə etmək mümkündür.

Teymur Tuşiyev

İdman.biz

Избранный
3
1
idman.biz

2Источники