RU

Səmərqənddə azərbaycanlı alimin adına auditoriya açıldı

Özbəkistanda Azərbaycan elminin görkəmli nümayəndəsi, professor Şaqibə Əhmədovanın 100 illik yubileyi münasibətilə Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda onun adını daşıyan Azərbaycanşünaslıq auditoriyası istifadəyə verilib. Auditoriyanın yaradılması təşəbbüsü Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə məxsusdur.

Bu barədə Publika.az-a Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbirdə institutun prorektoru, dosent Azizcan Berdumuradov çıxış edərək yeni auditoriyanın açılmasını institutun tarixində mühüm hadisə kimi dəyərləndirib. O, bu addımın Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə təkan verəcəyini bildirib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf yoluna diqqət çəkib. O bildirib ki, müstəqillik illərində formalaşmış bu əlaqələr qarşılıqlı etimad və səmimiyyət prinsipləri üzərində qurulub, xüsusilə son illərdə hər iki dövlət başçısının siyasi iradəsi və uzaqgörənliyi nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Diplomat vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan təkcə siyasi və iqtisadi sahələrdə deyil, mədəniyyət, elm, təhsil və humanitar əməkdaşlıq müstəvisində də genişmiqyaslı layihələr həyata keçirir. Bu istiqamətdə universitetlərarası münasibətlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edən səfir, Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda Azərbaycanşünaslıq auditoriyasının yaradılmasını iki xalq arasında elmi və mədəni inteqrasiyanın bariz nümunəsi kimi dəyərləndirib.

H.Quliyev çıxışında tarixi köklərə də nəzər salaraq bildirib ki, Azərbaycan və Özbəkistan xalqları əsrlər boyu ortaq mədəniyyət, ədəbiyyat və dini-mənəvi dəyərlərlə bir-birinə bağlı olmuş, çətin zamanlarda bir-birinin yanında dayanmışdır. O, xüsusilə Ümummilli Lider Heydər Əliyevin özbək xalqına olan münasibətindən, onun təşəbbüslərinin xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsindəki rolundan danışıb.

Səfir, azərbaycanlı alim və ziyalıların Özbəkistanın ictimai-siyasi, elmi və mədəni həyatında oynadığı rolu yüksək qiymətləndirərək, professor Şaqibə Əhmədovanın da bu silsilədə seçilən görkəmli simalardan biri olduğunu qeyd edib. Onun Səmərqəndin elmi mühitində və ictimai həyatında mühüm xidmətlər göstərdiyini vurğulayan H.Quliyev, Əhmədovanın adının institut auditoriyasına verilməsini həm xatirəyə ehtiram nümunəsi, həm də gələcək nəsillər üçün ilham mənbəyi adlandırıb.

Professor Əhmədovanın qızı, Sevinc Məmmədova çıxışında anasının elmi və ictimai fəaliyyətindən, Səmərqəndlə bağlı şəxsi xatirələrindən söz açıb. O, anasının adının əbədiləşdirilməsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan səfirliyinə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə və institut rəhbərliyinə minnətdarlığını bildirib.

Sonrakı çıxışlarda dosent Gülcamal Həsənova, Şaqibə xanımın tələbələri professor Nurmahmetov Ruzbayev, dosent Fəridə Əhmədcanova, həmçinin Qızıl Aypara Cəmiyyətinin Səmərqənd vilayəti üzrə sədri Heydər Xolov, ictimai xadim Seyid Rza Əlizadənin nəvəsi Fərhad Əlizadə və digər iştirakçılar Şaqibə Əhmədovanın pedaqoji və insani keyfiyyətlərindən bəhs ediblər. Onlar onun elmə, təhsilə və ictimai həyata verdiyi töhfələri yüksək dəyərləndiriblər.

Qeyd edilib ki, Əhmədova Şaqibə İsmayıl qızı 1925-ci il sentyabrın 25-də Gəncə şəhərində müəllim ailəsində anadan olub. 1942-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hazırlıq kursuna, 1943-cü ildə isə həmin institutun baytarlıq fakültəsinə qəbul olunub. 1945-ci ildə təhsili davam etdirmək üçün Moskva Baytarlıq İnstitutuna köçürülüb və 1948-ci ildə oranı bitirib.

Ş.Əhmədova 1948-ci ildə Moskva Baytarlıq Akademiyasının aspiranturasına daxil olub və akademik İ.K. Skryabinin rəhbərliyi altında namizədlik dissertasiyası üzərində çalışaraq 1952-ci ildə dissertasiyanı uğurla müdafiə edib. Bundan sonra o, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əmək fəaliyyətinə başlayıb, əvvəlcə parazitologiya kafedrasında assistent, 1956-cı ildən isə mikrobiologiya, baytarlıq ekspertizası və parazitologiya kafedrasında müəllim işləyib.

Избранный
15
9
publika.az

10Источники