RU

Birinci Beynəlxalq İnvestisiya Forumu çərçivəsində növbəti panel sessiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal dəyişikliklər fonunda strateji qovşaqlar” mövzusunda panel sessiyası keçirilib.

Sessiyada dövlət rəsmiləri, dünyanın aparıcı beyin mərkəzlərinin ekspertləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

“Euronews” kanalının nümayəndəsi Tobi Qreqorinin moderatorluğu ilə keçirilən panel sessiyada rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın qlobal bazarlara çıxışı təmin edən mühüm tranzit qovşağı kimi əhəmiyyətindən bəhs edib. Həmçinin, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni əlaqə imkanlarının yaradılmasının regional sabitlik və inkişaf üçün vacibliyini vurğulayıb. Nazir bildirib ki, Şərqlə Qərb arasında nəqliyyat marşrutlarının şaxələndirilməsi strateji əhəmiyyət kəsb edir. Orta Dəhlizin tranzit imkanlarının şaxələndirilməsində mühüm rol oynadığı, Zəngəzur dəhlizinin isə onun əsas arteriyalarından biri kimi çıxış edəcəyi diqqətə çatdırılıb.

Sessiyada xarici işlər nazirinin müavini Fariz Rzayev, energetika nazirinin müavini Orxan Zeynalov, Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri Lu Mei, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays, LUISS Universitetinin Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Raffaele Marçetti, ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza və Braziliyanın Yeni İnkişaf Bankının sabiq prezidenti Markos Troyxo Cənubi Qafqaz və Mərkəzi Asiyanın qlobal dəyişikliklər fonunda strateji əhəmiyyəti, bu regionların artan potensialının beynəlxalq münasibətlərdə rolu, infrastruktur, enerji və nəqliyyat layihələrinin transregional inteqrasiyanı təşviq etməsi barədə fikirlərini bölüşüblər.

“Sülh və rifah naminə Transmilli Yol (TRIPP)” və “Cənubi Qafqaz və Mərkəzi Asiyanın qlobal ssenaridə rolu” adlı 2 hissədən ibarət olan sessiyada “Roubini Macro Associates” konsaltinq şirkətinin baş direktoru, məşhur iqtisadçı Nuriel Rubini çıxış edib. İqtisadçı makroiqtisadi sabitlik, doğru idarəetmə, maliyyə kapitalı və diversifikasiyanın iqtisadi inkişafda rolu, texnologiya ilə enerji arasında mövcud sinerji, ənənəvi və təmiz enerji mənbələrinin iqtisadi şaxələndirməyə təsirləri barədə fikirlərini bölüşüb. Bildirilib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya qlobal iqtisadiyyatın yeni multipolyar düzənində strateji rol oynayaraq, Avropa ilə Asiya arasında körpü funksiyasını yerinə yetirir. TRIPP təşəbbüsü isə yalnız iqtisadi inteqrasiyanı deyil, həm də regional sülh və rifahı gücləndirən mühüm vasitədir.

Избранный
4
2
vergiler.az

3Источники