RU

“Bu təsadüf ola bilməz”

ABŞ prezidenti Donald Tramp BMT-nin Nyu-Yorkdakı qərargahında gözlənilməz texniki problemlərlə üzləşib. Əvvəlcə binaya daxil olarkən istifadə etdiyi eskalator qəfil dayanıb, daha sonra isə Baş Assambleyada çıxış edərkən teleprompter işləməyib. Ağ Ev bu hadisələrə təsadüf kimi yanaşmır və məsələ ilə bağlı araşdırma aparıldığını bildirir.

Birinci hadisə Tramp və həyat yoldaşı binaya daxil olduqdan dərhal sonra baş verib. Prezidentin müşayiəti ilə eskalatora minən cütlük bir neçə saniyə ərzində texniki nasazlıqla üzləşib. Tramp vəziyyəti idarə etməyə çalışaraq Merilənd pilləkənlərindən qalxıb. BMT-nin ilkin açıqlamasına görə, prezidentin heyətindəki operatorlardan birinin hərəkəti eskalatorun təhlükəsizlik mexanizmini işə sala bilər.

Çıxışa başlayan Tramp bu dəfə də teleprompterin işləmədiyini elan edib. O, yumorla vəziyyəti idarə edərək, “Tək deyə biləcəyim odur ki, bu teleprompterdən kim istifadə edirsə, böyük bəlaya düşüb”, – deyib. Zalda olanlar ABŞ prezidentinin zarafatını gülüşlə qarşılayıb. Lakin Tramp nitqinin davamında bu nasazlıqları BMT-nin “qeyri-effektivliyinin” nümunəsi adlandırıb və qurumu “boş sözlərdən başqa heç nə təqdim etməməkdə” ittiham edib.

Ağ Ev mətbuat katibi Karolin Livitt sonradan sosial şəbəkədə yaydığı açıqlamada, “Əgər BMT-də kimsə bilərəkdən eskalatoru dayandırıbsa, dərhal işdən azad edilməli və araşdırılmalıdır”, deyib. O, “Fox News”a müsahibəsində Gizli Xidmətin məsələni araşdırdığını bildirərək, “Bütün bunları bir araya gətirdikdə, mənə təsadüf kimi görünmür”, – deyə bildirib.

BMT isə sabotaj ehtimalını inkar edir. Baş katib Antoniu Quterreşin sözçüsü Stefan Dujarrik, təhlükəsizlik mexanizminin insanların və əşyaların eskalatora ilişməsinin qarşısını almaq üçün qurulduğunu, operatorun isə bu sistemi ehtiyatsızlıqla işə sala biləcəyini deyib.

Hadisələr Trampın BMT tribunasındakı çıxışı fonunda siyasi müzakirələrə yol açaraq, “sabotaj ehtimalı” ilə bağlı sualları gündəmə gətirib.

Избранный
2
vaxt.az

1Источники