Adelet.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Əsaslandırmaq çətin deyil. Deməli, 2025-ci ilin yanvarından sentyabrına qədər qızılın 1 unsiyası 2,720 dollardan 3,700 dollara yüksəlib. Yəni 9 ayda 35,7% artım baş verib. Bu dinamika ilə davam edərsə, qarşıdakı 3 ildən bir az artıq müddətdə qiymətin iki dəfə yüksəlməsi ehtimalı vardır. Başqa sözlə, ABŞ höküməti hazırkı iqtisadi kursu dəyişmədən daha da gücləndirərsə, qızıl 6000 dolları keçə bilər”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. İqtisadçı bildirib ki, bu mütləq rəqəm deyil, amma sükan arxasında D. Tramp əyləşdiyi üçün ehtimal yüksəkdir:
“Əslində, tarixi təcrübə də bunu təsdiqləyir. 2017-ci ildə Donald Tramp hakimiyyətə gələndə qızılın qiyməti təxminən 1200 dollar idi. Onun hakimiyyətinin son günündə, 2021-ci ilin yanvarında isə qiymət 1840 dollar olmuşdu. Yəni Tramp dövründə qızıl 52–53% bahalaşdı. İndi də Tramp hakimiyətdədir və qızıl durmadan bahalaşır. Sual yaranır ki, niyə Tramp dövründə qızıl qalxır? Cavab sadədir: Tramp ucuz dolların tərəfdarıdır. Dollar ucuzlaşanda Amerika ixrac malları xarici bazarlarda daha ucuz görünür və rəqabət qabiliyyəti artır. Tramp bu məqsədlə dəfələrlə FES rəhbərliyi ilə mübahisə edirdi. O, yüksək faiz dərəcələrinə qarşı çıxırdı, çünki yüksək faizlər dolları gücləndirir. Dollar gücləndikcə ABŞ-nin ixracı çətinləşir, istehsalçıları rəqiblərə rəqabətdə uduzur”.
E.Əmirov deyib ki, dolların ucuzlaşmasının başqa bir təsiri də qızılın bahalaşmasıdır:
“Çünki qızıl dollarla qiymətləndirilir. Dollar zəifləyəndə dünya bazarında qızıl daha cəlbedici olur, tələb artır, qiymət qalxır. Bundan başqa, zəif dollar dövründə investorlar risklərdən sığortalanmaq üçün qızıla üstünlük verirlər. Beləliklə, həm iqtisadi siyasət, həm də investor davranışları qızılı daim təhlükəsiz investisiya alətinə çevirir. Və bu gün də oxşar dinamika müşahidə olunur. Dolların dəyərsizləşdirilməsi siyasəti və qlobal risklər fonunda qızılın qiymətinin artımı davam edir. Odur ki, hökumətlər, o cümlədən Azərbaycan hökuməti, ehtiyatlarını daha dayanıqlı etmək üçün qızılın payını 2027-ci ilin sonuna qədər hissə-hissə artırmaq barədə düşünə bilər. Çünki 2028-ci ilin sonlarından başlayaraq qızılın qiymət artımında durğunluq yaşanacağını gözləmək olar. Eyni zamanda, investisiya yatırmaq istəyən digər hüquqi və fiziki şəxslər üçün də bu yazdıqlarım dəyərləndirilə bilər. Amma tövsiyələrim qızılla bəzənib-düzənmək istəyənlərə aid deyil. Çünki bəzək-düzək məsələləri iqtisadiyyatın yox, həyatın estetik balansını qoruyan “investisiya”dır”.
Vasif ƏLİHÜSEYN
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.