RU

Elşən Manafov: Ankara-İrəvan danışıqları Bakının mövqeyindən asılı olacaq - ÖZƏL

" Rusiya Cənubi Qafqazda regionun təhlükəsizlik problemlərinin həllinə dair rəsmi Bakının irəli sürdüyü və Ankaranın da müdafiə etdiyi "3+3" formatında əməkdaşlıq layihəsini bir qayda dəstəkləyib. Bu layihəyə İranın da bölgə dövləti kimi münasibəti müsbət olub, zira bu format regionda təhlükəsizlik problemlərinin həllini yalnız region dövlətlərinin iştirakı və əməkdaşlığı konteksində məqbul bilir, regiondan kənar dövlətlərin regiona bu ad altında müdaxiləsini yolverilməz olduğunu bildirirdi". 



Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamaslnda söyləyib: 
" Bu, əlbəttə, regionda Qərblə nüfuz dairəsi uğrunda gedən mübarizədə Rusiya və İranın geosiyasi maraqlarına təhdid təşkil etmirdi.
Bakı-İrəvan münasibətlərində mövcud problemlərin nizamı, ümumiyyətlə, regiona investisiya yatırmaq, onun loqistik imkanlarından istifadə etmək istəyən bütün tərəflərin geoiqtisadi maraqlarına cavab verir. Bununla belə, Vaşinqton razılıqları tərəflərin Zəngəzur dəhlizi ətrafında mövqelərində fərqli imkanlar yaradır. Razılıqların icrası istiqamətində tərəflərin atdıqları addımlardan sonra ABŞ icarədar olaraq (o dəhliz üzərindən daşınmalarda 99 illik bir müddət əldə edir) müəyyən üstünlüklər əldə edir. Rusiya, Çin və digər tərəflər isə qarşılıqlı maraqlar gözlənilməklə dəhlizdən yararlanmaq imkanları əldə edirlər. Rusiya ABŞ-dan fərqli olaraq moderator rolunda çıxış etməsə də, dəmir yolları vasitəsilə yükdaşımalarda əlverişli imkanlar əldə edir. Buna görə də geosiyasi anlamda nüfuz dairəsi daralsa da, geoiqtisadi konteksdə mənfəət götürəcəyindən Bakı-İrəvan, habelə Ankara-İrəvan razılaşmalarının lehinə olduğunu bildirir. Bununla da region uğrunda mübarizəyə hərbi deyil, yumşaq gücün tətbiqi konteksindən yanaşır. Onun regiona hərbi konteksdə müdaxiləsi isə region dövlətlərinin Rusiya ilə perspektiv münasibətlərindən, habelə Ukrayna uğrunda Qərblə qarşıdurmanın nəticələrindən asılı olacaq. Rəsmi Ankaraya gəlincə, Azərbaycan Ermənistanla müharibədə qalib çıxıb, özünün ərazi bütövlüyünü bərpa etdikdən sonra İrəvanla münasibətlərdəki problemlərin nizamlanması məqsədilə danışıqları intensivləşdirib. Digər tərəfdən, İrəvanla münasibətlərin nizamını rəsmi Ankaradan Türkiyənin işgüzar dairələri, habelə ABŞ və Avropa Birliyi də xahiş edir. Hər iki tərəfin arzu və istəklərinin Ankara tərəfindən nəzərə alınması Türkiyəyə maliyyə, habelə geosiyasi dividentlər vəd edir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, işgüzar dairələr üçün əksər hallarda etnik amillər deyil, korporativ maraqlar daha çox prioritet əhəmiyyət kəsb edir. Rəsmi Ankara isə artıq bir dəfə işgüzar dairələrin və Qərbin xahişi ilə İrəvanla münasibətlərin nizamlanması üçün addım atmışdı. 2016-cı ildə Sürix protokolları ətrafında Ankara və İrəvan arasında gedən danışıqları rəsmi Bakıda yaxşı xatırlayırlar. O zaman Qarabağ torpaqlarının hələ işğal altında qaldığı şəraitdə Türkiyədə bəlli dairələr iqtidara Ermənistanla sərhədlərin açılması barədə ismarıclar göndərirdilər və yalnız rəsmi Bakının birmənalı və qətiyyətli mövqeyindən sonra Ankara bu addımı atmaqdan çəkinmişdi. Bu mənada hazırkı şəraitdə rəsmi Ankara Bakı ilə müəyyən məsləhətləşmələrdən sonra İrəvanla münasibətlərin nizama salınması barədə qərar qəbul edə bilər.
Rəsmi Tehrana gəlincə, onun Zəngəzur dəhlizi ətrafında Vaşinqton razılaşmalarına tənqidi yanaşması İranın ticari, iqtisadi, habelə regionla bağlı geosiyasi maraqları baxımından anlaşılandır. Dəhlizin istifadə edilmədiyi şəraitdə Azərbaycan Naxçıvan istiqamətində yükdaşımalanı, habelə sərnişin daşınmalarını İran ərazisindən həyata keçirir. Bu baxımdan İran tranzit imkanlarının gətirdiyi gəlirlərin məhdudlaşacağından narahatdır. ABŞ-ın dəhliz ətrafında icarədar rolunda çıxış etməsi isə İranda onun dəhliz ətrafında yükdaşımalann təhlükəsizliyini təmin etmək adı ilə bölgəyə məhdud hərbi qüvvələrini yeridə biləcəyi ehtimallarını doğurduğundan, İran Vaşinqton razılaşmalarında özünün regional təhlükəsizlik problemlərinə təhdid görür və sərhədlərin toxunulmazlığı barədə beynəlxalq hüququn məlum prinsipini bayraq edərək ona qarşı olacağını bildirir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
2
olaylar.az

1Источники