Bakı, Azərbaycan – Azərbaycan Tekstil Assosiasiyası (ATA) qlobal tekstil sektorunun ən nüfuzlu qurumlarından biri olan Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF) ilə əməkdaşlıq çərçivəsində, AZPROMO-nun tərəfdaşlığı, eləcə də GiLTEX və Prime Cotton şirkətlərinin sponsorluğu ilə ölkəmizdə ilk dəfə yüksək səviyyəli seminar təşkil edir.
FED.az xəbər verir ki, bu seminarın ITMF-nin 120 ildən artıq təcrübəsində Azərbaycanda keçirilən ilk tədbir olması ilə yanaşı, ölkəmizin tekstil sənayesinin beynəlxalq arenaya inteqrasiyasında da mühüm rol oynayacaq.
Seminar 7 oktyabr 2025-ci il tarixində Hyatt Regency Hotel-də baş tutacaq. Tədbirdə qanunvericilik islahatları, dayanıqlılıq, məhsul izləniləbilənliyi və ixrac imkanlarının genişləndirilməsi kimi strateji mövzular müzakirə ediləcək.
ATA-nın İdarə Heyətinin Sədri Fəridə Axundova tədbirlə bağlı fikirlərini belə ifadə edir:
“ITMF-nin Azərbaycanda ilk seminarını təşkil etmək bizim üçün həm qürurverici, həm də strateji əhəmiyyət daşıyan hadisədir. Bu tədbir beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, qlobal tərəfdaşlıqların qurulması və sənayemizin gələcəyinin formalaşdırılması baxımından unikal fürsətdir.”
Seminarda ITMF-in Baş Direktoru Dr. Kristian Şindler “Qlobal Tekstil Trendləri: Qanunvericilik, İzləniləbilənlik və Dayanıqlılıq” mövzusunda çıxış edəcək. Bununla yanaşı, beynəlxalq qurumların, dövlət orqanlarının və sənaye liderlərinin iştirakı ilə strateji dialoq və əməkdaşlıq üçün unikal platforma yaradılacaq.
Azərbaycan tekstil sənayesinin gələcəyində rol oynamaq istəyən bütün sahibkarları, investorları və sənaye nümayəndələrini bu yüksək səviyyəli biznes yönümlü tədbirin bir hissəsi olmağa dəvət edirik.
Qeydiyyat linki: https://textile.az/itmf-azerbaycan-tekstil-assosiasiyasi-seminari-2025/
Tarix: 7 oktyabr 2025-ci il, saat 09:00