"Psixoloji yanaşmada insanın özünə və hisslərinə dürüst baxması çox vacibdir".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bəzən insan tək qalmaq istədiyi üçün deyil, yaxınlıqdan qorxduğu üçün tənha olur:
"Bəzən də münasibət gözlədiyi halda münasibətə daxil olmaq üçün addım atmır. Burada həm qorxular, həm travmalar, həm də yanlış inanclar rol oynaya bilər. "Məni kim sevər ki?", "Mən onsuz da maraqlı deyiləm" kimi düşüncələr insanı əlaqədən uzaq saxlayar. Psixoloq olaraq ilk tövsiyəm, bu hissi danmaq və üzərini örtmək deyil, onunla üz-üzə gəlməkdir. Hətta tənhalıqla oturub onu dinləmək lazımdır".
Ekspert qeyd edib ki, sizi bu duyğuya gətirən yolları izləmək vacibdir:
"Daha sonra özünüzlə münasibət qurmağa başlamaq lazımdır. Özünüzü dinləmək, yazmaq, emosiyalarınızı ifadə etmək, qısaca içinizdəki "məni" oyatmalısınız. Bir növ insan yalnız başqası ilə deyil, özü ilə də münasibət qurmalıdır. Çünki əgər özünüzlə əlaqəniz yoxdursa, heç kim sizinlə bağ qura bilməz".
Psixoloqun sözlərinə görə, tənhalıq keçicidir:
"Amma tənhalığı keçirmək üçün onu yaşamaq, anlamaq və ona cavab vermək lazımdır. Özünə diqqət göstərmək, gündəlik rejim yaratmaq, sosial dəstəyə açıq olmaq və ən əsası "mən tək deyiləm, bu hissin bir səbəbi var və mən onu həll edə bilərəm" demək sağalma yolunu açır.
Təbii ki, bu bir gecədə olmur. Amma hər dəfə duyğularınla dürüst təmasda olduqca, tənhalığın içində gizlənmiş "əlaqə" ehtiyacınızı daha aydın görə bilərsiniz. Bir gün o ehtiyac artıq sadəcə başqaları ilə deyil, özünüzlə də qarşılanmış olur".
Zəhra Zahidova diqqətə çatdırıb ki, insan özünü tənha hiss edəndə bu hissin arxasında sadəcə fiziki olaraq tək qalmaq deyil, emosional boşluq, anlaşılmamaq və bağ qura bilməmək kimi daha dərin səbəblər dayanır:
"Tənha olmaq sanki otaqda kimsə var, amma səni anlayan yoxmuş kimi hiss etdiyin bir vəziyyətdir. Bu hiss bir çox hallarda uşaqlıqdan gələn emosional ehtiyacların qarşılanmaması, duyğuların ifadə olunmasına icazə verilməməsi, yaxınlıq qorxusu, ya da əksinə yaxınlıq aclığından qaynaqlana bilər.
Uşaqlıqda duyulmamış, görülməmiş, eşidilməmiş bir uşaq sonradan özünü böyük yaşlarında da tək hiss etməyə başlayır. Bu, təkcə kimsə ilə olmamaq deyil, "mən varam" hissinin bir başqası tərəfindən təsdiqlənməməsidir".
Mütəxəssis qeyd edib ki, tənhalıq həm də bir siqnaldır:
"Daxildə bir ehtiyac var və bu ehtiyac cavab gözləyir. Bəzən bu sevgi ehtiyacı olur, bəzən dinlənilmək, bəzən də sadəcə var olmağa icazə almaq. Əgər insan özünün emosional ehtiyaclarını tanımırsa, bu ehtiyacların cavabını da tapa bilmir və tənhalıq xroniki bir hal alır.
Ətrafında insanlar olsa belə, özünü həmişə tək hiss edir. Bu halda ilk addım öz duyğularını tanıtmaqdır. "Mən nə hiss edirəm?", "Bu hissin arxasında nə dayanır?", "Nə zaman özümü ilk dəfə belə hiss etmişdim?" kimi suallarla özünlə əlaqəyə girmək, tənhalığın səbəbini dərk etməyə kömək edir".
Pərviz