Mövsümün açılması ilə bazarlarda müxtəlif növ balıqların satışına başlanılıb.
Lakin qiymətlərin kifayət qədər yüksək olması bir çox ailənin seçimlərini məhdudlaşdırır. Qida mütəxəsisləri bildirirlər ki, sağlam qidalanmada həftədə azı iki dəfə balıq yemək vacibdir. Bu dövrdə bazarda ən çox rast gəlinən “damba” balıqları diqqət çəkir, lakin alıcılar arasında bu balıqların keyfiyyəti, təhlükəsizliyi və insan orqanizminə faydalılığı ilə bağlı suallar yaranır.
Bu balıqları almağa dəyərmi?
Onların insan orqanizminə təsiri nə dərəcədə faydalıdır?
Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, məhsuldarlığı artırmaq üçün balıqlara xüsusi yemlər, dərmanlar və alqoritmlər tətbiq edilir:
“Canlılarda ən qidalı hesab olunan məhsullar çox vaxt baytarların müdaxiləsinin az olduğu qidalar olur. Halbuki həkimlər yalnız insanları müalicə edirsə, baytar həkimlər bütün canlıların sağlamlığı ilə məşğul olurlar. Araşdırmalara görə, tarix boyu insanlara keçən xəstəliklərin təxminən 75 faizi heyvanlardan keçib. Baytarların nəzarətində olan sahələrdə məhsuldarlığı artırmaq üçün xüsusi yemlər, dərmanlar və alqoritmlər tətbiq edilir.
Bu səbəbdən “damba” balıqlar həmin proseslərin təsirinə daha çox məruz qalır. Tövsiyə edirəm ki, imkan daxilində “damba” balıqlarına deyil, sərbəst, təbii mühitdə böyüyən balıqlara üstünlük verilsin. Bununla yanaşı, daim eyni növ balıq yemək deyil, müxtəlif növlərdən istifadə etmək məsləhət görülür. Həmçinin balığın yetişdiyi mühit də vacibdir, eyni yerdə yetişdirilən balıqlar əvəzinə, müxtəlif bölgələrdən gətirilən balıqlar seçilməlidir”.
Onun sözlərinə görə, balıq məhsulları satışa buraxılmamışdan əvvəl yoxlamalardan keçirilir:
“Balıq ilin bütün fəsillərində istehlak üçün faydalı qidadır. “Damba” balıqları da, sərbəst balıqlar da yeməlidir. Lakin sərbəst balıqlar üstün hesab olunsa da, onların da çirklənmiş sularda böyüməsi təhlükə yaradır. Belə hallarda həmin balıqlar damba balıqlarından daha zərərli ola bilər.
Məsələn, məlumatlara görə, Vyetnamdan çirklənmiş sulardan tutulan balıqlar gətirilir. Bu məlumat hələ dəqiq araşdırılmasa da, qeyd edilməlidir ki, bütün qidalar, o cümlədən balıqlar Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindən keçir və yalnız təhlükəsizlik standartlarına cavab verdikdən sonra bazara çıxarılır”.
E.Hüseynov qeyd edib ki, bir çox ölkələrdə balıq bazarlarının fəaliyyəti diqqətlə təşkil olunur:
“Azərbaycan dəniz sahili ölkədir, burada balıq bol və ucuz olmalıdır. Mən bir çox okean və dəniz sahili ölkələrdə olan zaman mütləq balıq bazarına gedirəm. Müxtəlif ölkələrdə - Fransada, Türkiyədə, Cənubi Afrikada balıq bazarları diqqətlə təşkil olunur.
Məsələn, Fransanın Arsel şəhərində balıq bazarı yalnız günorta 12:00-a qədər fəaliyyət göstərir, təzə tutulan balıqlar satışa çıxarılır, sonra bazar bağlanır və təmizlənir. Təəssüf ki, dəniz sahilində yerləşən Azərbaycanda Xəzər balığı bazarı yoxdur. Əgər vətəndaşlar balıq məhsulları ilə bağlı hər hansı problem və ya şübhəli hal görsələr, dərhal 1003 “qaynar xətt” vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyə edirəm”.