RU

Qusarda ailədaxili zorakılıq: kişi həyat yoldaşını...

Qusar rayonunda 37 yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Aqşin yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Afaqla mübahisə edib. 

Bu zaman təqsirləndirilən şəxs odun sobasının üzərindəki içərisində qaynar su olan çaydanı arvadının üzərinə atıb. Qadın qaynar suyun tökülməsi nəticəsində xəsarət alıb. 

Hadisəni törədən Aqşinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü saat 10-11 radələrində yaşadığı evdə olan zaman arvadı Afaq pulu arağa xərclədiyi üçün onu danlayıb və mübahisə etməyə başlayıb:

“Mübahisə zamanı arvadım məni söydü. Əsəbləşərək özümü də, arvadımı da söydüm. Həmin vaxt otaqda odun sobasının üzərində qaynar su ilə dolu çaydanı götürdüm və arvadım tərəfə atdım. Çaydan yerə dəydi, içərisində olan qaynar su arvadımın ayağının üzərinə dağıldı”.

İş üzrə zərərçəkmiş Afaqın sözlərinə görə, əri Aqşin son vaxtlar mütəmadi olaraq spirtli içki qəbul edib və spirtli içki aludəçisinə çevrilib, onunla tez-tez münaqişə yaradıb: “Hadisə günü, saat 11 radələrində evimizin yataq otağında yer silən zaman ərimin spirtli içki olan araq içdiyini gördüm və ona irad tutdum. Ərim məni söydü, üzərimə qaynar çaydanı atacağı ilə hədələdi. Bu sözünə inanmayaraq yeri silməyə davam etdim. Anidən ərim qaynar su ilə dolu çaydanı üzərimə atdı. Çaydan sol ayağıma dəyərək içərisindəki qaynar su həmin ayağımın üzərinə dağıldı. Nəticədə ayağım yandı”. 

Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Həmçinin qadın ərini bağışlayıb, bununla bağlı məhkəməyə sənəddə təqdim ediblər. 

Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində ittihamedici hökm çıxarılmayıb. Cinayət Məcəllənin 73.2-ci maddəsinin tələblərinə əsasən onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az
Избранный
21
1
demokrat.az

2Источники