RU

"Yeniyetmə yaşda hamiləlik yüksək riskli hesab olunur" - HƏKİM AÇIQLADI

"Erkən nikah qadın sağlamlığı üçün həm tibbi, həm də psixososial baxımdan ciddi təhlükələr yaradır. Yeniyetmə yaşda orqanizm tam formalaşmadığı üçün hamiləlik yüksək riskli hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Ləman Əliyeva sözlərinə belə davam edib: "Belə hallarda preeklampsiya, anemiya, doğuş travmaları, erkən doğuş və hətta ana ölümü ehtimalı artır. Kiçik çanaq tam inkişaf etmədiyi üçün doğuş zamanı ciftin düzgün yerləşməməsi, müxtəlif travmalar, sonsuzluq və fistula kimi ginekoloji fəsadlar da yarana bilər.

Cinsi həyata erkən başlamaq qadınları infeksiyalara daha həssas edir. HPV, HIV və digər cinsi yolla keçən xəstəliklərə yoluxma riski bu dövrdə daha yüksək olur. Bununla yanaşı, uşaqlıq və gənclik dövründə məcburi ailə həyatı psixoloji travmalar doğurur. Qadınlarda depressiya, qorxu hissi və özünəinamın itməsi kimi problemlər formalaşır.

Erkən nikahın digər fəsadı təhsilin yarımçıq qalmasıdır. Təhsilini davam etdirə bilməyən qadın psixoloji geriləmə ilə yanaşı, gələcəkdə sosial-iqtisadi asılılıq riski ilə də üz-üzə qalır. Bu isə həm onun şəxsi inkişafını, həm də cəmiyyətə faydasını məhdudlaşdırır. Üstəlik, belə nikahların çox vaxt məcburi xarakter daşıması qadını həm fiziki, həm də emosional zorakılığa daha çox məruz qoyur.

Sağlamlıq baxımından erkən doğan qadınlarda xroniki ginekoloji problemlər və sonsuzluq riski yüksəlir. Sosial müstəvidə isə qadın öz həyatını seçmək imkanından məhrum olur, iqtisadi asılılıq güclənir. Bu vəziyyət yalnız qadına deyil, doğulan uşaqlara da təsirsiz ötüşmür. Erkən yaşda dünyaya gələn körpələrdə perinatal itkilər, aşağı çəki və inkişaf geriliyi daha çox müşahidə olunur.

Beləliklə, erkən nikah nə tibbi, nə psixoloji, nə də sosial baxımdan məqbul hesab edilə bilməz. Onun fəsadları həm qadının həyatına, həm də gələcək nəsillərin sağlamlığına ciddi təhlükələr yaradır".

Müəllif: Günel Fərzəliyeva
Избранный
44
1
sia.az

2Источники