RU

Sahibkarlığın olmaması büdcə gəlirlərinin olmamasıdır- ÖZƏL

Bu məqalədə iqtisadi əsaslandırmanın vacibliyi, iqtisadi savadlığın zəif olması ilə ölkə iqtisadiyyatının inkişafı arasındakı əlaqə, cəmiyyətdə tənqidə dözümlüyün zəif olması, rəy mədəniyyəti, ictimai müzakirələrin qışqırıq, aqressiya deyil, fakt və arqumentlərə əsaslanması kimi çoxsaylı istiqamətlərə toxunmağa çalışmışam. 
Kiçik bir araşdırma apardım və gördüm ki, inkişaf etmiş və etməkdə olan ölkələrin demək olar ki, hamısında dövlət və özəl qurumlarda iqtisadçılar ya şöbə, ya departament şəklində nisbətən müstəqil şəkildə, yəni işlədikləri qurumun siyasətindən təsirlənmədən həmin siyasətin makroiqtisadi göstəricilərə, iqtisadiyyatın digər sektorlarına təsirlərini ölçərək birbaşa qurum rəhbərinə məruzə edir. Özəl sektorda rəhbərin yanaşması fərqli olmalı olduğu üçün özəl sektoru kənara qoyaq (özəl sektorun da biznes analitikası, risklərin idarə edilməsi olmadığı və ya çox zəif olduğu üçün öz problemləri yığılmaqdadır). Dövlət qurumuna gəlincə. Əgər bir dövlət qurumunun qəbul etdiyi qərar makroiqtisadi göstəricilərə və ya digər qurumların fəaliyyətinə ciddi mənfi və ya müsbət təsir göstərəcəksə o halda həmin qurumun rəhbəri hesabatı hökumət səviyyəsinə çıxarır. 
Bizdə bu təcrübə ayrı-ayrı qurumlar tərəfindən tətbiq olunur? Təəssüf ki, ya zəif tətbiq olunur, ya da heç tətbiq olunmur.
Tətbiq olunsaydı:
1. Nəqliyyatda qiymət artımları ilə bağlı yalnız qiymətlərin xarici ölkələrdəki qiymətlərlə müqayisəsi verilməzdi. Yanacaq qiymətləri ilə yanaşı həm də minimum və orta əmək haqları daxil olmaqla digər aidiyyatlı makroiqtisadi göstəricilər də əks olunardı. Qiymət artımının makroiqtiasadi göstəricilərə, o cümlədən rifaha, inflyasiyaya müsbət və ya mənfi təsirləri (risklər) isə ölçüldükdən sonra qərar qəbul olunur. Lakin, qiymət artımları zamanı adətən yalnız (qiyməti artıran) müvafiq qurumun təklifi prioritet hesab olunur;
2. 1-ci bənddə qeyd olunan nəticə səbəbindən bir qurumun iqtisadi göstəriciləri və rentabelliyinin (ilk növbədə məhz həmin rentabelliyin aşağı olması səbəbi də ciddi təhlil olunmalıdır ki, bəlkə səmərəliyin aşağı olması düzgün idarəetmənin olmaması və sair kimi subyektiv amillərin nəticəsidir) artırılması naminə digər sektorlara və ümumiyyətlə makroiqtisadi göstəricilərə ciddi zərər vurulur;
3. Məsələn, dizel yanacağının qiymətinin hər 10 qəpik artımının kənd təsərrüfatı sektoruna təsirləri düzgün ölçülərsə fərqli qərarların da verilməsi ehtimalı yüksələr. Nəzərə alsaq ki, hökumət üçün kənd təsərrüfatı sektoru həm ərzaq təhlükəsizliyi, həm rifah, həm məşğulluq, həm istehsal, həm ixrac, həm də ümumiyyətlə ÜDM-nin artımı deməkdir;
4. İqtisadi biliklərin, o cümlədən iqtisadi və maliyyə savadlığının aşağı olmasının nəticəsidir ki, ictimaiyyət və ixtisası iqtisadçı olmayanlar üçün adi görünsə də, iqtisadçılar üçün faciə hesab olunacaq müzakirələr və fikirlər səsləndirilir. Belə faktlar, fikirlər çoxdur, lap çoxdur. Misal üçün birini, ən son hadisəni qeyd edim. İctimai TV avtobus və xüsuilə lüzumsuz olaraq çox çəkildiyi bildirilən velosiped yollarının yol kənarlarında yerləşən obyektlərə vurduqları zərərləri işıqlandıran bir süjeti efirə verib. Əvvəla onu vurğulayım ki, həm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həm də İTV-yə hörmətim var, hər birinin fəaliyyətində müsbət və ya mənfi nə olarsa obyektiv təhlilin tələbləri çərçivəsində (neytral) yanaşıram. İTV-yə qarşı qeyd etdiyim süjetə görə səsləndirilən ittihamlar, linç kampaniyası fərqli prizmadan ciddi narahatlıq doğurur. Əvvəla, aqressiya, qaralama, məsələnin mahiyyətinə baxmadan təhqirə meyllilik çox artıb, bu hər kəsə zərərdir. İkincisi, sağlam məntiq itib. Üçüncüsü, tənqidə dözümlülük təəssüf ki, ölkədə getdikcə zəifləyir. Məsələn, çox sərt şəkildə belə bir fikir vurğulanır ki, dövlətdən maliyyələşən İTV dövlətin siyasətinə qarşı çıxır. Çox yanlış fikirdir. Əvvəla, İctimai TV dövlət televiziyası deyil, dövlətin maliyyələşdirdiyi bir TV-dir ki, əsas vəzifəsi məhz ictimai əhəmiyyət kəsb edən məsələləri işıqlandırsın. İkincisi, televiziya istənilən məsələni işıqlandıra bilər. Qarşı tərəf də öz mövqeyini əsaslı faktlarla bildirir. Üçüncüsü, ölkəmizin bir neçə əsas strateji xətti var ki, bunlardan da birincisi sahibkarlığın inkişafıdır. Bazar iqtisadiyyatını qəbul etmişiksə sahibkarlığın olmaması büdcə gəlirlərinin olmamasıdır, dövlətin dayaqlarının sarsılmasıdır və sair. Neft həmişəlik deyil. Deməli, müqayisə etdikdə dövlətin strateji siyasətinə sahibkarlığın inkişafı daxildir, lakin velosiped yollarının çoxalması hədəfinin əhəmiyyəti bu strateji xətlə müqayisə belə oluna bilməz. Deməli, həmin süjet dövlətin siyasətinə qarşı deyil, əksinə dövlətin əsas siyasətinin (sahibkarlığın inkişafı) üzləşdiyi riskləri əks etdirməyə xidmət edir. Süjetdə danışanlar da ölkəmizin vətəndaşlarıdır. Bu süjetdə yanlış nəsə varsa, təhqir ümumiyyətlə olmaz, həmin süjetin tənqidi zamanı isə qışqırıq, səs-küy deyil, faktlar və arqumentlər danışmalıdır. Yeri gəlmişkən, tıxaclarla bağlı. Rəy bölməsində, tıxaclarla bağlı 20.09.2020-ci ildə yazdığım məqalədə əsas nəticə kimi faktlarla Bakı şəhərində yolun payının şəhərin cəmi aktiv ərazisinə nisbətdə az olması əks olunub. Biz həmin az paya malik olan yolları da daraldıb tıxacı artırırıq, lakin tıxacın azalmasını gözləyirik;
5. Həmin yazdığım məqalədə şəhərdə bir mərkəzin olmasının tıxaclarını yaranmasında rol oynadığını qeyd etmişdim. Bakı şəhərində ən azı 4-5 mərkəz olmalı idi. Bu məsələ ilə bağlı son atılan bir addım məndə ümid yaratdı. Azərbaycan və BƏƏ arasında "Şəhər içində şəhər" Konsepsiyasının inkişafı üzrə saziş imzalanıb. Ağ Şəhər, Seabreeze bu layihələrdən ikisi kimi nəzərdə tutula bilər. Lakin, hələ həmin konsepsiya demək deyil. Çünki, həmin konsepsiyanın təmini bir çox önəmli məsələlərin həllini də zəruri edir. Düşünürəm ki, BƏƏ-nin bu sahədəki təcrübəsi bu məsələnin həllində töhfə verəcək. Maraqlı və dərin konsepsiyadır. 
Nəticələr: 
1) Əgər hər bir qurumda iqtisadi yanaşmalar üstünlük təşkil edərsə, qiymət artımları daxil olmaqla iqtisadiyyata təsir edən hər hansı qərarın qəbulu hansı qurumun sözünün daha çox keçməsi və ya mənafeyi deyil, həmin qərarın digər sahələrə, ictimai rifaha, ən əsası isə orta və uzun perspektivdə makroiqtisadi göstəricilərə, büdcə daxilolmalarına (bir təşkilat qiymət artımı ilə 10 manat qazanar, lakin digər sahələrdə formalaşdırdığı iqtisadi dəyər itkisi büdcəyə 2000 manat xərcə başa gələr), monetar siyasətə (bir bir təşkilat qiymət artımı ilə 10 manat qazanar, lakin tətiklədiyi inflyasiyanı boğmaq üçün dövlət 2000 manat zərər edər) mənfi təsir göstərər. 
2) Əgər iqtisadi savadlılıq yüksək olsaydı, o halda təbii inhisar subyektləri "biz bazar iqtisadiyyatında yaşayırıq, ona görə də hər bir qurum öz rentabelliyini təmin etməlidir" deməzdi. Əvvəla bu fikir daha çox özəl sektora aiddir. İkincisi, təbii inhisar anlayışı tamamilə başqadır. Üçüncüsü, hər hansı təbii inhisar öz fəaliyyəti ilə dövlətin makroiqtisadi göstəricilərinə bu və ya digər səbəblərdən mənfi təsir göstərirsə (yəni səmərəli fəaliyyət göstərə bilmədiyi üçün yeganə yolu ya işçi ixtisarında (dövlətin məşğulluq siyasətinə zərbə), ya da qiymət artımında (yenə də yuxarıda qeyd etdiyim mənfi makroiqtisadi tendensiyaların formalaşması) görürsə, belə təbii inhisar subyekti özəlləşməyə təqdim olunur. (qiymət artımlarında xarici təcrübə terminindən çox istifadə olunduğu üçün əslində tətbiq olunan ən əsas xarici təcrübəni qeyd etdim). Əgər bu təbii inhisar subyektinin strateji əhəmiyyəti yüksəkdirsə və özəlləşməyə təqdim olunması dövlətin təhlükəsizliyi, mənafeyi baxımından uyğun deyilsə, bu təbii inhisar subyekti iqtisadiyyat müəyyən inkişaf həddinə çatana qədər (vurğulayıram ki, biz inkişaf etmiş, doymuş iqtisadiyyat deyilik, inkişaf etməkdə olan ölkəyik ki, bunun da fəlsəfəsi və görülməli işləri inkişaf etmiş ölkələrin siyasətlərindən müəyyən istiqamətlərdə fərqlənir) subsidiyalaşdırılır ki, digər sektorlara mənfi təsir etməsin. Yəni, makroiqtisadi göstəricilər qlobal orta makroiqtisadi göstəricilər üzrə benchmarklara çatmadıqda hər bir təbii inhisar subyektinin öz qiymətlərini dünya qiymətləri ilə müqayisə edib ona uyğunlaşdırmağa çalışması dövlətin iqtisadi təhlükəsizliyini birbaşa təhdid edən amilə çevrilər. Bu təhdid və onun nəticələri isə öncədən yalnız düzgün və obyektiv iqtisadi yanaşmalarla görünə bilər.

Elman Sadıqov

İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
18
olaylar.az

1Источники