24 sentyabr böyük türk maarifçisi (Krım tatarı), mütəfəkkir, pedaqoq İsmayıl Qaspıralının anım günüdür.
Kulis.az bu münasibətlə onun həyat v\ yaradıcılığı haqında diqqətçəkən məqamları təqdim edir.
İsmayıl bəy Qaspıralı 21 mart 1851-ci ildə Krımın Bağçasaray yaxınlığındakı Avcıköydə anadan olub. Atası Krım sahilindəki Qaspirə kəndində doğulmuş, çar ordusundan istefada olan leytenant Mustafa Əlioğlu Qasprinski, anası isə Mirzə ailəsinin qızı Fatma Sultandır.
İsmayıl bəy yerli müsəlman məktəbində başladığı təhsilini Akmescid Kişi Gimnaziyasında davam etdirib. Buradakı təhsilini başa vurduqdan sonra əvvəlcə Voronejdəki hərbi məktəbə, sonra isə Moskvadakı Hərbi Akademiyaya daxil olub.
Moskvada təhsil aldığı illərdə dövrün ziyalılarını yaxından tanımaq imkanı qazanıb. Görüşdüyü rus ziyalılarına hörmət bəsləsə də, məktəbdəki panslavist ab-havası ona əks təsir bağışlayıb, Qaspiralıda Rusiya imperiyasında yaşayan türkləri oyatmaq fikri formalaşdırıb.
Qaspıralının ideyaları Azərbaycanda böyük təsir yaradıb. Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi ziyalıların düşüncələrinə yön verib.
O, Girit üsyanında yunan üsyançılarına qarşı vuruşan Osmanlı əsgərlərinə qoşulmaq üçün yaxın dostu, litvalı tatar Mustafa Mirzə Davidoviçlə gizli şəkildə Türkiyəyə getmək istəyir, lakin Odessada yaxalanıb.
Çar Rusiyasında hərbi tələbəlik həyatı belə başa çatan Qaspıralı 1868-ci ildə Bağçasaraya qayıdaraq Zincirli mədrəsəsində rus dilini tədris etməyə başlayıb.
1872-ci ildə Krımı tərk edərək İstanbul, Vyana, Münhen və Ştutqart vasitəsilə Parisə gedən İsmayıl bəyi iki il ərzində müxtəlif işlərdə çalışır. Məşhur rus yazıçısı İvan Turgenevin köməkçisi işləməklə qazancını təmin edib.
1874-cü ildə Osmanlı zabiti olmaq arzusu ilə İstanbula gedib; Lakin burada qaldığı bir ilə yaxın müddətdə ərizəsinə müsbət cavab verilmədiyindən Kırıma qayıtmalı olub.
Mövcud problemləri yaxından gördüyü üçün, yad hakimiyyəti altında yaşayan soydaşlarını, həmvətənlərini ayıltmaq, onların səsini eşitdirmək istəyib. Bu məqsədlə o, 1881-ci ildə Rusiyanın Akmescitdə çıxan “Tavrida” qəzetində “Russkoe Musulmanstvo” (Rus İslamı) başlığı ilə silsilə məqalələr yazıb.
Açmaq istədiyi qəzetin nəşr icazəsini almağa çalışarkən, Volqaboyu müsəlmanlar arasında dolaşaraq abunəçi tapmağa çalışıb. Nəhayət, 1883-cü ildə məqalələrin rus dilində də nəşr olunması şərti ilə tatar dilində qəzet nəşr etməyə nail olub.
1903-cü ilin oktyabr ayından başlayaraq həftədə iki dəfə, 1912-ci ildən sonra isə gündəlik nəşr olunmağa başlayan “Tərcüman” Krım tatarlarının Krımda türkcə çıxan ilk qəzeti olub.
İsmayıl Qaspiralı uzun müddətdir üzərində düşündüyü təhsil islahatının ilk icrasını 1884-cü ildə Bağçasarayın Kaytaz Ağa məhəlləsində ibtidai məktəb səviyyəsində açdığı məktəblə edib.
Başlanğıcda şübhə ilə yanaşan Bağçasaraylılara qırx gündə türkcə oxuma - yazma öyrədiləcəyini vəd edən Qaspiralı onların inamını qazanmağa çalışıb. Həqiqətən də, 40 gün “usul-i səvtiyyə” adlandırdığı yeni tədris üsulu ilə təlim görən tələbəsini camaatın hüzurunda imtahan edərək buna nail olduğunu sübut edib.
Qaspıralı müsəlman türk qızlarının təhsilinə də öncülük edib. Bacısı Pembe Hanım Bolatukova 1893-cü ildə Bağçasarayda ilk Üsul-i Cədid qız məktəbini açdırıb.
1895-ci ildə cədidçi məktəblərin sayı yüzə yaxın idisə, 1914-cü ildə beş minə yaxın olub.
“Dərsəadətdəki hambal və qayıqçılardan tutmuş Çindəki türk dəvəçilərə qədər hamı anlaya bilməlidir” onun şüarı olub.
İsmayıl bəy Rusiyada çar hakimiyyətinə qarşı idi. Bu səbəbdən türklərin öz hüquqlarını əldə etmələri üçün 28 avqust 1905-ci ildə “I Rusiya Müsəlmanları Qurultayı”-nı çağırıb.
Qaspiralı çağırdığı qurultaya sədr seçilib. İkinci qurultay 1906-cı ilin yanvarında Peterburqda keçirilib.
Üçüncü qurultay isə 1906-cı ilin sentyabrında keçirilib. 800 - ə yaxın nümayəndənin qatıldığı bu qurultayda “Usul-ü Cedit” təhsil sistemi olaraq qəbul edilib. Burada ibtidai məktəblərdə təhsil dilinin yerli ləhcə və ya ləhcələrlə, orta məktəbdə isə Tərcüman dilində işlənən “ədəbi türkcə” olması qərara alınıb.
1905-ci ilin sonlarında Baxçasarayda nəşr olunan “Alem-i Nisvan” təkcə Krım tatarlarının deyil, bütün Rusiya türklərinin ilk qadın jurnalı olub.
Rusiyada türklərin ilk uşaq jurnalı olan Aləm-i Sıbyan ilk dəfə 1906-cı ilin martında oxuculara təqdim edilib. Jurnalın nəşri 1915-ci ilə qədər fasilələrlə davam edib.
Qaspıralının fikirləri Yusuf Akçura vasitəsilə hərbi məktəblərdə həmçinin ziyalılar arasında, Necip Asımın “İkdam” qəzeti vasitəsilə Osmanlıda geniş populyarlıq qazanıb.
Bütün bu uğurlarla yanaşı Qaspıralı fəaliyyətinə qarşı çıxanlarla daim mübarizə aparıb. Müsəlman icması daxilindəki təəssübkeş qruplar Qaspıralını xalqı dindən uzaqlaşdırmağa çalışmaqda ittiham ediblər. Hökumət dairələrindəki nüfuzlu ruslar isə onu panislamizm və pantürkizmi yaymaqda, Rusiya imperiyasını parçalamaq cəhdində ittiham ediblər.
Qaspıralı 1914-cü il sentyabrın 24-də 63 yaşında Baxçasarayda vəfat edib.
Türk dünyasının mətbuat orqanları aylarla onun xidmətlərindən yazıb. Qaspıralının vəfatından beş il sonra “Tərcüman” qəzetinin çapı dayandırılıb.