RU

Ümumtəhsil sistemində problemləri kim həll etməlidir? MÜSAHİBƏ

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Təhsil eksperti Elşən Qafarovun SİA-ya müsahibəsini təqdim edirik:

– Elşən bəy, ümumilikdə təhsilin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz? Gələcəkdə hansı istiqamətlərdə dəyişikliklər gözlənilir?

– Təhsilimizlə bağlı istər gündəlik mətbuatdan, istər sosial şəbəkələrdən, istərsə də insanlarla söhbətlərdən görürük ki, cəmiyyət olaraq təhsildə çox ciddi problemlər mövcuddur. Üstəlik, biz — təhsil mütəxəssisləri və ekspertləri — bu problemlərin daha dərindən və köklü xarakter daşıdığını dəfələrlə səsləndirmiş, yazmış və Elm və Təhsil Nazirliyinə müraciət etmişik ki, bu problemlərin aradan qaldırılması üçün ciddi addımlar atılsın. Məktəbəqədər təhsil sahəsində vəziyyət olduqca ağırdır. Yeni qrupların açılmasında, şəhərlərdə uçot sistemində ciddi problemlər yaşanır, regionlarda isə özbaşınalıq müşahidə olunur. Məktəbəqədər təhsildə çalışanların yalnız üçdə birinin pedaqoji təhsili var. İdarəetmədə effektivlik müşahidə olunmur. Dövlətin milyonlarla vəsaiti icma əsaslı layihələrə xərclənir, amma nəticə gözə çarpmır.

Ümumi təhsil sahəsində də vəziyyət ürəkaçan deyil. 4400-dən çox məktəbin hər 6-dan birində direktor yoxdur. Hər 3 məktəbdən birində azı bir müavin vəzifəsi boş qalır. Bir çox bölgələrdə məktəblərin birləşdirilməsi səmərə vermir. Artıq tədrisin ikinci həftəsi olsa da, bəzi məktəblərdə dərs hələ də başlamayıb. Layihələr və təlimlər kommersiyalaşıb, satılma obyektinə çevrilib. Struktur problemlər də mövcuddur. Təhsilin İnkişafı Agentliyi (ARTİ) və Təhsil İnstitutu öz funksiyalarını yerinə yetirmir. Təhsil İnstitutu idarəetmə orqanına çevrilib, halbuki bu qurum elmi-metodik işlərlə məşğul olmalı idi. Təhsildə tərbiyə mühiti sıradan çıxıb. Təlimlər, layihələr və intranet sistemləri formal xarakter daşıyır. Təhsilin məqsədi insan hüquqlarına, azadlıqlara və demokratiya prinsiplərinə hörmətlə yanaşan, vətənpərvər və azərbaycançılıq hissini daşıyan, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirməkdir. Ancaq hazırda bu məqsədlərə xidmət edilmir.

Nazirlikdə qeyri-peşəkar və təsadüfi kadrlarla idarəetmə aparılır. Nazirlik daxilində müxtəlif qruplaşmalar arasında qarşıdurmalar yaşanır. Təhsil bazar və biznes kimi görülür. Peşə və orta ixtisas təhsili sahəsində də vəziyyət acınacaqlıdır. Yüksək təhsildə problemlər daha da dərinləşir. Ali məktəblərin çoxu əmək bazarına uyğun kadr yetişdirmir. Elmi-pedaqoji kadr çatışmazlığı mövcuddur. Xaricdə təhsilə vəsait ayrılır, lakin oxuyub qayıdan yoxdur, çünki maaş cəmi 500–700 manatdır. Təhsil sistemi hazırda xaos və çıxılmaz bir labirinti xatırladır. Sistem "biz belə düşünürük" prinsipi ilə idarə olunur. Normativ sənədlər mövcud deyil, səlahiyyətli qərarlar icra edilmir. Qanunlar, Prezidentin sərəncamları və Nazirlər Kabinetinin qərarları tətbiq edilmir. Hər şey şəxsi yanaşmalara əsaslanır. Çıxış yolu isə aydındır. Təhsildən uzaq və biznes maraqları güdən şəxslər sistemdən kənarlaşdırılmalıdır. Təhsili yalnız bu sahənin mütəxəssisləri idarə etməlidir. Təhsilə bazar gözü ilə baxanların isə təhsildən kənarda saxlanılması vacibdir.

– Məlumdur ki, hər il Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları keçirilir. Siz sosial şəbəkələrdə bu prosesdə mövcud olan qanunsuzluqlar barədə danışmısınız. Hansı problemlər və qeyri-şəffaflıqlar müşahidə olunur?

– Müəllimlərin işə qəbulu prosesi 2011-ci ildən həyata keçirilir. Lakin son vaxtlar bu sahədə çox böyük narazılıqlar yaranmaqdadır. Elm və Təhsil Nazirliyi bilərəkdən vakansiyaları gizlədir və ya tam şəkildə təqdim etmir. Nəticədə bu sahədə hazırlıq keçmiş gənclərimiz müxtəlif şirkətlərdə yükdaşıyan, kassir və ya satıcı kimi çalışmaq məcburiyyətində qalırlar. Halbuki bəzi məktəblərdə müəllimlərin dərs yükü 35–36 saata qədərdir. Əgər 18 saatdan artıq dərs yükü varsa, bu dərslər vakansiya kimi təqdim edilməlidir. Regionlarda isə vəziyyət daha da ağırdır. Dərs saatlarının azlığı və əməkhaqqının aşağı olması yeni təyin olunan müəllimlər üçün ciddi çətinlik yaradır. Onların sosial müdafiəsi ilə bağlı heç bir tədbir görülmür. Buna görə də bölgələrə təyinat alan müəllimlər bu çətinliklərə dözə bilmədiklərindən məktəb direktorları ilə razılaşmağa məcbur olurlar, maaş kartlarını onlara verirlər və sonra Bakıya qayıdaraq kurslarda və ya repetitorluqla məşğul olurlar. Beləliklə, regionlarda yaşayan uşaqların təhsil hüququ pozulur.

Ən çox vakansiya gizlədilməsi şəhər məktəblərində müşahidə olunur. Bu problemin həlli üçün ilk növbədə hər bir regional təhsil idarəsinə tapşırılmalıdır ki, bölgədə yaşayan müəllimləri müəyyən etsin, boş dərs saatlarını dəqiqləşdirib vakansiyalara çıxarsın. Eyni zamanda dünyanın bir çox ölkəsində olduğu kimi, kənd məktəblərinə gedən müəllimlərin sosial müdafiəsi gücləndirilməlidir. Bizdə kənd rayonu anlayışı olsa da, hər bir kəndə gedən müəllim müəyyən problemlərlə üzləşir. Xüsusən də dağlıq ərazilərdə çalışanlara daha çox dəstək göstərilməlidir. İlkin mərhələdə birdəfəlik maddi yardım ayrılmalı, daha sonra isə aylıq əməkhaqqına əlavələr edilməlidir. Hazırda fizika, kimya, biologiya, coğrafiya, texnologiya, təsviri incəsənət və musiqi kimi fənlər üzrə dərs yükü cəmi 5–8 saatdır. Bu isə müəllimə ən yaxşı halda 200 manata qədər maaş qazandırır. Belə maaşla 21–22 yaşlı gənc müəllim o çətin şəraitdə necə dolana bilər? Üstəlik, 150–200 manat kirayə haqqı ödəməlidir ki, bu da maaşına bərabər olur.

Nazirlər Kabinetinin 2010-cu il 67 nömrəli qərarına əsasən, kənd rayonlarında mərkəzdən 20 km-ə qədər məsafədə çalışan müəllimlərə 90 manat, 20 km-dən artıq məsafədə çalışanlara isə 100 manat əlavə ödənilir. Lakin bu məbləğ kifayət etmir. Bu səbəbdən kəndlərdə yeni müəllimlərin işləməsi ciddi problemlə üzləşir. Savadlı müəllimlər dolana bilmədikləri üçün dərs yükü az olan yerlərdə işləmək istəmir, Bakıya köçərək repetitorluqla məşğul olurlar. Buna görə də MİQ qaydalarında dəyişiklik edilməli, kənd məktəblərinə gedən müəllimlərin sosial müdafiəsi gücləndirilməlidir. Həmçinin onların yaşadığı yer və iş şəraitinə nəzarət sistemi yaradılmalıdır. MİQ imtahanlarında da çoxlu problemlər mövcuddur. Suallarda səhvlər olur, bəzən suallar sızır. Müsahibə mərhələsinin mexanizmi düzgün işləmədiyi kimi, yeni vakansiyaların nə zaman və hansı qaydada təqdim olunacağı da məlum olmur. Bir sözlə, Azərbaycan təhsili sanki idarə olunmayan, sürət qutusundan çıxmış bir maşına bənzəyir. Mövcud problemlər isə olduqca ciddidir.

– Məlumatlara görə, bəzi bölgələrdə – xüsusən də Dağlıq Şirvan regionunda və konkret olaraq Qobustan təhsil sektorunda – qız uşaqları yuxarı siniflərdə, əsasən də 5-ci və 6-cı sinifdən sonra məktəbə davam etmirlər. Bu problemin səbəbləri nədir və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

– Qız şagirdlərin təhsildən yayınması problemi həm Sovet dövründə, həm də müstəqillik dövründə mövcud olub. Xüsusilə 2000-ci illərdə bu məsələdə ciddi addımlar atılmışdı. Heydər Əliyev Fondu da bu sahəyə xüsusi diqqət ayırmış, erkən nikahların qarşısı alınmış, qızların məktəbdən yayınmasının qarşısını almaq üçün müxtəlif layihələr həyata keçirilmişdi. Çox təəssüf ki, Emin Əmrullayev illərlə Azərbaycan təhsilində əldə olunan uğurları, xüsusilə də qızların təhsili ilə bağlı nailiyyətləri demək olar ki, darmadağın etdi. Regionlarda məktəblərin bağlanması və şagirdlərin uzaq məsafələrə yönləndirilməsi ciddi problemlərə səbəb oldu. Halbuki bu proses başlayanda Emin Əmrullayev brifinqdə bəyan etmişdi ki, məktəblərin birləşdirilməsi zamanı nəqliyyat təmin ediləcək. Ancaq bu vəd yerinə yetirilmədi.

Məktəblərin bağlanması kəndlərdə demoqrafik vəziyyətə də mənfi təsir göstərdi. Bağlanan məktəblərə görə ailələr köçməyə məcbur qalır. Tanıdığım 7–8 kənd son 1–2 ildə məhz bu səbəbdən boşalıb. Xüsusilə Lənkəran, Lerik, Yardımlı və digər dağ rayonlarında bu hal daha geniş yayılıb. Onilliklərlə aparılan mübarizə nəticəsində əldə edilən nailiyyətlər — qızların təhsildə iştirakı — indi təhlükə altındadır. Artıq bir çox qız uşaqları məktəbə göndərilmir. Təhsil sistemində nəzarət yoxdur. Emin Əmrullayev və onun komandası əsasən təlim, layihə, tender, imtahan və kadr təyinatları ilə maraqlanır.

Təhsil siyasəti isə tamamilə unudulub. Qızların təhsili diqqətdən kənarda qalıb. Məktəblərin birləşdirildiyi ərazilərdə vəziyyət daha da ağırdır. Dövlətin illərlə sərmayə qoyduğu məktəblər boş qalıb, istifadəsiz vəziyyətdə dağılıb. Əgər əvvəldən planlaşdırılmışdısa ki, bu məktəblər birləşdiriləcək, bəs niyə milyonlarla vəsait xərclənərək yeni məktəblər tikilib. Bütün bu düşünülməmiş və təhlil edilməmiş addımlar təhsil sisteminə ciddi zərər vurur. Yaxın 10 ildə belə, Emin Əmrullayevin vurduğu ziyanın bərpası asan olmayacaq. Onun “biz düşünürük” deyərkən nəzərdə tutduğu insanlar yalnız yaxın ətrafıdır — hansı ki, ayrı-ayrı özəl şirkətlərdən gətirdiyi dostlarıdır. Təhsildə hər bir addım əvvəlcədən təhlil edilməli, strategiya, risk və planlama əsasında həyata keçirilməlidir. Ancaq indi hər şey şəxsi qərarlarla və qeyri-peşəkar yanaşmalarla idarə olunur. Qızların yenidən təhsilə cəlb olunması üçün azı bir neçə onillik tələb olunur. Amma bu da yalnız o halda mümkündür ki, Emin Əmrullayev və onun təhsillə əlaqəsi olmayan dostları sistemdən uzaqlaşdırılsın və onların yerinə həqiqi təhsil mütəxəssisləri gətirilsin.

– Qobustan təhsil sektorunda belə bir hal müşahidə edilib: 2022–2023-cü dərs ilində sinif açılır, müəllim cəlb olunur, lakin 2023–2024-cü ildə həmin sinif vakant siyahısında göstərilmir, başqa sinif vakant kimi təqdim olunur və əvvəlki sinif bağlanmış qalır. Bu vəziyyət nə ilə bağlıdır və ümumilikdə vakant yerlərin idarə olunmasında hansı problemlər var?

– Şagirdlərin məktəbə qəbulu və yerləşdirilməsi qaydaları 2015-ci ildən tətbiq olunmağa başlayıb. 2019-cu ilin 15 avqust tarixindən isə bu qaydalar artıq bütün ölkə üzrə qüvvəyə minib, yəni 2019–2020-ci tədris ilindən etibarən tətbiq olunub. Bu sistemin əsas məqsədi guya rüşvətin qarşısını almaq idi. Hətta zaman-zaman mətbuatda yayılan məlumatlara görə, bu elektron sistemə nəzarət edən Bakı Şəhər Təhsil İdarəsində bir şəxs məsuliyyətə cəlb olunmuş və işdən uzaqlaşdırılmışdı.

Amma məsələnin daha dərin və təhlükəli tərəfləri də mövcuddur. Sağlamlıq imkanları məhdud olan uşaqlar əvvəllər xüsusi komissiyanın yoxlanışından sonra ya xüsusi təhsil müəssisələrinə, ya da evdə təhsilə yönləndirilirdilər. İndi isə elektron sistem vasitəsilə onlar ümumi siniflərə qəbul olunurlar və nəticədə həmin sinifdə oxuyan digər 20–25 şagirdin 11 illik təhsil hüququ pozulur. Digər bir problem təhsildən yayınmadır. Elektron sistemlə bir məktəbə qəbul olunan uşaq sonradan həmin məktəbə getmir, valideyn sənədi götürüb başqa yerə təqdim edir və bu prosesə heç kim nəzarət etmir. Hər il birinci sinfə qəbul olunanların sayı 130–135 min nəfərdir, amma 9-cu sinfi bitirənlərin sayı bundan 20–30 min nəfər az olur. Bu isə təxminən 20 faiz şagirdin təhsildən yayınması deməkdir.

Elektron sistemdə qeyri-şəffaflıq və korrupsiya halları da geniş yayılıb. Sistem aylarla bağlı qalır, cəmi 10 gün açılır. O müddətdə kimin “adamı” varsa, kim rüşvət verirsə, istədiyini sistemdə dəyişdirə bilir. Məsələn, Lerik rayonunun Kiravud kənd məktəbində əvvəl uşaqlar qonşu məktəbə yazılır, lakin dərsə başlayanda onların adları sistemdə olmur, çünki çıxarılır. Yəni, sistem vasitəsilə istədiklərini edirlər və sonra da “sistem belədir” deyərək məsuliyyəti gizlədirlər. Xüsusilə rus bölməsinə qəbul zamanı böyük məbləğdə rüşvətlərin yığıldığı iddia olunur. Regionlarda da vəziyyət fərqli deyil — hansı sinfi istəsələr açırlar, hansını istəmirlərsə, bağlayırlar. Elektron sistem adı altında bütün qanunsuzluqlar ört-basdır edilir. Problem təkcə Qobustanda deyil, Bakı da daxil olmaqla, bütün respublika üzrə məktəblərdə müşahidə olunur.

– Bildiyimizə görə, siz elm və təhsil naziri ilə debat keçirilməsini təklif etmisiniz. Əgər belə bir debat baş tutarsa, hansı əsas mövzular və problemlər müzakirə olunmalıdır?

– Yəni, mən elm və təhsil nazirini debatda iştirak etməyə dəvət etdim. Amma çox təəssüf ki, gözlədiyim kimi, onun bu məsələlərlə bağlı cəsarəti çatmadı. Mən bir neçə istiqamətdə bu məsələləri qaldırmaq istəyirəm. Birinci məsələ məktəbəqədər təhsil sisteminin dağılmasıdır. Məktəbəqədər təhsil məsələlərini müzakirə etmək istəyirdim. Xüsusilə regionlarda məktəbəqədər təhsil müəssisələrinin bağlanması, şəhərlərdə və mərkəzdə yeni qrupların açılması ilə bağlı ciddi uyğunsuzluqlar və korrupsiya halları var. İkinci məsələ ümumtəhsil sisteminin bu şəkildə dağıdılmasıdır. Burada istər ümumtəhsildə təhsil siyasəti, istər müəllimlərin işə qəbulu, istər sertifikasiya, istərsə də təhsilin idarə olunması məsələləri var. Ümumtəhsil sistemində tərbiyə mühiti dağıdılıb. Regional təhsil idarələrinin fəaliyyəti xaotikdir. Hüquqi-normativ baza ya yoxdur, ya da mövcud olan sənədlər işləmir. Eyni zamanda, şagirdlərin məktəbə elektron yerləşməsi ilə bağlı açıq bazar mövcuddur.

Amma inanmıram ki, Emin Əmrullayev debata hazır olar. Çünki dediyim kimi, bütün problemlərin başında məhz o dayanır. Yenə də fikrimdə qalıram və həm Emin Əmrullayevi, həm də Elnur Əliyevi debata çağırıram. Çünki təhsilin idarə olunmasında bu iki nəfər ortaq şəkildə qərar verir. Əgər cəsarətləri çatsa, gəlib təhsildəki bu problemləri bir yerdə müzakirə edək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
sia.az

2Источники