RU

Culfada qəhrəman şəhid yad edildi

Bu Vətən torpağı şəhidlərinin qanı ilə müqəddəslik qazanıb. Azərbaycanın hər bir qarışı minlərlə igidin canı bahasına qorunub. Adı tarixə yazılan qəhrəmanlarımız isə xalqımızın qəlbində daim uca zirvədə yaşayır. Onların əziz xatirəsini anmaq, ruhlarına dualar oxumaq və fədakarlıqlarını gələcək nəsillərə çatdırmaq hər birimizin müqəddəs borcudur.

Şəhid Hüseynov Cəfərin şəhadətə yüksəldiyi günün ildönümü münasibətilə məzarı ziyarət edilib, ruhuna dualar oxunub, ailəsinə dərin ehtiramla baş sağlığı verilib.

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat xidməti bildirir ki, Anım mərasimində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin əməkdaşları və şəhidin ailə üzvləri iştirak ediblər.

Nəzərinizə çatdıraq ki, Hüseynov Cəfər Əlmüzəffər oğlu 1980-ci il noyabrın 28-də Culfa şəhərində anadan olub. O, Culfa şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1999-cu il yanvarın 2-də həqiqi hərbi xidmətə çağırılıb, Şahbuz rayonunda xidməti vəzifəsini yerinə yetirib.

1994-cü ildə mənfur ermənilərlə bağlanan atəşkəs müqaviləsindən sonra riyakar düşmənin hər an törədə biləcək təxribatlarının qarşısının alınmasında fəal iştirak edən Cəfər Hüseynov da xidməti dövründə səngərdə erməni əsgərlərinə qarşı daim əli tətikdə olub. O, 1999-cu il sentyabrın 22-də xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhid Culfa şəhər qəbiristanlığında dəfn olunub.

Cəfər Hüseynov subay idi.

Bu xalq, bu Vətən, bu dövlət sizlərə borcludur. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların müqəddəs xatirəsini daim uca tutur və qürurla deyirik: Siz ölmədiniz, Vətənləşdiniz!

Bəxtiyar ƏLİYEV



Избранный
10
herbiand.az

1Источники