RU

"İmişli"nin futbolçusu: "Zirə"yə də qalib gəlmək istəyirik"

"Qalib gəldik, artıq 4 oyundur meydanda məğlub olmuruq. Hər qarşılaşmadan xal götürə bilirik".

İdman.biz xəbər verir ki, bunu sportnet.az-a açıqlamasında "İmişli" komandasının futbolçusu İdris İnqilablı səfərdə "Karvan-Yevlax"a 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının V tur matçından sonra deyib.

24 yaşlı yarımmüdafiəçisi elitanın debütantı olmalarına baxmayaraq, çox yaxşı çıxış etdiklərini bildirib: "Bu il əsas liqaya yeni gəlməyimizə baxmayaraq, çox yaxşı çıxış edirik. “Sumqayıt”la oyunumuz da uğurlu keçmişdi, sadəcə texniki məğlubiyyətə görə xalımız silindi. O xal silinməsəydi, artıq 10 xalımız olacaqdı. Bu gün qalib gəldiyimiz üçün çox xoşbəxtəm".

80-ci dəqiqədə komandasının üçüncü qolunun məhsuldar ötürmə müəllifi olan İnqilablı keçirdiyi hissləri də bölüşüb: "Əlbəttə, bu hər futbolçunun istədiyi bir hissdir. Hər kəs qol vurmaq, qol ötürməsi etmək istəyir, bu da başqa bir sevincdir. Mənim üçün yeni mövsümdə ilk "asist" oldu və çox yaxşı hisslər yaşadım".

"İmişli"nin futbolçusu sentyabrın 26-da Quba Olimpiya İdman Kompleksinin stadionunda lider "Zirə"yə qarşı keçirəcəkləri növbəti oyuna da qələbə hədəfi ilə çıxacaqlarını diqqətə çatdırıb: “Zirə” ilə oyuna da tam köklənəcəyik və həmin matçda da qalib gəlmək istəyirik. Baş məşqçimizin də tapşırığı budur ki, bütün oyunlara xal üçün çıxmalıyıq".

Qeyd edək ki, yalnız ilk turda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzan "İmişli" IV turda "Sumqayıt"a eyni hesabla qalib gəlsə də, adı protokolda olmayan oyunçunu meydana buraxdığı üçün texniki məğlubiyyət alıb - 0:3. Hazırda Jorj Kaşkilyanın baş məşqçi olduğu kollektiv 5 oyundan 7 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz

Избранный
26
1
idman.biz

2Источники