RU

"Qeyri-ciddi siyasətçi öz məsuliyyətini SSRİ-nin üzərinə atır" – Azad Məsiyev – ÖZƏL

Ermənistan Baş naziri Nikol Paşinyan 2019-cu ildə səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" ifadəsinə aydınlıq gətirib. O, bu bəyanatın "vətənpərvərlik naminə" edildiyini, lakin sovet dövründən formalaşmış və ərazi iddiaları üzərində qurulmuş bir modelin təsiri ilə söyləndiyini bildirib. Paşinyanın sözlərinə görə, bu model ölkənin müstəqil inkişafına mane olub. O, artıq sülhə yönəlmiş "yeni vətənpərvərlik modelini" qəbul etdiyini vurğulayıb.

"Paşinyan qeyri-ciddi bir siyasətçidir. O, dünən dediyi sözü bu gün inkar edə bilər. Ümumiyyətlə, Paşinyan nə sözünün, nə də imzasının arxasında dayanan bir siyasətçidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, 10 noyabr sazişində Paşinyanın, Rusiya Prezidentinin və Azərbaycan Prezidentinin imzası vardı, Paşinyan o dövrdə öhdəliklər götürmüşdü, lakin heç birini yerinə yetirmədi: "Paşinyan hakimiyyətə gələndə vətənpərvərlik şüarları ilə çıxış edirdi. Amma məqsədi erməni xalqının və dövlətinin maraqlarına xidmət etmək deyildi. O, ABŞ-nin maraqlarını həyata keçirirdi. Çünki Paşinyanı hakimiyyətə gətirən də məhz Qərb idi. ABŞ ona müəyyən tələblər və təlimatlar verir, Paşinyan isə onları icra edir. Məqsəd Cənubi Qafqazda Amerikanın maraqlarını təmin etmək, Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək idi".

Siyasi şərhçinin sözlərinə görə, Paşinyanın son açıqlamaları məsuliyyəti erməni xalqının üzərindən götürərək SSRİ dövrünə yönəltməyə xidmət edir: "O bildirir ki, guya bu gün Ermənistanın içində olduğu böhran sovet ideologiyasının nəticəsidir. Halbuki 1920-ci ildə Ermənistanın ərazisi 9 min kvadratkilometr idi. Sovet dövründən sonra isə Ermənistanın ərazisi 29 min kvadratkilometrə çatdı və bu, Azərbaycan torpaqları hesabına baş verdi. Əgər SSRİ dövründə qoyulan ideologiya Ermənistana fəlakət gətiribsə, onda həmin torpaqlar da Azərbaycana qaytarılmalıdır. Paşinyan sadəcə olaraq Ermənistanın bu günkü vəziyyətini erməni xalqının deyil, SSRİ-nin günahı kimi qələmə verir. Əgər Paşinyan reallığı dərk edirsə, Azərbaycanın ərazi iddialarından imtina etməli və Konstitusiyada dəyişiklik etməlidir. Amma o, bundan da siyasi məqsədlər üçün istifadə edir. Paşinyanın apardığı avantürist siyasət yalnız öz hakimiyyətini qorumağa yönəlib. 44 günlük Vətən müharibəsinə qədər onun məqsədi Ermənistan ərazilərini genişləndirmək, "Böyük Ermənistan" ideyasını reallaşdırmaq idi. Bu ideologiya hələ də Ermənistan cəmiyyətinin şüurundan tam çıxmayıb. Müharibədən sonra isə bölgədə yeni siyasi vəziyyət formalaşdı. Ermənistan böyük güclərin əlində alətə çevrildi".

"İndi Paşinyanı hakimiyyətə gətirən Qərb, xüsusilə ABŞ, öz maraqlarını həyata keçirmək üçün onu istifadə edir. Paşinyanın indiki siyasəti erməni xalqına yox, Qərbin maraqlarına xidmət edir. Azərbaycan isə 44 günlük müharibədən sonra bölgədə şərtləri müəyyənləşdirən dövlətə çevrilib. Ona görə də Paşinyan məcburdur ki, Azərbaycanın tələblərini yerinə yetirsin. Əks halda, yeni qarşıdurma Ermənistan üçün ağır nəticələr doğuracaq," - deyə ekspert əlavə edib.

A. Məsiyev əlavə edib ki, əgər Ermənistan Konstitusiyasında dəyişiklik etməsə və Azərbaycana qarşı ərazi iddialarını saxlayarsa, Azərbaycanın da tarixi torpaqlarını geri tələb etmək haqqı var. Çünki 1920-ci ildə Azərbaycanın ərazisi 114 min kvadratkilometr idi, ondan 20 min kvadratkilometri Ermənistana verildi. Zəngəzur və Göyçə mahalı Azərbaycanın tarixi torpaqlarıdır və Paşinyan bunu yaxşı bilir.

Siyasi şərhçi vurğulayıb ki, Paşinyan öz uğursuzluqlarını başqasının üzərinə atır. Əgər doğrudan da erməni xalqının maraqlarına uyğun siyasət aparsaydı, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün ərazi iddialarından imtina edərdi. Təəssüf ki, o, Konstitusiyada dəyişiklik məsələsini 2026-cı ildən sonrakı mərhələyə saxlayır. Paşinyan hakimiyyətdə qalarsa, bu məsələni yalnız növbəti parlament seçkilərindən sonra gündəmə gətirmək niyyətindədir. Bu isə onu göstərir ki, Paşinyan yenə də erməni xalqının deyil, öz şəxsi maraqlarını güdür. Ermənistanda "dənizdən dənizə böyük Ermənistan" ideologiyası hələ də cəmiyyətin beynində yaşayır. Bu ideologiyanın əsas qaynağı isə kilsədir. Çünki kilsə tarixən dövlət içində dövlət rolunu oynayıb, siyasi, iqtisadi və hətta hərbi gücə malik olub. Paşinyan kilsənin təsirini zəiflətməyə çalışsa da, açıq qarşıdurmaya girməyə cəsarət etmir. Çünki yaxşı bilir ki, bu mübarizədə uduzacaq. Ona görə də kilsə ilə münasibətləri uzunmüddətli müzakirə mövzusu kimi saxlayır.
Beləliklə, Paşinyan nə sözünün, nə də imzasının sahibi olan, qeyri-ciddi bir siyasi xadim kimi qalır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
11
olaylar.az

1Источники