Laboratoriyası olmayan məktəblərdə laborant vəzifəsində çalışan şəxslərin işdən çıxarıldığı bildirilir.
News365.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə iddialar yayılıb.
Məlumata görə, məsələ ilə bağlı məktəblərdə monitorinq aparılıb və bu barədə qərar verilib.
Qeyd edək ki, qanunvericiliyə görə, laborantlar laboratoriya avadanlığının, cihazlarının, informasiya-kommunikasiya texnologiyalarının, təlimin texniki vasitələrinin işlək halda olmasına çalışır, onların əldə edilməsi, zavod və emalatxanalarda təmiri üçün xüsusi sifariş hazırlayır, kimyəvi reaktivlərin düzgün saxlanması və istifadə olunmasını təmin edir.
Məsələ ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu göndərilib.
Modern.az-a danışan təhsil eksperti Ramin Nurəliyev isə bildirib ki, məktəblərdə laboratoriya olmadığı halda laboront “işləyən” şəxslərə şərait yaradan məktəb rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır:
“Məktəblərdə bu cür boşluğun olması ciddi problemdir. Məktəb rəhbərliyi, direktorlar belə bir addım atırsa, onlar ciddi şəkildə cəzalandırılmalıdır. Təhsilimizin inkişafını istəyiriksə, təhsildə heç bir güzəştə yol verilməməlidir. Atılan hər bir addım vaxtında cəzalandırlmalı və layiqli cavabı verilməlidir”.
Direktorlar bu cür vəzifələrindən sui istifadə edir:
“Məktəb direktorları öz qohumlarını və yaxud da rüşvət yolu ilə insanları ümumtəhsil orta məktəblərinə cəlb edirlərsə, çox böyük problemlər yaranır. Laboratoriya olmadığı halda laborantlara vakansiyanın ayrılması ciddi qanun pozuntusudur. Qanun qarşısında həmin şəxslər cavab verməli, hüquq-mühafizə orqanlarına məsələ təqdim olunmalı və onlar da məsələyə ciddi şəkildə baxmalıdır”- deyə ekspert bildirib.
“İstisna hal kimi rayon və kənd məktəblərində laboratoriya olmasa da, laborantlar müxtəlif yollar vasitəsi ilə müəyyən şeyləri izah və şərh edə bilər. Və yaxud da kimya lobaratoriyası olmasa da, hansısa məhlulları şagirdlərə təqdim edə bilər, onlara müxtəlif ekspermentlər göstərə bilərlər. Laborant bu formada çalışırsa, burada onların fəaliyyəti ilə bağlı hansısa problem yoxdur”- deyə ekspert sonda əlavə edib.