RU

"Formula-1" Azərbaycan Qran-prisi daha 5 il uzadıldı 

Bu, etimad mühitinin formalaşması baxımından önəmli platformalardan biri olacaq

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin müqaviləsinin müddətinin 2030-cu ilədək uzadılması önəmli hadisədir və Azərbaycanda turizmin inkişafı, ölkənin turizm imkanları və mədəniyyətinin tanıdılması hədəflərinin realizəsi üçün əlavə münbit mühit vəd edir. Habelə bu qərar Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli və etibarlı məkan kimi imicinə effektiv təsir edəcək. 

Azərbaycanda 2016-cı ildən təşkil olunan "Formula-1" yarışları dünyanın ən bahalı və ən nüfuzlu idman növlərindən biridir və ölkəmiz bu əhəmiyyətli tədbiri doqquzuncu dəfə müvəffəqiyyətlə başa çatdırdı. Növbəti dəfə dünya mediasının diqqətini çəkən rəqabət, ulduz pilotlar, önəmli qonaqlar və daha maraqlı anlar ilə yadda qalan tədbirin daha 5 illik müqavilə ilə ölkəmizdə davam etməsi ilk növbədə bu məsuliyyətli tədbirin Bakıda layiqli formada təşkil edilməsinin göstəricisidir.

Unutmaq olmaz ki, avtoidman kateqoriyasının rəqibsiz lideri olan "Formula" tək idman sahəsinin inkişafına yox, eləcə də avtomobil sənayesi başda olmaqla bir sıra sferaların inkişafına birbaşa təsir edir. Məsələn, 1970-ci illər aerodinamika, 1980-ci illər turbo motorlar dövrünün təsiri ilə "Ferrari" komandasının 1990-cı illərdə yarışlar çərçivəsində etdiyi yeniliklər satış bazarında və avtomobil modellərində də özünü göstərdi. Yəni bu idman növü hər zaman inkişafdadır və heç vaxt aktuallığını itirməməklə bərabər, önəmli töhfələr verir. 

"Formula"nın tarixinə nəzər salsaq, məlum olur ki, ötən əsrin 30-cu illərində yarışların planlı şəkildə 1941-ci ildə start götürəcəyi elan olunsa da, I Dünya müharibəsinin başlaması səbəbindən proses 1947-ci ilə qədər təxirə salınıb. Həmin il başlayan "Formula A" yarışları bugünkü adını 1950-ci ildə alaraq Böyük Britaniyada "Formula-1" konsepti altında keçirilməyə başlayıb. Elə həmin ildən etibarən bir çox digər ölkənin əsas prospekt və küçələrində qurulan marşrutlar ilə yarış daha da populyarlaşaraq qlobal miqyas qazanıb. Belə ki, ABŞ, İsveçrə, Monako, İtaliya və Fransada baş tutan yarışlar "Formula-1" tarixində həlledici mərhələ sayılan ciddi addım hesab olunub. 

Bu gün paytaxtımızın evsahibliyi etdiyi "Formula-1" yarışlarına, əlbəttə, çox fərqli pəncərələrdən baxa bilərik. Lakin dəyişməyən bir reallıq var, "Rasing Bulls", "Uilliams", "McLaren", "Kick Sauber" və "Aston Martin" kimi önəmli komandaların, Maks Ferstappen, Karlos Sainz, Fernando Alonso kimi əfsanəvi pilotların iştirak etdiyi yarışın populyar kultda nə dərəcə önəmli olduğu mübahisə mövzusu deyil. Üstəlik, bu önəm ancaq idman sektorunu əhatələmir və bu, müasir dünya tarixinin önəmli və təsirli hadisələri sırasında özünə ciddi yer etmişdir. Bu mənada belə tarixi prosesin artıq 9 dəfə ölkəmizdə keçirilməsi çox qürurverici və sevindirici haldır. Bu hadisənin önəmi anlaşılandır, illər ötdükcə mahiyyəti daha da çox üzə çıxacaq. Çünki bu, Azərbaycanın ifadə etdiyi ali konstitusion niyyətlərlə və qarşıya qoyduğu milli prioritetlərlə tam üst-üstə düşür.  

Aydındır ki, hər bir dövlət üçün yalnız uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olarsa, ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yarada bilər. Bu ekosistemin təmini üçün çoxsaylı amillərin məcmusu zəruridir. Məsələn, xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması, ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi yüksəlişin təməl amilləri kimi çıxış edir. Qeyd edilən amillər sırasında ölkənin müsbət qlobal imicinin formalaşmasının təmin olunması çox vacibdir. Bu baxımdan "Formula-1"in qlobal maraq, ulduz pilotların çoxmilyonlu auditoriyaları, dünyada 400 milyon tamaşaçını ekranlara yaxınlaşdıran yarışın Bakıdan birbaşa canlı olaraq yayımlanması ölkənin imicinə pozitiv təsirlə yanaşı, inkişafın yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsinə təsir edə bilər.

Azərbaycanın çiçəkləndiyi və sürətlə inkişaf etdiyi dövrdə ölkəyə avtoidman pərəstişkarlarının üz tutması yalnız turist axını formatında qiymətləndirilməməlidir. Çünki məhz bu auditoriyadan sadəcə oyunun biletini alan bir fərdlər olaraq bəhs etmirik, bu həm də özünün milyonlarla izləyicisi olan populyar şəxslərin Azərbaycanın yaratdığı reallığı heç bir inzibati üsulla edilə bilməyəcək formada uğurlu təbliğinə yol açır. 

"Formula-1"in Azərbaycanda keçirilməsi eyni zamanda ölkənin təhlükəsiz investisiya mühiti imicinə də birbaşa təsir edir. Çünki bu və bunun kimi qlobal önəm daşıyan yarışlar, oyunlar, konsertlər və tədbirlər bir qayda olaraq ictimai-siyasi sabitlik və iqtisadi dayanıqlılıq olan ölkələrdə keçirilir. Yəni Cənubi Qafqaz kimi mürəkkəb bölgədə bu kimi tədbirlərin keçirilməsi, əslində, investorlar üçün zəmanətdir. 

Vətən müharibəsində zəfərimizdən, o cümlədən uğurlu antiterror tədbirlərindən sonra ölkəmiz əleyhinə əsassız ittihamlar, qarayaxmalar və böhtan kampaniyaları fonunda qlobal tədbirlərin böyük uğurla təşkili və müqavilə müddətinin uzadılması yalnız və yalnız düşünülmüş praqmatik siyasətin nəticəsi hesab edilməlidir. 

Bölgədə yaranan yeni geosiyasi reallıq, xüsusən Vaşinqton görüşünün ardınca  Prezident İlham Əliyevin sülh təşəbbüslərinin uğurla realizəsi mərhələsində "Formula-1" üzrə Azərbaycan Qran-prisinin daha 5 il ərzində keçirilməsi barədə qərar isə xüsusi əhəmiyyətə malikdir. Çünki "Formula-1" yarışları yaxın 5 ildə, xüsusən sülh müqaviləsinin imzalanmasından sonra həm də regionda ehtiyac duyulan etimad mühitinin formalaşması baxımından önəmli platformalardan birinə çevrilə bilər.

İbrahim ZAHİDLİ

Избранный
37
1
azerbaijan-news.az

3Источники