RU

Qulamrza Səbri Təbrizinin fəlsəfi və ictimai-siyasi görüşləri

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir

fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

III yazı

Qulamrza Səbri Təbrizinin ictimai-siyasi görüşlərinin əsasını Azərbaycan türklərinin milli hərəkatı və istiqlal fəlsəfəsi mübarizəsi təşkil etmişdir. O, milli hərəkata qoşulmasının səbəbini isə “Müqəddəs hərəkat” şeirində belə izah etmişdir:

Doğulandan bəri –

Gündüzlər çıraqla

Özümü axtardım,

Sözümü axtardırm –

Tapa bilmədim.

Hara üz tutdumsa,

Saymadılar məni,

Bəzən də uzaqlaşdılar.

Zaman ötdü anladım ki,

Özümün də,

Yoldaşlarımın da

Taleyi öz əlimizdədir.

Buna görə üz tutdum

Müqəddəs milli hərəkata.[1]

Bununla da, Təbrizi hər daim Azərbaycan türklərini mübarizə­yə, bir addım da olsun geri çəkilməməyə səsləmişdir. O, yazır:

Qardaşlarım, qandaşlarım,

Uca tutun milli mübarizlərin başını.

Əyilməyin əskik düşmənin qabağında.

Mən bilirəm –

Nə qədər çətinlikdən keçmisiniz,

Nə işgəncələr görmüsünüz.

Amma Sizin şəhadətiniz,

Türk qürurunuz sındırır

Düşmən cəlladlarının iradəsini,

Batırır zülmün səsini.[2]

Təbrizi yazırdı ki, bir gün gələcək özü bu dünyada olmasa da, ancaq Türk milləti qalacaq, dili yaşayacaq, Vətəni əsarətdən xilas olacaq və İstiqlaliyyətinə qovuşacaq.[3] O, yazırdı:

İstərsəniz qulluqdan qurtarasınız

özünüzə dayanın,

Oyanın! Milli Hərəkat qidalanır

Yalnız öz qüdrətinizlə.

Özünü, öz vətənini düşünməyən cahildi.

Azərbaycanın bu günə düşməsinin

Günahı özündədi.

Oyanın! Özünüzə dayanın![4]

Milli hərəkatın qüdrətli olması günündən ötrü darıxan Təbrizi hesab edirdi ki, artıq bu zalım İran İslam rejiminin boğazına onlar pəncələrini qoymalı, Türk kimi azad yaşamalı və Türk dilində danışmaqla qürur duymalıdırlar. O, yazırdı:

Azadlıq istəyirəm – qar kimi təmiz,

Azadlıq istəyirəm –deyəm ürək sözümü.

Azadlıq istəyirəm – azad nəfəs çəkəm öz ölkəmdə

Azadlıq – nə qədər gözəlsən gözümdə,

Aramışam, arzu etmişəm illər uzunu

Görəm səni bir gün.

Gəzmişəm dünyanın azad ölkələrini

Yenə də tapa bilməmişəm azadlığı öz içimdə.

Ta Təbrizim azad olmasa,

Azad ola bimərəm özüm də.[5]

O, “Qalx, Təbrizim!” şeirində də artıq Güney Azərbaycanın azad olmasının vaxtının gəlib çatdığını, hətta keçdiyini ifadə edirdi. Təbriziyə görə tarix də Azərbaycanın azad olmasının və yenidən istiqlalına qovuşmasının intizarındadır. O, yazırdı:

Qara daş, qayalar alıb dalğaların qabağını,

Aman vermir milli dalğalara Güneyimdə.

Gecəsi, gündüzü yoxdu bu dalğaların,

Çırpır özünü – Ölmüş, donmuş sahil qayalarına.

Bilir ki, sındıracaq gec-tüz

Bu donmuş, ölmüş qayaları.

Qalx Azərbaycanım,

Qalx Təbrizim, gözləyir tarix,

Gözləyir- Əsir düşmüş övladların səni.[6]

Təbrizin molla qılığındakı aryançılar-farsçılar tərəfindən işğal altında qalmasına etiraz edən mütəfəkkirmiz inanırdı ki, artıq Güney Azərbaycan yeni bir inqilaba “hamilə”dir. O, yazırdı:

Görürəm hamiləsəninqilaba yenə də.

Qədəmin mübarək olsun.

Sənin inqilab övladın

Qoy doğulsun, ayağa qalxsın

Zalım işğalçıların əleyhinə.

Şovinistlər qənim olublar, Təbrizim!

Öldürürlər milli mübarizlərimizi

Hər gün bir bəhanə ilə.

Əmaniləri şəhid edirlər yol qəzasında,

Çingizləri öldürürlər öz idarəsində.

Qalx ayağa Təbrizim!

Son qoy, bu birəhm

Cəlladların həyatına.[7]

O, ictimai-siyasi görüşlərində milli dil məsələsinə də mühüm yer vermişdi. Təbrizi haqlı olaraq hesab edirdi ki, ana dilinin insandan alınması böyük faciədir. Ona görə bunun ağrılı tərəfi həm də ondadır ki,adamı öz dilində yazmağa qoymurlar, başqa dildə isə səhv etməkdən, lağa qoyulmaqdan qorxursan və bunu dərk et­mək çox çətin işdir, ruhi işgəncədir. O, yazır: “Ana dilinin maddi dünyaya bağlılığının çox rabitəsi var. Dil reallığı əks etdirir. De­mək istəyirəm ki, insan haqları baxımından bir cinayət sayılır – varlığı, həyatı, yaradıcılığı özündə əks etdirən ana dilinə qadağa qoyulması. Demək olar ki, insanda Allahın mövcudluğu ana dilinin mövcudluğu ilə bağlıdır: “Cənnət anaların ayaqları altındadır” – deyib Peyğəmbərimiz (s.). Gör ana necə mühümdür, onun dilindən uzaq düşən insan üçün cəhənnəm yaranır. Bu bəşər hüququ baxımından mənəvi terror aksiyasıdır və mühakimə olunmalıdır”.[8]

Ona görə, 40 milyonluq Azərbaycan türkü üçün dilin azadlığı, Türk dilində məktəbin olması tələbi böyük bir mənəvi qüdrət mahiyyətindədir. Təbrizi yazırdı: “Bu mənəvi qüdrət diktatorların saraylarını və cahil siyasətlərini puça çıxara bilər, diktatorluğa, zülmə son qoyar. İstəməzdim ki, dillə siyasəti qarışdıram, amma ürəyim o qədər yanır ki, siyasi təzyiqləri Ana dilimdənvə onun mənəvi əhəmiyyətindən ayıra bilmirəm”.[9]

Onun fikrincə, ana dilindən ayrı düşməyənlər Azərbaycan türk­lərinin İran adlanan ölkədə nələr yaşadıqlarını anlaya bilməz­lər. O ümid edir ki, zaman gələcək Azərbaycan türklərinin həyatı bu cür mənəvi terror və məhrumiyyətlərdən uzaq olacaqdır. O,yazırdı:

İstərsəniz birinin canını alasınız

Ən əvvəl dilini alın,

Danışan dilini -Ana dilini.

İstərsəniz bir milləti,

Məmləkəti qəhr edəsiniz

Yenə susdurun dilini – Ana dilini.

Özgə heç nəyə hacət yox,

Zülmə, işgəncəyə ehtiyac yox.

Fəqət, düşmən nə dilimi kəsdirə,

Nə susdura bildi.

Sadəcə yasaq olundu,

Diplomatik məclislərdən yığışdırıldı.

İndi nəyim yoxsa da, Ana dilim var.[10]

Təbrizi hesab edirdi ki, ortaq Türk dili yaranmalı və bu Azərbaycan Türk dili əsasında gerçəkləşməlidir: “Əgər istəyirksə Azərbaycan dili ortaq Türk dilinə çevrilsin, ona məktəblər, müəllimlər və böyük büdcə lazımdır. Və bu məsuliyyət də Azərbaycan dövlətinin boynundadır, çünki Azərbaycanın hələlik bir müstəqil dövləti var. İran dövləti heç zaman Türk dilinin inkişafına kömək göstərməyəcək. Çünki onlar məktəb və ana dilinin istqilala bərabər olduğunu düşünürlər. Lakin Ana dili və istiqlal millətin haqqıdır və millət bunu alacaqdır”.[11]

Onu düşündürən əsas məsələ ondan ibarət idi ki, 40 milyonGüney Azərbaycan türkünün ana dilində bir məktəbi yoxdur. Azərbaycan türkləri işğalçı farsların dilini öyrənməyə məcbur edilməklə yanaşı, üstəlik onun Türk dilinə və Türk varlığına hər gün təhqirlər, qəsdlər edilir.[12] O, yazırdı:

Mən istəməmişəm –

Dostlarımın çəkdikləri zindandan yazam.

İstəməmişəm ağrıdam

Anaların, bacıların ürəklərini,

Söndürəm gənclərin Vətən eşqini.

Amma deməliyəm ki,

İran fars rejiminin cəlladları

Heyrət edirlər –

İşgəncə qarşısında sarsılmayan

Milli gənclərimizin iradəsinə,

Cəsarətinə, qüvvəsinə.

Qorxuya düşüblər bu sistemin

Məhv olmasına, ölməsinə.[13]

Təbrizi inan bilmirdi ki, on il Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurasının tərkibində dünya azərbaycanlıları üçün çalışdığı halda, indi onları bu ofisdən çıxarmağa, az qala fəaliyyətlərini dayandırmağa çalışanlar var.[14]

Beləliklə, Qulamrza Səbri Təbrizinin fəlsəfi görüşlərinin əsasını panteizm, ya da vəhdəti-vücud təlimi təşkil etmişdir. Maddi aləmlə ruhu aləmi, cisimlə ruhi olan eyniləşdirən Təbrizinin fəlsəfi dünyagörüşündəikiliyə deyil, vəhədətə inam böyükdür. Bu anlamda onun xeyir-şər, nur-zülmət ikiliyinə yanaşması, vəhdəti-vücud təliminə əsaslanır. Bu o anlama gəlir ki, ancaq xeyir, nur kimi mənəvini görüb, maddi olanı şərə, zülmətə nisbər vermək çox da doğru deyildir. Əslində maddi olanın özündə ruhi, ruhi olanın özündə də maddi olduğu üçün, burada ikilik, ziddiyyət axtarmaq­dan çox vəhdətə yönəlmək lazımdır. Bir sözlə, o, ikiliyin deyil vəhdətin tərəfdari idi və bu vəhdətdə əbədi eşqin, məhəbbətin olduğuna inanırdı.

Təbrizinin ictimai-siyasi görüşlərinə gəlincə, burada Azərbay­can türklərinin milli hərəkatı, milli hüquq və azadlıqları məsələsi, o cümlədən İran adlanan ölkənin əsil mahiyyətinin aşkara çıxarılması problemləri mühüm yer tutmuşdur. Təbrizi hesab edirdi ki, indi İran adlanan ölkə türklərin qədim məmləkətlərindən biri olub irandillilər, o cümlədən farslar buraya çox sonralar köçüblər. 1925-ci ildə Böyük Britaniyanın birabaşa dəstəyi ilə Türk hakimiyyətini zəbt etməyi bacaran aryançı farslar türklərinin dilini, mədəniy­yətini, tarixini bir sözlə, Türk varlığını inkar etmək, ya da məhv etmək yolunu tutmuşlar. Aryançılar Pəhləvilər dönəmində türklərə, xüsusilə də Azərbaycan türklərinə qarşı həyata keçirdik­ləri assimil­yasiya siysətini İran İslam rejimində də davam etdirməkdədir.

Təbrizi çox haqlı olaraq hesab edirdi ki, aryançı farsların zülmündən qurtulmaq üçün əsas çıxış yolu Azərbaycan türklərinin yenidən istiqlal bayrağını qaldırıb milli dövlətlərini bərpa etməsidir. Bunun üçün də, ilk növbədə, Azərbaycan milli hərəkatı istiqlal ideyasını əsas hədəf olaraq götürməli, milli dil, milli mədəniyyət davasını milli istiqlala qədər daşımalıdır.

Təbrizinin milli-dini maarifçilik görüşlərinin əsasında da məhz Azərbaycan milli hərəkatın öz hədəfinə çatması məsələsi təşkil etmişdir. Burada da bir tərəfdən dini mövhumat, dini fanatizmdən uzaq durub İslam dininin əsil mahiyyətini dərk etmək, digər tərəfdən isə milli mədəniyyətimizin, milli tariximizn saxtalaşdırıl­masına son qoyub, onu yenidən və milli ruhda öyrənmək mühüm yer tutmuşdur.

Ədəbiyyat:

Təbrizi, Qulamrza Səbri. Yaranış. Bakı, Azərnəşr, 2012

Təbrizi, Qulamrza Səbri. Günəşə doğru. Bakı, Apostrof” çap evi, 2011

Təbrizi, Qulamrza Səbri. Zamanın nəbzi. Bakı, “Turan evi”, 2006

Təbrizi, Qulamrza Səbri. Sahilsiz dəniz. Bakı, Turan evi, 2009

[1] Təbrizi, Qulamrza Səbri. Günəşə doğru. Bakı, Apostrof” çap evi, 2011, s.53

[2] Təbrizi, Qulamrza Səbri. Yaranış. Bakı, Azərnəşr, 2012, s.12

[3] Yenə orada, s.17

[4] Yenə orada, s.22

[5] Yenə orada, s.26

[6] Yenə orada, s.30

[7] Təbrizi, Qulamrza Səbri. Günəşə doğru. Bakı, “Apostrof” çap evi, 2011, s.28

[8] Təbrizi, Qulamrza Səbri. Zamanın nəbzi. Bakı, “Turan evi”, 2006, s.7

[9] Yenə orada, s.8

[10] Yenə orada, s.8-9

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ




Избранный
10
turkustan.az

1Источники