RU

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü start götürüb

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (1st Azerbaijan International Investment Forum - "AIIF 2025") ikinci günü öz işinə başlayıb.

Trend xəbər verir ki, AZPROMO-nun təşkilatçılığı, Avropa Evi - "Ambrosetti"nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin "Euronews" və "Sea Breeze"in media və təşkilati dəstəyi ilə keçiriləcək forum dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirir.

Forumun ilk günündə olduğu kimi bu gün də kifayət qədər canlılıq müşahidə olunur. Bu gün müzakirə olunacaq strateji investisiya, maliyyələşmə, təhsil, səhiyyə sahələrində çağırışlar, Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında görülmüş tədbirlər və s. tədbirə diqqəti daha çox artırıb. Belə ki, tədbirin ikinci günü dövlət-özəl tərəfdaşlığı, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, "yaşıl" keçid və digər mövzulara həsr olunan panel sessiyaları baş tutacaq. Tədbir çərçivəsində həmçinin müxtəlif mövzularda tematik müzakirələr, ölkəmizin investisiya imkanları və potensialına dair sərgi təşkil edilib.

Bundan başqa, eyni zamanda forum çərçivəsində bir sıra sazişlərin imzalanması mərasimi də baş tutacaq.

Ümumilikdə, forumun keçirilməsində məqsəd Şərq və Qərbin, Şimal və Cənubun strateji qovşağında yerləşən Azərbaycanın region ölkələri ilə konkret layihələr üzrə tərəfdaşlıqların genişləndirilməsi, qarşılıqlı faydaya əsaslanan birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda Azərbaycanın şəffaf və dayanıqlı iqtisadiyyatı, əlverişli işgüzar mühiti, strateji inkişaf prioritetləri, geniş investisiya imkanları və mühüm nəqliyyat-logistika üstünlükləri barədə məlumatlılığı daha da artırmaq və beynəlxalq marağı təşviq etməkdir.

Tədbirdə müxtəlif ölkələrdən yüksəksəviyyəli rəsmilər, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin və maliyyə institutlarının, beyin mərkəzlərinin təmsilçiləri, biznes nümayəndələri və qlobal investorlar, yerli və xarici media təmsilçisi daxil olmaqla ümumilikdə 1000-dən çox iştirakçı yer alıb.

Milli.Az

Избранный
6
4
milli.az

5Источники