Argentina hökuməti maliyyə yardımı müqabilində ölkənin cənubundakı hərbi bazada ABŞ hərbçilərinin yerləşdirilməsinə icazə verməyə hazır olduğunu açıqlayıb.
Bu barədə TN telekanalı məlumat yayıb.
Bildirilib ki, Buenos-Ayres hökuməti Uşuaya şəhərində inşa edilən bazanın ABŞ hərbçiləri tərəfindən istifadəsini müzakirə edir. Məhz bu səbəbdən Argentina Prezidenti Xavyer Mileylə birlikdə Nyu-Yorka gedən nümayəndə heyətinin tərkibinə müdafiə naziri Luis Petri də daxil edilib.
Qeyd edilir ki, ABŞ tərəfi Buenos-Ayresi Çinlə valyuta svopundan imtina etməyə çağırır. Vaşinqtonun məqsədi Pekinin regiondakı təsirini azaltmaqdır.
Çərşənbə axşamı Prezident Xavyer Miley Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb. Ötən həftə isə o, hökumətinin ABŞ ilə borcların ödənilməsi üçün maliyyə dəstəyi imkanlarını müzakirə etdiyini açıqlamışdı.