RU

Bakıda “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfrans keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində, həmçinin, Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illiyi ərəfəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Bakıda Heydər Əliyev Mərkəzində sentyabrın 22-də “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda dəyirmi masa formatında beynəlxalq konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, konfransda Uqanda, Laos, Tanzaniya, Keniyanın prokurorluq qurumlarının rəhbərləri və Türkiyə Baş Prokurorluğunun nümayəndələri, habelə  Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi və digər prokurorluq əməkdaşları iştirak edib.

Konfrandan əvvəl iştirakçılar Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Eyni zamanda, Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzülüb.

Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçılara müraciəti Baş prokuror Kamran Əliyev tərəfindən səsləndirilib. 

Daha sonra isə iştirakçılar Azərbaycanda prokurorluq orqanlarının yaranma tarixindən müasir dövrədək keçdiyi inkişaf mərhələlərini, ölkəmizdə qanunun aliliyinin təmin olunması və ədalətin bərqərar edilməsində oynadığı mühüm rolu əhatəli şəkildə əks etdirən, Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illiyinə həsr olunmuş videoçarxa baxıblar.

Konfransda çıxış edən Baş prokuror Kamran Əliyev Ermənistanın Azərbaycanın suveren ərazilərini işğal etməsi nəticəsində minlərlə insanın həlak olduğunu, mülkiyyətə, iqtisadiyyata, ətraf mühitə, tarix-mədəniyyət abidələrinə külli miqdarda ziyan dəydiyini iştirakçıların diqqətinə çatdırıb.

Baş prokuror, həmçinin xatırladıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi qələbə qazanıb. Bundan başqa, 2023-cü il sentyabrın 19-dan 20-dək Azərbaycanın separatçı Qarabağ bölgəsində əməliyyat aparan antiterror əməliyyatları zamanı, soyqırım — 30 ​​ilə yaxın işğal altında olan ərazilər azad edildi. Azərbaycanın suverenliyi tam bərpa olundu, Konstitusiya bütün ölkəyə şamil olundu.

Baş prokuror əlavə edib ki, suveren ərazilərimiz işğaldan azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. “Ağıllı” kənd və şəhərlər salındı, yeni iş yerləri, istehsalat, təhsil müəssisələri yaradıldı, o cümlədən Xankəndində Qarabağ Universitetinin əsası qoyuldu.

Xatırladılıb ki, Azərbaycan hətta işğal zamanı da sülh yolu ilə nizamlanmaya nail olmaq üçün səylər göstərib; BMT-nin Azərbaycan torpaqlarının işğalını tanıyan və onların qeyd-şərtsiz azad edilməsini tələb edən dörd qətnaməsinə baxmayaraq, Ermənistan işğal etdiyi torpaqları qaytarmayıb. "Azərbaycan həmişə olduğu kimi, sülhün tərəfdarı olaraq qalır. Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bunun bariz nümunəsidir. Bu sənəd iki dövlət arasında münasibətlərdə yeni səhifə olmaqla yanaşı, həm də Cənubi Qafqazda yenidən sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın davamlılığının təmin edilməsində tarixi dönüş nöqtəsidir”, - Baş prokuror vurğulayıb.

Bundan başqa, vurğulanıb ki, yeni geosiyasi reallıqlar fonunda Zəngəzur dəhlizinin açılması strateji əhəmiyyətli mövzu olaraq qalır. Bu layihə Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsini təmin edəcək, regionun nəqliyyat xəritəsini dəyişdirəcək, iqtisadi və siyasi inteqrasiyaya mühüm töhfə verəcək.

Избранный
4
operativmedia.az

1Источники