RU

Abutalıb Səmədov: “Ukraynanın son uğurları dönüş nöqtəsi sayıla bilməz”

“Ukraynanın Donetsk istiqamətində əldə etdiyi uğurlar bizi təbii ki, sevindirir. Ancaq bunu müharibənin gedişində dönüş nöqtəsi kimi qiymətləndirmək olmaz. Xatırladaq ki, 2022-ci ilin sentyabr-noyabr aylarında Ukrayna 80 min kvadratkilometr, yəni təxminən Azərbaycanın ərazisinə bərabər torpağı Rusiya işğalından azad etmişdi. Təəssüf ki, bundan sonra Ukrayna belə genişmiqyaslı uğurlu əməliyyat həyata keçirə bilmədi. Son günlərdə azad edilən ərazilər təxminən 200 kvadratkilometr təşkil edir ki, bu da ciddi nailiyyət sayıla bilməz. Müharibədə dönüş yaratmaq üçün hərbi yardımlar artırılmalı, Rusiya ilə ticarət tamamilə dayandırılmalıdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

Qeyd edək ki, Ukrayna müharibədə müəyyən dönüşə nail olub. Son günlərdə həyata keçirilən əks-hücum nəticəsində bir neçə kəndin azad edilməsi ölkə daxilində və beynəlxalq aləmdə diqqət çəkib.

Siyasi şərhçi bildirib ki, 2022–2024-cü illərdə Avropa Ukraynaya 132 milyard avro yardım göstərib, eyni dövrdə isə Rusiya 240 milyard dollar gəlir əldə edib.

“Belə bir şəraitdə Ukraynanın uğur qazanması çətin görünür. Üstəlik, ABŞ hər il verdiyi təqribən 40 milyard dollarlıq yardımı dayandırıb. Deməli, məsuliyyət Avropanın üzərinə düşür. Ukraynanın mövqeyini möhkəmləndirmək üçün yardımlar ən azı 80 milyard olmalıdır, lakin Avropa açıq şəkildə etiraf edir ki, buna gücü çatmır. Eyni zamanda Avropa Rusiya ilə ticarəti tam dayandıra bilmir. Hər il təqribən 50 milyard kubmetr qaz alır və neft ticarəti də davam edir. Belə şəraitdə Ukrayna nəyə ümid edə bilər? Üstəlik, ABŞ və Rusiya müharibənin həlli məsələsində oxşar mövqe sərgiləyirlər. Əsas müttəfiqi də faktiki olaraq Rusiya ilə anlaşmaya gedirsə, Ukraynanın gələcəklə bağlı real ümidləri nə qədər əsaslı ola bilər? Bütün bunlara görə hesab edirəm ki, bundan sonra da Rusiya ağır itkilər versə belə, irəliləməyə davam edəcək. ABŞ isə Ukraynaya təzyiq göstərərək onu sülhə məcbur etməyə çalışacaq. Böyük ehtimalla sülh sazişi Ukraynanın ərazi itkisi hesabına imzalanacaq. Hazırkı proseslər də məhz bu istiqamətdə inkişaf edir. Əks istiqamətə dönüş üçün yardımlar artırılmalı və bir sıra zəruri addımlar atılmalıdır. Amma nə yardımlar artırılır, nə də bu addımlar atılır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Избранный
27
aznews.az

1Источники