RU

Bakının qlobal investisiya arenasında artan nüfuzu: Lider maliyyə şirkətləri Azərbaycanla əməkdaşlığa can atırlar

Prezident İlham Əliyevin dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri ilə görüşləri Azərbaycanın beynəlxalq maliyyə məkanında artan nüfuzunun bariz göstəricisidir. "Brookfield Asset Management"in baş icraçı direktoru Brüs Flətt, "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volker, həmçinin "Blackstone" şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qreylə baş tutan müzakirələr qlobal maliyyə liderlərinin ölkəmizə diqqətinin artdığını nümayiş etdirir.

Xüsusilə qeyd edilməlidir ki, hər üç şirkət dünyanın ən iri alternativ investisiya idarəedici qurumlarındandır və trilyonlarla dollarlıq aktivləri idarə edir. Onların Azərbaycan Prezidentinə müraciət edərək görüşlər keçirməsi ölkəmizin iqtisadi mühitinə, investisiya imkanlarına və regiondakı strateji roluna olan marağın artması ilə bağlıdır.

Görüşlər zamanı Azərbaycanın həyata keçirdiyi islahatlar, əlverişli biznes mühiti və iqtisadi inkişaf perspektivləri diqqət mərkəzində olub. Bu, həm də Azərbaycanın təkcə enerji sahəsində deyil, qeyri-neft sektorunda da xarici sərmayədarlar üçün cəlbedici tərəfdaş olduğunu təsdiqləyir.

Nüfuzlu maliyyə nəhənglərinin Azərbaycana diqqət göstərməsi ölkəmizin qlobal investisiya xəritəsində mövqeyini möhkəmləndirməklə yanaşı, gələcəkdə yeni tərəfdaşlıq imkanlarının yaranmasına da zəmin yaradır.

Bu baxımdan 1985-ci ildən fəaliyyət göstərən "Blackstone" şirkəti xüsusi əhəmiyyət daşıyır. Hazırda 1,2 trilyon ABŞ dolları həcmində aktivləri idarə edən "Blackstone" yalnız alternativ investisiyalar sahəsində deyil, ümumilikdə beynəlxalq maliyyə bazarlarında lider mövqeyə malikdir. Onun idarə etdiyi aktivlərin dəyəri dünyanın ÜDM-in 1 faizindən çoxuna bərabərdir ki, bu da bir çox ölkələrin ümumi iqtisadi potensialını üstələyir.

Şirkət daşınmaz əmlak sahəsində qlobal miqyasda rekord göstəricilərə nail olub. Təkcə 2023-cü ildə "Blackstone Real Estate Partners X" fondu 30,4 milyard ABŞ dolları vəsait cəlb edərək tarixdə ən böyük özəl daşınmaz əmlak fondu kimi qeydə alınıb. Bundan əvvəl isə şirkət 2007-ci ildə 26 milyard dollara "Hilton" otellər şəbəkəsini alaraq hotel sənayesində ən iri əməliyyatlardan birini həyata keçirib. Bu faktlar Azərbaycanın əməkdaşlıq etdiyi tərəfdaşın gücünü və etibarlılığını açıq şəkildə nümayiş etdirir.

"Blackstone"un investisiya portfeli həm də logistika və rəqəmsal infrastruktur kimi sahələri əhatə edir. Şirkətin idarə etdiyi "Link Logistics" platforması 46 milyon kvadratmetrdən çox anbar sahəsinə sahibdir ki, bu, bütöv bir ölkənin logistika potensialına bərabərdir. Digər tərəfdən, "Mileway" şirkəti üzərindən Avropanın ən böyük şəhərdaxili logistika əməliyyatı 21 milyard avro dəyərində həyata keçirilib. Bu miqyaslı layihələr Azərbaycanın da iştirak etdiyi qlobal iqtisadi şəbəkələrin hansı güclü oyunçularla qurulduğunu təsdiqləyir.

Rəqəmsallaşma dövründə "Blackstone"un texnologiya və data mərkəzləri sahəsində rolu xüsusi önəmlidir. Şirkətə məxsus "QTS Data Centers" platforması 2 qiqavatt elektrik tutumuna malikdir ki, bu da böyük şəhərlərin enerji istehlakı ilə müqayisə oluna biləcək göstəricidir. Bu, Azərbaycanın da inkişaf strategiyasında önəmli yer tutan süni intellekt, bulud texnologiyaları və rəqəmsal xidmətlər sahəsinə sərmayələrin hansı güclü bazalara söykəndiyini göstərir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 2015-ci ildən etibarən "Blackstone" ilə strateji tərəfdaşlıq quraraq bu güclü şəbəkənin bir hissəsinə çevrilib. Fondda yerləşdirilən 1 milyard dollardan artıq investisiya Şimali Amerika, Avropa və Asiya bazarlarını əhatə edir. Bu əməkdaşlıq Azərbaycanın yalnız gəlir əldə etməsini deyil, həm də logistika, rəqəmsal infrastruktur, yaşıl enerji və səhiyyə kimi gələcəyin sahələrinə birbaşa çıxışını təmin edir.

Azərbaycanın qlobal maliyyə bazarındakı etibarlı tərəfdaşlarından biri də "Brookfield Asset Management" şirkətidir. 1899-cu ildə yaradılmış bu nəhəng investisiya meneceri hazırda 1 trilyon ABŞ dolları həcmində aktivləri idarə edir və dünyanın ən böyük alternativ investisiya qurumlarından hesab olunur. Şirkətin fəaliyyət coğrafiyası 30-dan çox ölkəni əhatə edir və portfelində 2 500-dən artıq müxtəlif aktiv var. Bu miqyaslı şəbəkə Azərbaycanın da beynəlxalq iqtisadi əməkdaşlıqlarında xüsusi rol oynayır.

"Brookfield"in 125 illik investisiya təcrübəsi və geniş portfeli onun etibarlılığını artıran əsas amillərdəndir. Şirkətin ABŞ, Avropa, Asiya-Sakit Okean, Kanada və Cənubi Amerikada yüz milyardlarla dollar dəyərində aktivləri var. Sektorlar üzrə isə daşınmaz əmlak, infrastruktur, özəl səhm, kredit və bərpa olunan enerji sahələrinə yönələn yüz milyardlarla dollarlıq yatırımlar mövcuddur. Bu diversifikasiya Azərbaycanın əməkdaşlıq etdiyi tərəfdaşın həm maliyyə dayanıqlığını, həm də geniş təsir gücünü göstərir.

Bərpa olunan enerji sahəsində "Brookfield" dünya liderlərindən biridir. Şirkət 43 qiqavat hazır enerji gücünə və 227 qiqavat həcmində layihə boru xəttinə sahibdir ki, bu, Hindistan kimi nəhəng bir ölkənin enerji istehsalını üstələyir. "Microsoft" və "Google" ilə imzalanmış müqavilələr isə "Brookfield"in yalnız sərmayəçi deyil, həm də texnologiya nəhənglərinin enerji təminatçısı olduğunu sübut edir. Bundan başqa, "Westinghouse Electric Company" üzərində nəzarəti sayəsində şirkət nüvə texnologiyalarında da aparıcı oyunçudur. Azərbaycanın "yaşıl enerji" hədəfləri fonunda belə bir tərəfdaşla əməkdaşlıq strateji əhəmiyyət daşıyır.

Şirkətin infrastruktur və rəqəmsal iqtisadiyyata yatırımları da diqqətəlayiqdir. "Brookfield"in 312 min telekom qülləsi, on minlərlə kilometr fiber optik şəbəkəsi və yüzdən çox data mərkəzi var. Daşınmaz əmlak üzrə isə 36 milyon kvadratmetrlik sahə idarə olunur. Bu resurslar qlobal rəqəmsal inkişafın əsas dayaqlarını formalaşdırır və Azərbaycanın telekom, logistika və rəqəmsal transformasiya hədəfləri ilə uzlaşır.

ARDNF 2019-cu ildən "Brookfield" ilə strateji tərəfdaşlıq quraraq 660 milyon ABŞ dollarından çox sərmayə yatırıb. Bu əməkdaşlıq sayəsində fond təkcə infrastruktur və daşınmaz əmlak sahəsində deyil, həm də təhsil sektorunda - məsələn, BƏƏ-də fəaliyyət göstərən "GEMS Education" şəbəkəsində - mühüm iştirakçıya çevrilib. Gələcəkdə bu tərəfdaşlıq Azərbaycanın yaşıl enerji, rəqəmsal iqtisadiyyat, logistika və təhsil sahələrində yeni layihələr həyata keçirməsinə zəmin yaradır.

Azərbaycanın qlobal investisiya mühitində etibarlı tərəfdaşlarından biri də "Neuberger Berman" şirkətidir. 1939-cu ildən fəaliyyət göstərən bu aparıcı qlobal investisiya meneceri hazırda 538 milyard ABŞ dolları aktiv idarə edir ki, bunun 140 milyard dolları alternativ investisiyalara yönəldilib. Şirkətin 26 ölkədə ofisləri var və səhmlər, istiqrazlar, hedc fondları, daşınmaz əmlak, infrastruktur və özəl səhm kimi müxtəlif aktivlər üzrə investisiyalar həyata keçirir. Bu miqyaslı portfel Azərbaycanın strateji investisiya təşəbbüsləri üçün mühüm resurs yaradır.

"Neuberger Berman"in qlobal investisiya fəaliyyəti arasında təhsil sektorunda uğurlu layihələr də yer alır. Məsələn, şirkət "Nord Anglia Education" konsorsiumuna rəhbərlik edərək dünyanın 30 ölkəsində yerləşən 80-100 məktəbdən ibarət qlobal K-12 şəbəkəsində paya sahibdir. Bu layihə Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlıqlar üçün nümunəvi model təqdim edir.

Sənaye və texnologiya sektorlarında da "Neuberger Berman"in əhəmiyyətli mövqeyi var. Şirkətin investisiya etdiyi "Solenis" qlobal sənaye kimyəvi məhsulları istehsalçısıdır və 70 müəssisəsi ilə altı qitədə 160 ölkədə fəaliyyət göstərir. Bu cür güclü şəbəkə Azərbaycanın sənaye və ekoloji texnologiyalara yönəlmiş təşəbbüslərində strateji tərəfdaşlıq imkanlarını genişləndirir.

ARDNF 2016-cı ildən "Neuberger Berman" ilə strateji əməkdaşlıq qurub. Xüsusi idarəetmə mandatı çərçivəsində fond 600 milyon ABŞ dollarına yaxın investisiya qoyub. Şirkət əsasən informasiya texnologiyaları, istehlak/elektron ticarət, sənaye texnologiyaları və səhiyyə sahələrinə sərmayə yönəldir ki, bu da portfelin müxtəlif makroiqtisadi şərtlərə dayanıqlılığını təmin edir.

"Neuberger Berman" ilə əməkdaşlıq Azərbaycanın təhsil, səhiyyə, texnologiya və sənaye sahələrində strateji inkişafını dəstəkləyir. Fondun bu tərəfdaşlıq sayəsində əldə etdiyi imkanlar həm investisiya gəlirləri, həm də uzunmüddətli strateji üstünlüklər baxımından ölkənin iqtisadi və sosial inkişafına mühüm töhfə verir.

Bir daha qeyd edilməlidir ki, görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutması Azərbaycanın iqtisadiyyatının etibarlı və cəlbedici tərəfdaş kimi qiymətləndirildiyini nümayiş etdirir. Bu fakt eyni zamanda Azərbaycanın strateji mövqeyinin güclü olduğunu və qlobal investorların diqqətini cəlb etdiyini təsdiqləyir.

Hər üç şirkətin qlobal miqyasda həyata keçirdiyi layihələr Azərbaycanın investisiya siyasətinə uyğun sahələri əhatə edir və ölkəmizə yeni əməkdaşlıq imkanları təqdim edir. ARDNF-in bu şirkətlərlə strateji tərəfdaşlığı isə yalnız investisiya gəlirləri ilə məhdudlaşmır, həm də Azərbaycanın yaşıl enerji, rəqəmsal infrastruktur, təhsil və səhiyyə sahələrində inkişafını dəstəkləyir.

Beləliklə, bu görüşlər və mövcud əməkdaşlıqlar Azərbaycanın qlobal iqtisadi arena və investisiya şəbəkələrindəki mövqeyini daha da gücləndirir. Qlobal maliyyə nəhəngləri ilə qurulan tərəfdaşlıqlar ölkəmizin uzunmüddətli strateji məqsədlərinə xidmət edir və ölkənin müxtəlif sektorlarında dayanıqlı inkişafın təmin olunmasına zəmin yaradır. Bu isə Azərbaycanın həm regional, həm də beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artıran mühüm faktor kimi çıxış edir.

Избранный
6
2
day.az

3Источники