RU

Əsas kapital qoyuluşu və yeni layihələr: Azərbaycan iqtisadiyyatında perspektivlər - ÖZƏL

Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin investisiya imkanlarını və iqtisadi inkişaf strategiyalarını önə çıxarıb. Forum çərçivəsində panel sessiyalar təşkil olunub, ilk gün 5,5 milyard dollarlıq layihələr imzalanıb, ikinci gün isə həm yerli, həm də xarici şirkətlərin iştirakı ilə yeni investisiya layihələrinin təqdimatı gözlənilir. Bu forumun Azərbaycan iqtisadiyyatına təsiri nədir? Azərbaycan iqtisadiyyatının bu qədər böyük investisiya layihələrini cəlb etməsi uzunmüddətli iqtisadi dayanıqlığa necə təsir göstərə bilər? 
Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlama verib: 
" Ötən il tək Azərbaycanda deyil, ümumiyyətlə, dünya üzrə  xarici investisiyaların həcmi o qədər də arzu olunan səviyyədə olmayıb. Ümumi qlobal investisiya həcmi 1,5 trilyon dollar olub ki, bu da əvvəlki illə nisbətən 11% azalma deməkdir. Təbii ki, bunun baş verməsində geosiyasi məsələlərin böyük təsiri olub. Bu il isə cüzi artım gözlənilir və bunun əsas səbəbi maliyyə şərtləridir. Azərbaycana baxdıqda da oxşar tendensiya müşahidə olunub. İlk yarıda birbaşa xarici investisiyalar 3,2 milyard dollar olub. Bunun bir hissəsi qeyri-neft sektoruna yönəlib. Qeyri-neft sektoruna investisiya həcmi 733 milyon dollar, reinvestisiya isə 240 milyon dollar təşkil edib. Yəni, böyük hissəsi bu il neft sektoruna investisiya olunub, amma gündəmdə olan  bu tədbirin məqsədi daha çox qeyri-neft sektoruna xarici investisiya cəlb etməkdir. Ona görə də birbaşa xarici investisiyalar ölkəmiz üçün ilk növbədə ümumidaxili məhsulun artımına töhfə verir, kapital gətirir və eyni zamanda müasir idarəetmə üsullarını və texnologiyalarını ölkəmizə gətirir. Digər tərəfdən, ölkəmizdə məhsuldarlığı artırır, çünki xarici şirkətlər yerli şirkətlər üçün yeni standartlar ortaya qoyur və bunun nəticəsində ölkənin ixrac imkanları genişlənir. İxrac imkanlarının artması isə birbaşa ölkəyə əlavə valyuta daxil olmasını təmin edir ki, bu da iqtisadiyyatın canlanması deməkdir. Nəticə etibarilə, əsas kapitalın qoyuluşu xüsusi kəşf artır və bu, iqtisadiyyatın real sektoru üçün ciddi dayaqlar formalaşdırır. 
Məhz bu forum çərçivəsində imzalanan sənədlər, yəni layihə təşəbbüsləri, razılaşdırılmış layihə təşəbbüsləri həm sənayədə, həm də iqtisadiyyatın ayrı-ayrı sahələrində yeni dəyərlərin yaradılmasına xidmət etmək məqsədini daşıyır. Və bu da, qeyd etdiyim kimi, ölkə iqtisadiyyatına demək olar ki, əsas istiqamətlər üzrə öz töhfəsini verə bilər, amma bu layihələr peşəkar şəkildə icra olunarsa, çünki sənədlərin imzalanması hələ hər şey demək deyil. Ümid edirik ki, hər bir qurum öhdəsində düşən öhdəlikləri maksimum şəkildə icra etməyə çalışacaq, subyektiv maraqlar heç bir halda önə çıxmayacaqdır. Ölkə iqtisadiyyatının taleyi hər bir qurum üçün öz qurumunun taleyi qədər önəmli olacaqdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
1
olaylar.az

2Источники