RU

Xarici siyasətimizdə "iqtisadi diplomatiya" dövrü başlayıb...


“İqtisadi diplomatiya” Azərbaycanın xarici siyasətinin artıq daha çox iqtisadi maraqlar üzərində qurulmasıdır

Prezident İlham Əliyevin Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində bildirilir ki, Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin Müqaviləsi” qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşərək, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaradıb:

"Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir".

Prezident "iqtisadi diplomatiya" dedikdə nəyi nəzərdə tutur?

Baki-xeber.com nəşrinə görə, “Iqtisadi diplomatiya” anlayışı Prezident İlham Əliyevin çıxışında Azərbaycanın xarici siyasətində yeni prioritetlərin ön plana çəkildiyini ifadə edir.

Sadə dillə desək, iqtisadi diplomatiya odur ki, dövlət yalnız siyasi əlaqələrə deyil, həm də iqtisadi maraqlara əsaslanan münasibətlər qurur. Bu zaman diplomatik fəaliyyətin mərkəzində ölkənin investisiya imkanlarının təşviqi, ixrac bazarlarının genişləndirilməsi, transmilli layihələrin reallaşdırılması və qeyri-neft sektorunun inkişafı dayanır.

Prezidentin vurğuladığı məqamlar əsasən yeni əməkdaşlıq əlaqələrinin qurulmasına əsaslanır, yəni Azərbaycan tərəfdaş ölkələrlə qarşılıqlı sərfəli iqtisadi layihələrə üstünlük verir.

Eyni zamanda, qeyri-neft sektorunun dəstəklənməsi – kənd təsərrüfatı, sənaye, rəqəmsal iqtisadiyyat, turizm və digər sahələrin inkişafı üçün beynəlxalq tərəfdaşlar cəlb olunur.

Digər tərəfdən, turizm potensialının gücləndirilməsi ilə Azərbaycanın mədəni, tarixi və təbii imkanları beynəlxalq miqyasda tanıdılır.

Regional sabitlikdən iqtisadi fayda əldə olunur, yəni münaqişələrin aradan qalxmasından sonra region ölkələri ilə inteqrasiya və əməkdaşlığin qurulmasına önəm verilir.

Yəni “iqtisadi diplomatiya” Azərbaycanın xarici siyasətinin artıq daha çox iqtisadi maraqlar üzərində qurulduğunu və diplomatiyanın əsas vasitə kimi investisiyalar, ticarət, turizm və logistika istiqamətlərinə yönəldiyini göstərir.

Azərbaycan üçün iqtisadi diplomatiyanın faydalarını aşağıdakı kimi qruplaşdırmaq olar.

İqtisadi şaxələnmə (diversifikasiya) neftdən asılılığın azalmasına imkan yaradır. Kənd təsərrüfatı, sənaye, turizm, logistika, rəqəmsal texnologiyalar kimi sahələrin inkişafına şərait yaradır.

İnvestisiyaların cəlb olunması xarici sərmayədarların Azərbaycana marağını artırır. Müasir texnologiya və innovasiyaların ölkəyə gəlməsinə səbəb olur. Yeni iş yerləri və sahibkarlıq imkanları yaradır.

İxrac bazarlarının genişləndirilməsi Azərbaycan məhsullarının (kənd təsərrüfatı, sənaye, turizm xidmətləri və s.) yeni bazarlara çıxışını təmin edir. Yerli istehsalçıların beynəlxalq rəqabətə qoşulmasına şərait yaradır.

Regional və qlobal əməkdaşlıq transmilli enerji və nəqliyyat layihələrində Azərbaycanın rolunu gücləndirir. Ölkəni beynəlxalq ticarət və logistika mərkəzinə çevirir.

Davamlı inkişaf və sabitlik iqtisadi maraqlar üzərində qurulan əməkdaşlıq uzunmüddətli sülh və qarşılıqlı etimadı möhkəmləndirir. Sosial rifahın yüksəlməsinə, regionların inkişafına töhfə verir.

İmicin gücləndirilməsi ilə Azərbaycan beynəlxalq arenada “etibarlı tərəfdaş” obrazı qazanır. Ölkənin turizm brendi və investisiya cazibəsi artır.

Dəniz NƏSİRLİ

Избранный
35
baki-xeber.com

1Источники