RU

Azərbaycanın artan beynəlxalq nüfuzunun təzahürü

"Prezident İlham Əliyevin Nyu-Yorka işgüzar səfəri ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi və Azərbaycana olan marağın artmasının bariz göstəricisi kimi diqqət çəkir. Dünyanın alternativ investisiyalar üzrə ən böyük idarəedici şirkətlərindən olan “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi maliyyə nəhənglərinin rəhbərləri ilə keçirilən görüşlər təsadüfi deyil. Bu görüşlərin qarşı tərəfin müraciəti əsasında reallaşması Azərbaycanın iqtisadi imkanlarına, strateji mövqeyinə və sabit inkişafına göstərilən inamın açıq ifadəsidir".


Bunu Manset.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib. 

Millət vəkili bildirib ki, BMT Baş Assambleyası çərçivəsində keçirilən bütün görüşlərin məhz xarici tərəfin təşəbbüsü ilə baş tutması isə ölkəmizin beynəlxalq müstəvidə artan rolunun, Prezident İlham Əliyevin liderliyinə və dövlətimizin prinsipial siyasətinə olan hörmətin göstəricisidir:

"Bu fakt Azərbaycanın artıq yalnız regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi qəbul olunduğunu təsdiqləyir.

Sentyabrın 25-də BMT tribunasından səsləndiriləcək çıxış Azərbaycanın sülh gündəliyinin beynəlxalq auditoriyaya təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezidentin əsas mesajı sülh ideyası olacaq. Azərbaycan uzun illər boyu beynəlxalq qurumlardan sülh gözlədi, lakin buna nail olmadı. Nəticə etibarilə ölkəmiz öz gücü və qətiyyəti ilə bu məqsədə çatdı. Bu, dünya ictimaiyyətinə təqdim ediləcək mühüm tezislərdən biridir. Digər dövlət başçılarının çıxışlarında Azərbaycan–Ermənistan münasibətlərinə toxunulsa belə, mövzu ümumi kontekstdə təqdim olunacaq və Azərbaycanın əldə etdiyi tarixi uğur fonunda qiymətləndiriləcək.

Beləliklə, Prezident İlham Əliyevin Nyu-York səfəri yalnız görüşlərin zənginliyi ilə deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə artan çəkisinin nümayişi ilə yadda qalır. Bu, ölkəmizin qlobal siyasi və iqtisadi proseslərdə söz sahibinə çevrildiyini bir daha təsdiqləyir".

Избранный
13
manset.az

1Источники