RU

Bəhruz Quliyev: "Azərbaycan yalnız enerji təminatçısı deyil, həm də geosiyasi güc mərkəzidir" – ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bir daha təsdiq etdi ki, ölkəmiz regionun iqtisadi-siyasi mərkəzinə çevrilməkdədir. Bu Forum təkcə iqtisadi tərəfdaşlıqların müzakirəsi deyil, həm də yeni geosiyasi trendlər fonunda Azərbaycanın artan rolunun nümayişidir".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. 

"İlk növbədə qeyd etməliyik ki, belə beynəlxalq tədbirlər ölkəmizin investisiya cəlbediciliyini artırmaqla yanaşı, Azərbaycanın qlobal iqtisadi şəbəkələrə inteqrasiyasını da sürətləndirir. Bu isə yalnız iqtisadi mənfəət deyil, həm də geosiyasi üstünlüklər gətirir. Çünki kapitalın, texnologiyanın və biliklərin Azərbaycana yönəlməsi, ölkəmizi regionda qərarların qəbul edildiyi əsas platformalardan birinə çevirir, " - deyə ekspert əlavə edib. 

B.Quliyev qeyd edib ki, xarici investisiyaların artması Azərbaycanın regional siyasi mövqeyinə də ciddi təsir göstərir. Əvvəla, müxtəlif ölkələrin biznes dairələrinin maraqlarının Azərbaycanda toplanması, bu dövlətlərin Bakıya münasibətində əlavə strateji maraq yaradır. İkincisi, iqtisadi inteqrasiyanın güclənməsi Azərbaycanın regional sabitlikdə və əməkdaşlıqda lider rolunu möhkəmləndirir. Bu, həm də Azərbaycanı regionun təkcə enerji təminatçısı deyil, eyni zamanda sənaye, logistika və innovasiya mərkəzi kimi təqdim edir.

Siyasi ekspert vurğulayıb ki, yeni trendlər, yəni, yaşıl enerji, rəqəmsal iqtisadiyyat, dayanıqlı inkişaf modelləri  fonunda Azərbaycanın çevik strategiya həyata keçirməsi ölkəmizə daha böyük imkanlar açır. Forum çərçivəsində imzalanmış milyardlarla dollarlıq müqavilələr isə bunun real təsdiqidir. Bu proses Azərbaycanın postmünaqişə dövründə quruculuq işlərinə də əlavə stimul verir və ölkəni gələcəyin iqtisadiyyatına doğru aparır. 

"Beləliklə, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu göstərdi ki, Azərbaycan təkcə regionun enerji xəritəsini müəyyənləşdirmir, həm də yeni iqtisadi nizamda geopolitik güc mərkəzi rolunu möhkəmləndirir. Bu, həm dövlətimizin strateji vizyonunun, həm də Prezident İlham Əliyevin uzaqgörən, praqmatik addımlarının  nəticəsidir," - deyə ekspert sonda bildirib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
olaylar.az

1Источники