Dörd fəslin yaşandığı gözəl Türkiyə yalnız yay aylarında deyil, payız mövsümündə də unudulmaz mənzərələr və rəngarəng istirahət imkanları ilə seçilir...
Əksər insanların isti yay aylarında üz tutduğu məşhur guşələr payızda da bir o qədər cazibədar olur.Türkiyədə payızda ən gözəl istirahət edə biləcəyiniz məkanları sizə təqdim edirik.
Sözsüz Türkiyəyə gələn turistlər daha çox, ölkənin ən gəzməli şəhəri olan İstanbulu seçir. İstanbulda isə turistlərin ən çox grtdikləri məkanlardan biri Ağvadır. Şəhərin gurultusundan uzaqlaşmaq istəyənlərin tez-tez üz tutduğu bu bölgə yalnız dənizi ilə deyil, həm də bol yaşıllığı və tarixi abidələri ilə tanınır. Xüsusilə payızda Göksu çayının sahilində yaranan mənzərə mütləq görülməlidir. Burada səyahət edənlər Şilə qalasına baş çəkə, Ağva fənərində gün batımını izləyə, Ağlayan Qayanın qarşısında təbiətin gözəlliyinə tamaşa edə bilərlər. Həmçinin Kilimli marşrutu boyunca təbiət yürüşünə çıxmaq, Göksu çayında qayıq turuna qatılmaq və çay kənarındakı restoranlarda yerli yeməkləri dadmaq ziyarətçilərə unudulmaz anlar bəxş edir.
Turistlərin daha bir sevimli məkanı da Boludur. Bu şəhərdə yerləşən Yedigöller Milli Parkı isə payızın rənglərini ən yaxşı şəkildə əks etdirən təbiət möcüzələrindən biridir. Adından da göründüyü kimi, burada Böyük, Kiçik, Sərin, Dərin, Sazlı, Nazlı və İnce adlı yeddi göl mövcuddur. Bu gölləri əhatə edən sıx meşələr qırmızı, sarı və yaşılın saysız çalarları ilə nağılvari mənzərə yaradır. Burada qonaqlar göllər ətrafında yürüş edə, təbiətin qoynunda kamp qura, Kapankaya təpəsinə qalxaraq məşhur Pisagor ağacını və Gülən Qayaları görə bilərlər. Eyni zamanda maral yetişdirmə təsərrüfatını ziyarət etmək və Yığılca Saklıkent şəlaləsində foto çəkdirmək bölgənin ən sevilən fəaliyyətlərindəndir.
Payızda xüsusi gözəlliyə bürünən bölgələrdən biri də Kocaelidə yerləşən Maşukiyədir. “Maşukiyəyə payızda gələn aşiq olar” – deyimi buranı ən yaxşı təsvir edən ifadələrdən biridir. Sıx meşələr, gur şəlalələr, bulaqlar və kənd həyatının səmimiyyəti buranı daha da cazibədar edir. Burada qonaqlar Aygır dərəsində məşhur “kiremitdə alabalıq” yeməyini dadaraq bölgənin mətbəx zənginliyini kəşf edə, Sapanca gölündə kanoe və ya su velosipedi ilə səyahət edə bilərlər. Kuzu və Kirazlı yaylalarında dincəlmək, kənd yarmarkasından təzə məhsullar almaq, həmçinin Mələk suyu və Akpınar bulaqlarının buz kimi sularından içmək Maşukiyəni səyahətçilər üçün unudulmaz ünvan edir.
Türkiyənin ən məşhur turizm bölgələrindən biri olan Kapadokya isə həm yerli, həm də xarici turistlərin böyük maraq göstərdiyi məkanlardan biridir. Balon turları ilə dünyada tanınan bu bölgə əslində çox zəngin tarixi və mədəni irsə sahibdir. Tarix boyu saysız-hesabsız sivilizasiyalara ev sahibliyi edən Kapadokya, özünəməxsus təbii quruluşu ilə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib.
Burada Peribacaları və Göreme Milli Parkını kəşf etmək, Aşiq Vadisində gəzinti etmək, Uçhisar qalasına qalxaraq mənzərədən zövq almaq mümkündür. Eyni zamanda Ihlara vadisində yürüş etdikdən sonra çay kənarında bölgəyə məxsus yeməklərin dadına baxmaq, Zelve Ören Yeri və Paşabağ Rahiblər vadisində tarixi kilsələri ziyarət etmək, Ürgüpdəki 3 Gözəlləri və qədim qayalı məzarları görmək turistlərə unudulmaz təcrübələr yaşadır.
Rizenin Çamlıhemşin bölgəsi isə hər zaman dillərdə dolaşan məşhur Ayder yaylası ilə tanınır. Payız mövsümündə bu bölgə xüsusilə təbiət həvəskarlarının sevimli ünvanına çevrilir. Burada Gəlin Tülü şəlaləsi, Gito yaylası, Tunca vadisi təbiət parkı, Mikron körpüsü, Makrevis məhəlləsi və daha bir çox təbiət möcüzəsi ziyarətçiləri gözləyir. Qaçkar dağları və Milli Parkı, Pokut yaylası, Fırtına çayı üzərindəki Şenyuva körpüsü, Palovit şəlaləsi və Zil qalası isə bölgənin simvolik ünvanlarındandır. Çamlıhemşin payızın sərin havasında qonaqlarına həm sakitlik, həm də möhtəşəm mənzərələr bəxş edir.
Türkiyə payızda səyahət etmək istəyənlərə saysız-hesabsız seçim imkanı təqdim edir. İstanbula yaxın Ağva, rəngarəng Yedigöller, təbii gözəllikləri ilə Maşukiyə, tarixi ilə məşhur Kapadokya və dağları ilə seçilən Çamlıhemşin – bunlar qısa istirahət üçün seçiləcək ən gözəl ünvanlardan yalnız bir neçəsidir.
"Cebheinfo.az"