RU

Akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTOLAR

Səhiyyə Nazirliyi və nazirliyin akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin birgə təşkilatçılığı ilə sentyabrın 24-də görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Aparatının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Səhiyyə Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbər şəxsləri, həmçinin Azərbaycan, Türkiyə və Gürcüstanın tanınmış alimləri iştirak ediblər.


Konfransın əvvəlində Dövlət Himni səsləndirilib.

Tədbirin açılışında çıxış edən səhiyyə naziri Teymur Musayev elmi-praktik konfransın Prezident İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, görkəmli alimin elmi dühası geniş spektrli, və çoxsahəlidir: “Akademik Mustafa Topçubaşov təkcə öz dövrünün deyil, Azərbaycan səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş alimdir”.


Görkəmli alimin beynəlxalq miqyasda qazandığı nailiyyətləri xüsusilə vurğulayan nazir bildirib: "Cərrahların Lissabonda keçirilən XI Beynəlxalq Konqresində akademik Mustafa Topçubaşov Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilib. Bu da görkəmli alimin simasında dünya miqyasında Azərbaycan cərrahlıq elminə verilən yüksək dəyərdir".


Diqqətə çatdırılıb ki, akademikin "Analgezin" adlı ağrıkəsicini kəşf etməsi İkinci Dünya müharibəsi illərində əvəzsiz xidmət olub. Hətta tanınmış Sovet akademiki Pyotr Kupriyanov bu kəşfi "Bakı neftinin müharibədə tanklara verdiyi töhfəyə" bənzədib.
Teymur Musayev akademik Mustafa Topçubaşovun irsinin bu gün də aktuallığını qoruduğunu deyib. "Mustafa Topçubaşovun ömür yolu bu gün cərrahiyyə elmini həyat yolu seçən gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir", - deyə səhiyyə naziri fikrini tamamlayıb.

AMEA-nın prezidenti İsa Həbibbəyli vurğulayıb ki, Mustafa Topçubaşovun yaratdığı elmi məktəb onun yetirmələrinin cərrahiyyənin təməl biliklərinə mükəmməl bələd olmaları, təbabətdə mühüm yeniliklərə imza atmaları ilə fərqlənir. Mustafa Topçubaşovun Azərbaycan Milli Elmlər Akademiyasının 15 təsisçisindən biri olduğunu deyən İsa Həbibbəyli, həmçinin görkəmli alimlə bağlı xatirələrini bölüşüb, onun hər zaman gənclərə istiqamət verərək onların elmə yönəlməsində xüsusi səy göstərdiyini deyib.


M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev görkəmli alimin elmi-pedaqoji və kadr hazırlığında, həmçinin ictimai-siyasi fəaliyyətində tarixi xidmətləri barədə məlumat verib: “Həm həkim, həm də alim kimi Mustafa Topçubaşovun irsi Azərbaycan səhiyyəsinin, xüsusən də cərrahiyyəsinin formalaşmasında əvəzsiz rol oynayıb”.

Avrasiya Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri Yasemin Balaban çıxış edərək, akademik Mustafa Topçubaşovun cərrahiyyədə, tibdə, elmdə və kadr hazırlığındakı tarixi xidmətlərindən danışıb.


Alimin oğlu, Mərkəzi Klinikanın baş direktorunun müavini Ceyhun Topçubaşov çıxış edərək, atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonra akademik Mustafa Topçubaşova həsr edilmiş sənədli film nümayiş olunub.
Beynəlxalq elmi-praktik konfrans öz işini panel sessiyalarla davam etdirib. Sessiyalarda Azərbaycan, Türkiyə və Gürcüstanın tanınmış alimlərinin “Birincili sklerozan xolangit və birincili biliyar xolangit: nə yenilik var?”, “Laparsokipik cərrahiyyə və stepler texnologiyası fəsadları”, “Süd vəzi adenokarsinomasında amfisesinin sitotoksik və antiproliferativ təsiri”, “Kəskin nəfəs yolları pozulması sindromunun diaqnostikası, profilaktika və müalicə prinsipləri”, “Kolorektal anastomozlarda tutmazlığın profilaktikası” adlı məruzələri dinlənilib.

Избранный
44
8
sia.az

9Источники