RU

Məktəblər elektron jurnala keçdi – Dərsliklər də elektronlaşacaq?

Yeni tədris ilindən etibarən məktəblərdə elektron jurnala keçid nəzərdə tutulub. Bu müəyyən qədər müəllimlərin “yükünü” azaldacaq. Eləcə də, şagirdlərin məktəbli çantalarının həddindən ağır olması daim müzakirə olunan məsələlərdəndir. Bu baxımdan elektron dərslik sisteminə keçid də yaxın gələcəkdə Azərbaycanda baş tuta bilərmi? Elektron sistemlə şagirdlərin də yükünü yüngülləşdirmək mümkün olacaq?

 

Təhsil eksperti Elçin Əfəndi Manset.az-a açıqlamasında bildirib ki, bu il tətbiqinə start verilən “Elektron məktəb” çərçivəsində elektron dərsliklərin tətbiqi də gələcəkdə mümkün ola bilər.


“Nəzərinizə çatdırım ki, artıq paytaxt məktəblərində bu ildən etibarən “Elektron məktəb” layihəsinə keçid olundu. Düşünürük ki, layihə özünü tam doğrultduqdan sonra bu, ölkəmizdə fəaliyyət göstərən 4400-dən çox təhsil müəssisəsinin hər birini əhatə edəcək. Əlbəttə, burada başlıca məqsəd ondan ibarətdir ki, müəllimlərin əlavə olaraq kağız daşıyıcılar üzərində qeydlər aparması ilə bağlı vaxt itkisinin qarşısı alınsın və qiymətləndirilmə daha şəffaf və obyektiv olsun, bunu valideynlər də görə bilsin, eyni zamanda valideyn məktəb rəhbərliyinə daha əlçatan formada əlaqə qura bilsin. Bu baxımdan layihənin müsbət tərəfləri çoxdur. Bütün bunları düşündükdə yəqin ki, biz qarşıdakı dövrdə elektron dərsliklərdən də geniş istifadə edəcəyik. Qeyd etdiyiniz kimi, məktəbli çantaları olduqca ağırdır və bu da şagirdlərin fiziki sağlamlıqlarında problem yaradır. Məsələn, onlarda skolioz, onurğa sütununda başqa növ problemlərə səbəb ola bilir”.

Ekspert düşünür ki, hazırda geniş vüsət almış şagirdlərin onurğa problemlərinin qarşısını almağın yeganə yolu elektron dərslik sisteminə keçiddir. Bunun nəticəsində sadəcə bir planşetlə şagirdlərin bütün dərsliklərinin ağırlığı əvəzlənə bilər.

“Rəqəmsal platformalara keçid, rəqəmsal alətlərdən istifadə həm də kağız daşıyıcıların istehsalının da qarşısını alır. Bu isə ekoloji olaraq da daha üstündür. Bu, həm də ağacların qırılmasının da qarşısını müəyyən qədər ala bilər. Düşünürəm ki, bu kimi addımlar atmaq üçün əvvəlcə maddi-texniki təminat bazası tam hazırlanmalıdır daha sonra tətbiq olunmalıdır. Mənim fikrimcə, bu yanaşmanın çox az hallarda mənfi nəticələri ola bilər. Buna görə də dəyərləndirməyə dəyər”.

 

Fidan Vəlisoy 

Избранный
13
manset.az

1Источники