RU

Paşinyan Zəngəzurla bağlı nöqtəni qoydu Ermənilərdən Bakıya son CAVAB

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər. Tərəflər 2025-ci il avqustun 8-də baş tutan Vaşinqton görüşünün nəticələrinə əsaslanaraq sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Son günlərdə iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri, ümumilikdə danışıqların intensivləşməsi müsbət dəyərləndirilir. Həmçinin rəsmi İrəvan yekun sülh sazişinin imzalanması üçün məkanın müəyyənləşməsi istiqamətində müzakirə hazır olduğunu bildirib.

Tərəflərin görüşləri zamanı nə kimi detallar müzakirə olunur? Mövcud gedişata uyğun olaraq sülh sazişinin hansı məkanda imzalanması mümkün görünür?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Azərbaycan və Ermənistan hakimiyyətləri sülh istiqamətində mühüm bir addım ataraq 2025-ci il avqustun 8-də sülh müqaviləsinin mətnini parafladılar, dövlətlərarası münasibətlərin qurulmasına dair müqavilə layihəsini razılaşdırdılar:

“Eyni zamanda, TRIPP adı altında Zəngəzur dəhlizinin açılması istiqamətində təşəbbüsü reallaşdırmaq üçün birgə işçi qrupunun yaradılması qərara alındı. Sülh və etimad quruculuğu tədbirlərinin gələcək dövrdə daha da gücləndiriləcəyi bəyan edildi. Hazırda bu istiqamətlər üzrə real işlər aparılır.

Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamalarında, müvafiq işçi qrupları çərçivəsində Azərbaycanla fəaliyyətin sinxronlaşdırılması niyyətlərini ifadə edib. O, Azərbaycanda bu dəhlizin “Zəngəzur” adlandırılmasının sülhə heç bir təhdid yaratmadığını bildirib. Hətta “IV Respublika” tezisi ilə 8 avqustdan sonrakı dövrü Ermənistan üçün “sülh erası” adlandırıb. Bu mərhələdə artan diplomatik fəallıq qarşılıqlı sülh niyyətinə sadiqliyin göstəricisi kimi qiymətləndirilə bilər.

Diqqət çəkən hadisələrdən biri də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyanın Azərbaycana səfər edərək 19–21 sentyabr tarixlərində 95 ölkənin təhlükəsizlik xidmətləri nümayəndələrinin iştirakı ilə keçirilən Bakı Təhlükəsizlik Forumuna qatılmasıdır. Digər tərəfdən, Azərbaycan nümayəndə heyətinin – Milli Məclisin üzvləri və beyin mərkəzlərinin rəhbər şəxsləri səviyyəsində – NATO tədbirində iştirak məqsədilə İrəvana səfəri də iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir”.

Şəhla Cəlilzadə

Siyasi şərhçi əlavə edib ki, Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də yeni dövrdə qarşılıqlı münasibətlərin əsas konturlarının formalaşmasına xidmət edir.

“Burada iki əsas məqam xüsusi vurğulanmalıdır:

1.Suverenlik və ərazi bütövlüyü prinsiplərinin qarşılıqlı tanınması – Bu, ilk növbədə, Ermənistanda işğal dövrünə aid konstitusiyadan imtina edilməsini və yeni “sülh dövrü” konstitusiyasının qəbulunu şərtləndirir.

2.ABŞ-ın dəstəyi ilə regional kommunikasiyaların açılması və regional təhlükəsizliyin təmin olunması – Bu, sülh müqaviləsinin praktik nəticələrinin reallaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Nəticə etibarilə, Bakı-İrəvan münasibətlərinin və sülh gündəliyinin gələcəyi, bir tərəfdən Ermənistanın daxili siyasətdə atacağı qəti addımlardan, digər tərəfdən isə Azərbaycanın sülh çağırışlarına erməni ictimaiyyətinin verəcəyi cavabdan – yəni referendum nəticələrindən asılı olacaq. 2026-cı ilin iyun ayında baş tutacaq parlament seçkilərindən sonra konkret həll mərhələsinə keçiləcəyi gözlənilir. Bu baxımdan, 2025-ci ilin sülh prosesində həlledici dönüş ili kimi tarixə düşəcəyi qeyd oluna bilər”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
globalinfo.az

1Источники