RU

Prezidentin köməkçisi: Əsas məqsəd Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdir

“Əsas məqsəd Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdir”.

 

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunda çıxışı zamanı bildirib.

 

“Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir. Bu artımı idarə etmək üçün biz əlavə investisiyalar yatırırıq və Bakı Limanının Qazaxıstan limanı ilə sinxronlaşdırılmasını təmin edirik. Bakı Limanı ildə 25 milyon ton yükötürmə qabiliyyətinə malikdir və bu imkanların genişləndirilməsi istiqamətində də işlər aparılır. Lakin bu, yalnız texniki bir məsələ deyil”, - deyə Hikmət Hacıyev bildirib.

 

Orta Dəhlizin əhəmiyyətindən danışan Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan bu istiqamətdə öz "ev tapşırığını" demək olar ki, tamamlayıb: “2020-ci ildən başlayaraq, Bakıdan Zəngilan və Ermənistan sərhədinə qədər uzanan dəmir yolu layihəsinin icrasına start verilib. Bu layihə 2026-cı ilin ortalarında yekunlaşacaq. Hazırda Ermənistan ərazisində yerləşən 42 kilometrlik Zəngəzur seqmenti üzərində də işlər aparılır və burada ABŞ-dan olan tərəfdaşlarımız iştirak edir. Üçüncü seqment isə Naxçıvanı əhatə edir. Bu sahədə də əlavə sərmayələr yatırılır və biz Avropa ölkələri də daxil olmaqla digər beynəlxalq tərəfdaşları əməkdaşlığa dəvət edirik. Bundan əlavə, Türkiyədə də bu dəhlizə paralel yeni layihələrə start verilib. Bu təşəbbüslər nəticəsində regionda dəmir yolu və avtomobil yolları ilə inteqrasiya olunmuş nəqliyyat dairəsi formalaşacaq və əlavə iqtisadi faydalar gətirəcək”.

 

Hikmət Hacıyev əsas məqsədin Cənubi Qafqazı bir qarşıdurma məkanı deyil, əməkdaşlıq məkanına çevirmək olduğunu bildirib: “Tarixən bu region münaqişə və müharibələrdən ciddi şəkildə əziyyət çəkib. Lakin biz bu reallığı dəyişmək niyyətindəyik. Təəssüf ki, yaxın qonşuluğumuzda iki mühüm geosiyasi gərginlik yaşanır. Bununla belə, biz çalışırıq ki, bu gərginliklərin təsirindən yayınaraq, öz regionumuzda sabitlik, rifah və əməkdaşlıq mühitini təmin edək. Azərbaycan müharibədə qalib gəlib, indi isə sülhü qazanırıq. Bu, bizim əsas məqsədimizdir. Azərbaycan regionda davamlı sülhün və əməkdaşlığın bərqərar olması üçün bütün imkanlarını səfərbər edir”.

Tarix: 24 Sentyabr 2025, 08:13   
Избранный
61
9
pravda.az

6Источники