RU

"Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanır" - QMİ sədri

"İstər Vətən müharibəsi günlərində, istərsə də mübarək Zəfərimizdən sonra biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya başçıları dəfələrlə onlayn və bilavasitə görüşərək II Qarabağ savaşının müqəddəs amalları barədə ətraflı bəhs etmiş, haqq mücadiləmiz barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yönündə əlimizdən gələni əsirgəməmişik".

Olaylar.az xəbər verir ki, bunu QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı Dini Konfessiyalar Anım Gününün 5-ci ildönümünə həsr edilən 5-ci iclasında deyib.

O qeyd edib ki, erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları ifşa etmək üçün əməkdaşlıq edildiyi bütün dini mərkəz və beynəlxalq qurumlarla intensiv iş aparılıb:

"Fəxarət doğurucu haldır ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənabları mədəniyyət paytaxtımız Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxışı zamanı Qarabağ Zəfərinə Azərbaycanın din xadimlərinin, dindarların töhfəsini xüsusi qeyd etdi, fəaliyyətimizi yüksək dəyərləndirdi. Bu gün də Azərbaycandakı katoliklər, pravoslavlar, yəhudilər, alban-udilər müsəlmanlarla bərabər Vətən şəhidlərinin ailələrini diqqət və qayğı ilə əhatə edirlər, onların xatirələrini layiqli şəkildə anırlar. Bizim bu birliyimiz heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsidir və multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti hər zaman qələbələrlə davam edəcək".

QMİ sədri vurğulayıb ki, Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayan dövlətimiz Şuşada məscidlərimizlə yanaşı, pravoslav və erməni kilsəsini bərpa edir.

"Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin multikultural siyasəti, mənəvi üstünlüyüdür. Uca Allahın köməyi və müdrik dövlət rəhbərimizin misilsiz səyləri ilə Füzuli, Zəngilan, Laçın hava limanları, Şuşaya aparan Zəfər yolu, Xankəndidə yenidənqurma, Böyük Qayıdış, Qarabağ torpaqlarının yeni, gözəl görkəmi, beynəlxalq zirvələrin keçirildiyi ənənəvi ünvana çevrilməsi bizim əminliyimizi, nikbinliyimizi artırır. Ali dini rəhbərlərlə azad Qarabağa səfər edərkən işğal dövründə törədilənləri əyani şəkildə nümayiş etdirməklə, habelə Ümumdünya Kilsələr Şurası ilə əməkdaşlıq edərək onları mütəmadi şəkildə Azərbaycan həqiqətləri ilə tanış etməklə biz erməni kilsəsinin anti-Azərbaycan təbliğatını, bugünədək davam etdirdikləri revanşizm ruhlu dezinformasiyalara qarşı tutarlı faktlar qoyuruq", - Allahşükür Paşazadə bildirib.

QMİ sədri dünya miqyasında yüksək nüfuza malik, ən böyük beynəlxalq dinlərarası sülh məramlı qurum olan "Dinlər Sülh Naminə" Təşkilatının həmprezidenti və Ümumdünya Şurasına üzv seçilməsini xatırladıb:

"Ölkəmizin adı dünya miqyasında dinlərarası dialoqla yanaşı, İslamdaxili anlaşma müstəvisində örnək olaraq vurğulanır. İslamdaxili dialoqun üzləşdiyi problemlər və onların aradan qaldırılması yollarının araşdırılması məsələlərinə həsr olunmuş Bəhreyn tədbirində müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi bütün dünyaya model olaraq təqdim olunur. Bu, Azərbaycan dövlət başçısının yeritdiyi siyasətin daha bir uğurlu nəticəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
13
11
olaylar.az

10Источники