Bəzək üçün 3 şar, iki kəpənək, 4 manat pul...
Xezerxeber.az xəbər verir ki, Laçın rayonundan keçmiş məcburi köçkün, yığılan pulu ödəmədiyi üçün övladının məktəbdən uzaqlaşdırıldığını iddia edir.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən Məlik Alışov deyir ki, övladlarının ikisi Fatmai qəsəbəsində yerləşən Şuşa rayon 9 nömrəli məktəbin şagirdidir. Bu il ailənin sonbeşiyi həmin məktəbin 1-ci sinifində təhsil alacaqmış...
Amma, ailə bu sevinci doyunca yaşaya bilməyib...
Məlik Alışov iddia edir ki, sentyabrın 15-i, yəni kiçik övladı İsanın 1-ci sinifə qədəm qoyduğu ilk gün ailədən sinfin bəzədilməsi üçün 4 manat tələb edilib. Ailə və Şuşa rayon 9 nömrəli məktəbin rəhbərliyi arasında gərginlik də elə buradan başlayıb.
Valideyn iddia edir ki, onun yığılan vəsaitlə bağlı səsləndirdiyi tənqidi fikir Şuşa rayon 9 nömrəli tam orta məktəbin direktoru Vüsalə Alıxanovanın hiddətinə səbəb olub. Elə bu səbəbdən direktor valideyndən hüquq-mühafizə orqanlarına şikayət edib.
İndi çarəsiz qaldığını bildirən valideyn Şuşa rayon 9 nömrəli məktəbin 1, 5 və 9-cu siniflərində oxuyan övladlarının təhsil alması üçün yenidən məktəb axtarışında olduğunu deyir.
Valideynin iddiasının nə dərəcədə doğru olduğunu, onun övladlarının məktəbdə təhsil almasına problem yaradılıb-yaradılmadığını aydınlaşdırmaq məqsədilə məktəbin direktoru ilə də əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərimiz baş tutmadı. Qarabağ Regional Təhsil İdarəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, iddialara araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.