RU

340 min məhkəmə qərarı: “Banklar qaytarılmayan krediti vətəndaşa yükləyir”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məhkəmə qərarları ilə bağlı maraqlı faktlar açıqlayıb. 

Deputat bildirib ki, Azərbaycanda vətəndaşların banklara borcunu qaytarmamasına görə 340 minə yaxın məhkəmə qərarı icra edilməyib: 

“Hazırda icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələlərilə bağlıdır. Bank vətəndaşın durumunu bilirdi, həmin krediti verəndə də geri qayıtmayacağını bilməli idi”. 

Qeyd edək ki, bu gün banka borcu olan, ancaq işi hələ məhkəməyə getməyən vətəndaşların da sayı kifayət qədərdir və bunlar əsasən istehlak kreditləri ilə bağlı olur. Borcların yaranmasını isə vətəndaşlar əsasən kredit faizlərinin yüksək olması ilə əlaqələndirirlər. 

Banklar yüksək faizlə kredit verməklə özlərini müştəri borcundan sığortalayırmı? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, burada üst-üstə düşən və praralel gedən bir çox məsələlər var: 

“Birincisi, həmin məhkəmə işlərinin əksəriyyəti çox kiçik məbləğlərdir. Qanunvericiliyə görə, onlarda müraciət etmək məcburiyyəti doğur. Hətta 20-100 manata görə müraciətlər də var. Məhkəmə xərcləri heç onları qarşılamır. Burada ilk olaraq limit qoymaq lazımdır ki, banklar hansı məbləğə qədər məhkəmələrə müraciət edə bilər. Yaxud hansı məbləğlərə qədər mediator vasitəsilə, məhkəməyə getmədən bu məsələni həll edə bilər. 

Qanunvericilikdə bu boşluq doldurulmalıdır. İkincisi, faizlərin yüksək olmasıdır. Faizlər yüksək olduğuna görə banklar başqalarının qaytarmadığı krediti belə, vətəndaşlara yükləyir. Məsələn, 10 nəfərə kredit verir və onun biri qayıtmasa, doqquzunun faizi o qədər yüksəkdir ki, bank onsuz da gəlirli çıxır. Banklar o əməliyyatları gəlirlə bitirirlər. Yəni burada bankların faizlərinin yüksək olmasının ciddi rolu var”. 

“Ümumilikdə bankların faizləri niyə yüksəkdir?” 

sualına ekspert belə cavab verib: 

“Çünki bizdə banklar arasında ciddi şəkildə rəqabət problemi var. Bizdə 4-5 dominat, həddindən artıq bazar payına malik banklar var. Onların davranışları bütün bank sisteminə təsir edir. Onlar istər kredit, istərdə də depozit faizlərində dominant rol oynayırlar. 

Üçüncü  məsələ odur ki, depozit faizlərini qaldırdılar ki,  əksər banklarda 10 faiz civarındadır. Depozit faizləri qalxan kimi kredit faizləri də yüksəldi”. N.Cəfərli deyir ki, depozitlərin qalxması inflyasiyanın yüksək olması ilə əlaqədardır:

“Vətəndaş banklara maraq göstərmir və gedib valyuta alıb evində saxlayır. Bu da valyuta bazarına basqı yaradır. Yəni burada o qədər çox bir-birinə bağlı problem var ki, onların ardıcıl olaraq həllinə ehtiyac var. Yalnız banklarda, vətəndaşlarda, məhkəmələrdə günah olduğunu düşünmək, kökündən yalnışdır”. 

Избранный
4
1
cebheinfo.az

2Источники