RU

Klassik filmlər hər cümə Azərbaycan dilində

ain.az xəbər verir, News24 saytına əsaslanaraq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) həyata keçirdiyi mühüm layihələrdən biri film nümayişləridir. Bu layihə çərçivəsində Bakıda, məktəblərdə və bölgələrdə müxtəlif film nümayişləri təşkil olunur.

AKİ-dən News24.az-a bildirilib ki, layihənin əsas məqsədi, Azərbaycan tamaşaçılarını həm dünya kinosunun inciləri, həm də yerli və müstəqil filmlərlə tanış etmək, xarici filmlərin Azərbaycan dilində nümayişi vasitəsilə kino sənətinə daha geniş auditoriyanın çıxışını təmin etmək, həmçinin müzakirə mədəniyyətini formalaşdırmaqdır.

Bu təşəbbüs mədəniyyətlərarası dialoqu gücləndirir: tamaşaçılar müxtəlif ölkələrin kino nümunələri vasitəsilə yeni ideyalar və dünyagörüşləri ilə tanış olurlar. Layihə həm də yerli kino irsinin qorunmasına və təbliğinə xidmət edir. Azərbaycan klassik filmlərinin və tələbə işlərinin nümayişi gənc kinematoqrafçılar üçün əlavə stimul yaradır. Bununla yanaşı, tamaşaçıların filmlər ətrafında fikir mübadiləsi aparmasına şərait yaradaraq, kino mühitinin canlı və aktiv qalmasına töhfə verir.

Bu ənənəni davam etdirən AKİ yeni layihəyə start verir. İttifaqın yeni kinozalında hər həftənin cümə günü, saat 19:30-da dünya klassik filmləri Azərbaycan dilində tamaşaçılara təqdim olunacaq. Bununla yanaşı, izləyicilər Azərbaycan klassik filmlərini və tələbə filmlərini də izləmək imkanı əldə edəcəklər. Bura Federiko Fellininin “Orkestrin məşqi”, Nikita Mixalkovun “Şahidsiz” və “Urqa”, Kira Muratovanın “Qısa görüşlər”, Aleksey Germanın “20 müharibəsiz gün” və “Yollarda yoxlanış” və s. xarici və Elmar İmanovun “Mövsümün sonu”, İmam Həsənovun “Müqəddəs inək”, Çingiz Rəsulzadənin “Kuklalar”, İlkin Yusifin “Mən qəhrəman axtarıram” və digər yerli filmlər daxildir.

Layihə cəmiyyətin estetik zövqünün inkişafına xidmət edir, kino sənətini yalnız əyləncə vasitəsi deyil, həm də maarifləndirici və mədəni dəyər daşıyan sahə kimi təqdim edir. Eyni zamanda, gənc nəsildə kino yaradıcılığına maraq oyadaraq, onların gələcəkdə Azərbaycan kino sənətinə töhfə verməsi üçün zəmin yaradır.

Nümayişlərin tarixi və məkan haqqında tezliklə ətraflı məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
3
news24.az

4Источники